21 Noyabr 2024 - 21
Bildiyimiz kimi Aşura böyük məktəbdir. Aşura məktəbində bizlər üçün böyük dərsliklər var. Bu dərsliklər ictimai, mənəvi və bütün hallarımızda bizlərə örnəkdir.
Aşura məktəbinin bizə verdiyi dərsliklərdən biri də insan gərək azğın nəfsə ("Həvayi nəfs") ilə daim mübarizə aparsın. Allahın razılığını hər şeydən üstün tuta. Biz Kərbəlaya, Aşuraya baxdıqda görürük ki, həqiqətən İmam Hüseyn və orada iştirak edənlər orada öz nəfsləri ilə necə mübarizə apardılar. Onlar bu yolda Allahın istəyini üstün tuttular və sonda Allaha təslim oldular.
Alimlər arasında İmam Hüseynin (ə) qatilinin kimliyi müzakirəyə qoyuldu. Bir qrup alimlər dedilər ki, İmam Hüseynin qatili Yeziddir. Dedilər yox. Yezid o zaman əyləşmişdi Şamda. Bu hadisə isə baş verdi İraqın Kərbəla səhrasında. İkinci qrup alimlər dedilər ki, yox İmam Hüseynin qatili İbn Ziyaddır. Dedilər yox hadisə baş verdiyi zaman da İbn Ziyadda Kufədə idi. Üçüncü qrup alimlər dedilər ki, yox İmam Hüseynin qatili Ömər Səd idi. Çünki o, Kərbəlada bütün qoşunun rəhbəri idi. Yenə alimlərdən cavab verdilər ki, xeyr. Söz yox ki, qoşunun rəhbəri Ömər Səd idi, amma o, əlini İmam Hüseynin qanına bulamadı. Yəni İmam Hüseynin başını Ömər Səd kəsmədi. Və sonda dedilər ki, İmam Hüseynin qatili Şimrdir. Çünki o murdar ayaqlarını İmam Hüseynin sinəsinə qoyaraq onun başını kəsdi. Buna görə də elə İmam Hüseynin qatili Şimrdir.
Amma ən maraqlısı budur ki, bir qrup alimlər bunların cavabında dedilər yox əsas qatil unudulub. Əsas qatil azğın nəfsdir. Çünki "həvayi-nəfs"dir ki, insanı azdırır və sonda dünya sevgisinə görə insanın hətta zəmanə imamının, Allahın yer üzərində höccətinin başını kəsməyə qədər gətirib çıxarır. Şimr dünya vəzifəsinə və dünyha malına görə bu işi gördü. Və yaxud qoşunun rəhbəri Ömər Səd ki, Şimrə o fərmanı vermişdi İmam Hüseynin ona dedi, Ömər Səd gəl bu işdən əl çək. Sən ki, məni tanıyırsan bir zamanlar həzrət Əlinin yanında çiyin-çiyinə vuruşmuşuq, indi nə oldu məni öldürməyi qərara aldın? Ömər Sədr dedi İbn Ziyad mənə Rey mülkünü vəd edib. İmam Hüseyn ona dedi sən bu yoldan dön mən sənin üçün cənnətdə bir bağ vəd edirəm. Yəni cənnət üçün sənə zaminəm. Ömər Səd dedi, yox, mən nəğdi qoyub nisyənin dalınca düşmərəm. Dünya malı onu aldatdı və sonda "həvayi-nəfs"inə uyub İmam Hüseynin qatillərindən oldu.
Elnur Xudaverdiyev