23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura məktəbi barədə təməl anlayışlar
22.05.2018

Məktəbin banisi

Aşura məktəbinin banisi həzrət Hüseyn (ə) 626-cı ildə Ərəbistanın Mədinə şəhərində dünyaya göz açdı. Babası həzrət Məhəmməd peyğəmbər (s), atası İmam Əli (ə), anası isə xanım Fatimeyi-Zəhra (ə) olan Hüseyn (ə), Əhli-beyt (ə) ailəsində böyüyüb, boya-başa çatdı, 632-ci ildə öncə babasını, sonra isə anasını, 661-ci ildə isə atasını əldən verdi və nəhayət, 670-ci ildə qardaşı İmam Həsənin (ə) zəhərlə şəhid edilməsindən sonra ümmətin rəhbərliyini öhdəsinə götürdü.

Müaviyənin hakimiyyəti dövründə İmam Həsənin (ə) onunla bağladığı sülh müqaviləsinin şərtlərinə sadiq qalan həzrət Hüseyn (ə), 680-ci ildə onun ölümündən və oğlu Yezidin xilafətə keçməsindən sonra özünün tarixi qiyamına başladı və elə həmin ildə Kərbəla çölündə şəhid edildi.


Məktəb necə yarandı?

Aşura qiyamına qədər İslam dünyasına belə bir təfəkkür tərzi hakim idi: Müsəlman xəlifəyə itaət göstərmək vacibdir, ona qarşı çıxmaq böyük günahlardan sayılır.

Məhəmməd peyğəmbər (s) yaşadığı 63 il ərzində daim zülmə və haqsızlığa qarşı mübarizə aparıb. Lakin onun tərəf-müqabilləri Məkkə müşrikləri, Əbu Süfyanlar və Əbu Cəhllər olub. İmam Əli (ə) sükut etdiyi 24 ildə haqqını qəsb edən müsəlman xəlifələrə qarşı qiyam etməyib. İmam Həsən (ə) də Müaviyənin hakimiyyəti dövründə onunla sülh bağlamalı olub. Lakin, Yezid xilafət taxtına oturduqdan sonra İmam Hüseynin (ə) ona qarşı fikri belə oldu: "Müsəlman ümmətinə Yezid kimi birisi rəhbərlik edirsə, onda İslamın fatihəsi oxunmalıdır".

Sözsüz ki, burada əsas amil Yezidin digər xəlifələrdən fərqliliyi və İmam Hüseynçün (ə) yaranan şəraitin yeniliyidir. Amma hər halda, bu imam özünün qiyamıyla sözügedən təfəkkürü batil etdi, ən azı şiə dünyasında kimliyindən asılı olmayaraq, bütün zalımlara qarşı yenilməz mübarizə məktəbinin əsasını qoydu. O, öz qiyamı və nəticədə şəhidliyilə inqilab, mübarizə və ədalət simvoluna çevrildi, Allah yolundakı ölümün səadət, zalımları təsdiq etməyinsə rəzillik olduğunu isbatladı. O sübut etdi ki, yaxşılıqlara dəvət etməyən və pisliklərdən çəkindirməyən bir möminin, hər hansı bir cəmiyyətdə olmasıyla olmaması arasında heç bir fərq yoxdur.


Məktəbin özəllikləri

●İman, təqva və ilahi məsuliyyət hissinə əsaslanır.
●Hidayət (yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək) edəndir.
●Zülmə qarşı barışmaz mövqedədir. Zalım və məzlumun müsəlman və ya kafir olmasının isə fərqi yoxdur.
●Müsəlmanların problemlərinə qarşı biganəlik göstərmir, onların köməyinə tələsir.
●Allah yolunda heç nədən qorxmur, məzəmmətlərdən çəkinmir.
●Dində olan bidət və xurafatlara qarşı, habelə din adından sui-istifadələrlə mübarizə aparır.
●Şəhidliyə olan şövqü hədsizdir.
●Qan qılınca qalibdir. Odur ki, bu məktəbdə ölən də, öldürən də qəhrəmandır.


Üçrəngli Aşura

Aşura faciəsi çox ağır və kədərli faciədir. Hətta südəmər körpələrə belə rəhm olunmayan bu hadisəni eşidəndə, insanın ürəyi qəmlə, qüssəylə dolmaya bilmir. Kəsilmiş başların əzizləri qarşısında, ailə-uşaqlarının gözü qabağında nizələrə taxılması, cansız cəsədlərin çapılıb-talanması, susuz uşaqların qamçı zərbələrilə "sakitləşdirilməsi", qız və gəlinlərin əsir halında şəhər-şəhər gəzdirilməsi və s., uyğun məktəbin qara rəngini təşkil edən məlum cinayətlərdən yalnız nümunələrdir.

Lakin bu, məsələnin bir tərəfidir. Kərbəla çölünün Aşura qonaqlarına digər aspektdən nəzər saldıqda və hadisənin ikinci səhifəsini vərəqlədikdə, onlarda olan güclü mənəvi və irfani hisslərin, Allahın iradəsi qarşısında təslimçiliklərinin şahidi oluruq. Bu səhifə eşq və məhəbbət vadisidir. Burada, son anları yaxınlaşdıqca daha da ruhlanan, üzündə fərəh əlamətləri sezilən hər bir şəhid, öz məşuqu qarşısında son imtahanını verir. Bu, Aşuranın yaşıl rəngidir.
Nəhayət, qırmızı rəng: mübarizə, qəhrəmanlıq və azadlıq rəmzi. Kərbəla çölünün bu qonaqları dini və ictimai məsuliyyətini dərk edən, cəmiyyətdəki neqativ hallara qarşı etiraz səsini ucaldan mübariz insan toplumudur. Bu insanlar birinci səhifədə nə qədər məzlum və ikinci səhifədə nə qədər aşiqdirlərsə, üçüncü səhifədə də bir o qədər mübariz, qətiyyətli və barışmazdırlar. Aşura məktəbi nə qədər qanlı-qadalı, nə qədər aşiqanədirsə, bir o qədər də sərt və zalım qarşısında əyilməzdir.