21 Noyabr 2024 - 21
Hər bir qiyam və ya inqilab 2 mərhələli olur:
1) Silahlı mübarizə, müqəddəs amallar uğrunda ölüb-öldürmək, candan keçmək.
2) İnqilabın hədəflərini, amallarını cəmiyyətə çatdırmaq.
Danışacağım qiyam Kərbəla qiyamı haqqdadır. Nəyə görə digər qiyamlar İmam Hüseynin (ə) qiyamı qədər yaddaşlara bu dərəcədə həkk olunmadı? Sözsüz ki, bu qiyamın heç zaman unudulmamasının əsas səbəbi - Allahın lütfüdür. Digər önəmli səbəb isə Xanım Zeynəb (ə) və İmam Səccad (ə) olmuşdur. Əli (ə) qızı Zeynəbin (ə) kəsərli təbliğatı səbəb oldu ki, Kərbəla hadisəsindən 1400 il keçməsinə baxmayaraq, həmin gün yaddaşlarda qalmaqdadır.
Bu təbliğata səbəb nə idi? Qiyam yetərincə hər şeyi açıqlamadımı? Cavab budur ki, Muaviyyə (lən) Əhli-beytin (ə) əleyhinə geniş təbliğatlar aparmışdır. Əgər İmam Hüseynin (ə) varisləri Bəni-Üməyyə hökumətinin cinayətlərini ifşa etməsəydi, bu hökümət İmam Hüseyn (ə) qiyamının mahiyyətini də təhrif edib onu xalqa tam əksinə çatdırardı. Necə ki, müsəlmanlara İmam Həsənin (ə) ciyər xəstəliyindən öldüyünü çatdırmışdılar.
Aşura günü əsr çağına qədər İmam Hüseyn (ə) fədakarlığını göstərdisə, əsr çağından sonra isə Xanım Zeynəb (ə) - yaşadığı zülm və işgəncələrə baxmayaraq - xalqın yalnış təsəvvürə düşməməsi üçün müqəddəs qiyamın mahiyyətinin təbliği ilə məşğul oldu. Xanım öz atəşli bəyanatları və çıxışları ilə bu qanlı qiyamın əsas hədəflərini xalqa çatdırdı və Bəni-Üməyyə hökümətinin hansı rüsvayçılığa əl atdıqlarını açıqladı.
Əsirlər karvanını Şam şəhərində görən avam camaat sevinc içində qürrələnərək, Yezidin (lən) qələbəsinə bayram edirdilər. Bu vaxt əsirlər Yezidin sarayına aparıldılar. Saraya hər kəs deyil, xüsusi seçilmiş qəbilə başçıları, valilər və xarici nümayəndələrin iştirakına icazə verilirdi. Buna görə də xanım Zeynəbin (ə) bu yığıncaqdakı çıxışları çox önəmli idi. Beləliklə, Yezid (lən) İmam Hüseynin (ə) kəsik başını gətizdirib ona hörmətsizliklər etməklə Peyğəmbərin (s) Əhli-Beytinə (ə) daha bir dağ vurmaq istəyirdi. Xanım Zeynəb (ə) Yezidin (lən) bu amansız hərəkətlərinin qarşısında susmayıb, şücaətli çıxışları ilə öz etirazını məclisdəkilərə bildirdi ki, Yezid heç də qalib deyil, əksinə onun tutduğu iş - cinayət, və Peyğəmbər xanədanına qarşı hörmətsizlikdir. Xanım (s. ə) Yezidə üz tutub belə buyurdu: "Ey Yezid! Elə hesab edirsən ki, bizə bu qədər zülüm verməklə, o şəhərdən bu şəhərə gəzdirməklə biz rüsvay olduq, sən isə hörmətli? Hakimiyyətini hədələyən təhlükənin sovuşduğunu görüb sevinirsən? Amma bundan qafilsən ki, sənə verilən bu fürsət kimliyini və iç üzünü göstərməkdən ötrüdür. Məgər Allahın bu sözünü unutmusan ki, buyurub: "Kafirlər elə güman edirlər ki, onlara verdiyimiz möhlət onlar üçün xeyirlidir. Biz onlara möhlət veririk ki, günah yüklərini artırsınlar, sonra acınacaqlı bir əzaba düçar olsunlar""".
Xanım Zeynəbin (ə) bu kimi bəlağətli çıxışları səbəb oldu ki, Kərbəla həqiqətləri təhrif olunmasın və yaddaşlardan silinməsin.
Huriyyet