21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Qurani-Kərimdə əzadarlığa işarə edən nümunələr
31.05.2018

Biz Qurani-Kərimdə əzadarlıq haqqında birbaşa ifadəni görməsək də, Quranın işarə etdiyi tarixi hadisələr var ki, bizə əzadar bir şəxsdən söhbət getdiyini göstərir. Və Quranın bunu bəyəndiyini görürük. Buradan aydın olur ki, yəni əzadarlıq və əzadar olmaq Quranın baxışında pis bir məfhum deyil. Amma hədislərimizə gəldikdə biz birbaşa əzadarlıq haqqında, əzadar şəxsin hansı formada olmağı haqqında və kimlər üçün əza saxlamağın, qəmli olmağın nə qədər dəyərli olduğu haqqında çox hədislər görürük. Əgər istəsək ki, əzadarlığa ayələrimizdən işarə edək, həzrət Yaqub peyğəmbərin oğlu Yusifi itirməsində və eyni zamanda oğlu Yusifi öldü bilməsində həzrət neçə illər ağlayır. Yəni qəm, kədər içində olur. Hətta yeməkdən çəkilir, öz ailəsindən uzaqlaşır. Bu kimi hərəkətlər əzadar şəxsin hərəkətidir. Həzrət dəfələrlə dağlara çəkilir və ağlayır. Və Qurani-Kərim bizlərə göstərir ki, həzrət Yaqubun ağlamaqdan göz yaşları quruyur və nəticədə gözləri tutulur. Yəni Quranın baxışında əzadar olmaq bu deməkdir. Quran bizə həzrət Yaqubu nümunə olaraq göstərir. Əgər əzadar olmaq pis bir iş olsaydı Quran bizə həzrət Yaqubu nümunə göstərməzdi.

Bundan əlavə bizim əzadar olmağımız, yəni öz sevdiyin, öz məhəbbət etdiyin şəxsi əlindən vermək və onun qəmində, kədərində ağlamaq deməkdir. Biz Quranda görürük ki, Əhli-Beyt və Əhli-Beytin bir üzvü olan İmam Hüseyn (ə) bizlərə peyğəmbərin əmr etdiyi bir şəxsdir ki, gərək onu sevək. Necə ki, mübarək Quranda oxuyuruq həzrət Peyğəmbər neçə illik zəhmətinin müqabilində bizdən nə istədi? Öz yaxınlarına məvəddət istədi. Bizim İmam Hüseynə (ə) olan sevgimiz boynumuzun borcudur və biz gərək bu sevgini göstərək. Biz İmam Hüseynin Kərbəla hadisəsində, onunla birlikdə olan Əhli-Beyti (ə) və orada olan başqa Əhli-Beyt sevərlərin şəhadətini Peyğəmbərin qarşısında olan bir borcumuz kimi göstəririk. Və öz sevdiyimizi itirdiyimiz kimi qəmlənirik və kədərlənirik.

Qurban Murquzov