21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Təhriflər qarşısında alimlərin vəzifəsi
01.06.2018

Təhriflər qarşısında ilahiyyat alimlərinin, ruhanilərin vəzifəsi və borcu budur ki, həqiqəti gizlətmədən xalqa çatdırsınlar (hətta həqiqəti eşitmək çoxlarının xoşuna gəlməsə də). Alimlərin vəzifəsi təhrifləri rədd etmək, təhrifçilərin ağzını yummaqdır.

Alimlərin vəzifəsi budur ki, bir rəvayətin düzgün olub-olmadığını diqqətlə araşdırmadan danışmasınlar, qeyri-mötəbər kitablara, yalançı müəlliflərə müraciət etməsinlər. Kitab müəlliflərinin şöhrəti gərək insanı çaşdırmasın. Bəzən böyük şöhrətə malik savadlı alimlərin kitablarında da təhrifçilik müşahidə olunur (Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" və Fazil Dərbəndinin "Əsrarüş-şəhadət" kitabları kimi).

Çox vaxt məscidlərdə, yaxud evlərdə qurulan təziyə məclislərində əsas məqsəd - bacardıqca çox adamı məclisə dəvət etmək olur. Təziyə məclisi təşkil edən şəxsin məramı izdiham toplamaq olmamalıdır. Məgər təziyə məclisi küçə yürüşü, nümayişdirmi ki, orada izdihamın olması şərt sayılsın? Məclis sahibi moizə edən alimin qarşısında tələb qoymamalıdır ki, çox adam toplasın və mərsiyə vasitəsilə camaatı qızışdırıb "cuşa gətirsin". Əks təqdirdə məclisi aparan şəxs camaatın diqqətini cəlb etmək, onları riqqətə gətirib ağlatmaq, zəncir və sinə səslərini daha da ucaltmaq üçün təhriflərə əl atmağa məcbur olacaq, həqiqətə uyğun olmayan nağıl və əfsanə şəkilli xurafat danışacaq ki, camaat daha şiddətlə ağlasın, başqa sözlə desək, "məclis camaatı tutsun".

Aşura qiyamından danışan və yazan adamların ilkin vəzifəsi - həqiqəti çatdırmaq olmalıdır. Onu dinləyicilərin hıçqırığı, nərəsi, qışqırığı düşündürməməlidir. Zahiri effektlərin köməyi ilə hönkürüb ağlamaqdansa, aşura faciəsinin fəlsəfəsini dərindən duyub səssizcə bir damcı göz yaşı axıtmaq daha üstündür. Təziyənin əsil missiyası "çox ağlatmaq" deyil, "çox anlatmaq"dır.

Mürtəza Mütəhhəri