21 Noyabr 2024 - 21
LƏFZİ TƏHRİFLƏR
Yuxarıda göstərilən səbəblər üzündən aşura qiyamının bə"zi detalları, həmin gün baş vermiş hadisələrin təsviri təhrifə uğramışdır. Ləfzi təhriflər (söz təhrifləri) qrupuna aid olan həmin təhriflərdən bir neçəsi aşağıda qeyd edilir:
1. Fazil Dərbəndinin qələmindən çıxmış "Əsrarüş-şəhadət" kimi kitablarda iddia edilir ki, guya Kərbəlaya yığışmış yezidçilərin ümumi sayı 1 milyon 600 min nəfər imiş. Tarixdən mə"lumdur ki, İmam Hüseynlə (ə) vuruşmaq üçün təşkil edilmiş qoşunun əksər hissəsi Kufə şəhərinin yerli əhalisindən yığılmışdı. O zamankı Kufədə əli qılınc tutanların sayı 100 min nəfərdən artıq olmazdı. Demək, milyon nəfərlik qoşun məsələsi tamamilə uydurmadır.
2. Bə"zi kitablarda yazılıb ki, guya İmam Hüseyn (ə) aşura günündə 300 min nəfər düşməni həlak edibmiş.Əgər hər adamı öldürməyə cəmi bircə saniyə vaxt sərf olunduğunu qəbul etsək belə (bu, ağlasığmaz və qeyri-mümkün olsa da), yenə 300 min nəfəri öldürmək üçün İmam 83 saatdan artıq vuruşmalı idi. əgər yalnız İmamın qılınc çalmasına bu qədər vaxt sərf olunmuşsa, bəs, o həzrət nə zaman öz ailəsi ilə görüşmüş, xütbələr söyləmişdir? Nəhayət, başqa şəhidlərin döyüşməsinə sərf olunmuş vaxtı harada "axtarmalıyıq"? Bir də ki, tənha adamın təkbaşına 300 min nəfəri öldürə bilməsi həqiqətdən uzaq deyilmi? (Nəzərə alın ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdıqda üst-üstə iki şəhərdə həlak olanların sayı 300 minə çatmamışdı!)
3. Aşura qiyamından bəhs edən növhə və mərsiyələrdə İmam Hüseyn (ə) və ailə üzvlərinin necə cah-cəlal və təm-təraqla Mədinəni tərk etməsi təsvir olunur. Halbuki, İmam Hüseynin (ə) öz sözləri bu fikri rədd edir. Mə"lumdur ki, Mədinədən çıxarkən İmam Hüseyn (ə) Qur"andan Musa peyğəmbərin (ə) Misri tərk etməsi barədə bu ayəni oxumuşdur: "O, qorxu və nigaranlıq içində çıxdı və dedi: "Yarəbb, mənə zalım camaatın əlindən nicat ver!" ("Qəsəs" surəsi, 21-ci ayə). İmamın sözlərindən göründüyü kimi, o, Mədinəni cah-cəlal və aramlıqla deyil, nigaranlıq və narahatlıq içində tərk etmişdir.
4. Mərsiyələrdə aşura hadisəsinin ayrılmaz tərkib hissəsi kimi təqdim edilən Ümmi-Leyla ilə bağlı hadisələr də uydurmadır. Məsələ bundadır ki, əli əkbərin anası Leyla heç Kərbəlaya gəlməmişdi. Onun öz oğluna zinət verib döyüş meydanına yola salması, şəhadətinə ağlaması, kəsik başını Dəməşqə kimi müşayiət etməsi və s. rəvayətlər də tarixə sonradan artırılmışdır.
5. Bə"zi kitablarda şəxsiyyəti mə"lum olmayan adamların Kərbəla faciəsində iştirak etdiyi (istər İmam Hüseynin (ə), istərsə də yezidçilərin tərəfində) iddia olunmuşdur. Məsələn, deyilir ki, guya Haşim ibn Ütbə Mirqal adlı bir nəfər 18 dirsək (təqribən, 9 metr) uzunluğunda nizə ilə döyüşə girib, yezidçilərdən xeyli əsgər öldürmüşdür. Halbuki adı çəkilən şəxs İmam əlinin (ə) səhabələrindən idi və aşura qiyamından 20 il əvvəl şəhid olmuşdu!
6. İmam Hüseynin (ə) aşura gecəsində öz qızını Qasimə ərə verdiyi barədə rəvayətlər də 15-ci əsrdə "ixtira" edilmişdir. Bundan qabaq qələmə alınmış mö"təbər tarix kitablarında bu barədə heç bir mə"lumat yoxdur. Qasimin həmin vaxt yaşı 14-dən artıq deyildi. Aşura hadisəsini təsvir edən səhih mənbələrdə yazılıb ki, Qasim kiçik olduğundan, döyüş meydanına çıxarkən əyninə geyməyə zireh, başına qoymağa dəbilqə tapılmayıbmış. Hələ həddi-büluğa yetməmiş bir şəxsin evlənməsi nə dərəcədə həqiqətə uyğundur? Narahatlıq və susuzluq içində qalmış, ölümə hazırlaşan bir dəstənin toy şənliyi təşkil edib, toy çadırı qurması gülünc deyilmi?
Belə təhriflərin siyahısını istənilən qədər uzatmaq olar. Məşhur alimlərdən birinin dediyi kimi, İmam Hüseynə (ə) ağlamaq lazımdır; amma əsas buna görə yox ki, onu zülmlə şəhadətə yetiriblər. İmam Hüseynə (ə) ona görə ağlamaq lazımdır ki, şəhadətindən sonra onun şəxsiyyətini və başına gələn hadisələri dəyişdirərək, tanınmaz şəklə salmışlar. İmam Hüseynin (ə) uca şəxsiyyəti bəlkə də yezidçilərdən daha çox, avam camaatın əlindən zərər görmüşdür.
MƏNƏVİ TƏHRİFLƏR
Aşura hərəkatına qarşı ünvanlanmış mə"nəvi təhriflərdən biri bundan ibarətdir ki, çoxları belə düşünür: "İmam Hüseyn (ə) ona görə canını qurban etdi ki, günahkar müsəlmanların günahını yusun. İmam Hüseyn (ə) bu ümmətin etdiyi və edəcəyi günahlar qarşısında öz canını kəffarə kimi verdi".
Bu düşüncə tərzi xristianlığa xasdır. Xristianlar deyirlər ki, İsa Məsih (ə) camaatın günahını bağışlatmaq üçün çarmıxa getdi. Xristianlar qiyamətə kimi nə qədər günah törətsələr də özlərinə təsəlli verirlər ki, hamısı İsanın (ə) çəkdiyi əzablar xatirinə bağışlanacaq.
Belə fikirlər İslama yabançıdır. İslam dinində hər kəs əməllərinə görə özü cavabdehdir. əgər yuxarıdakı müddəaya inansaq, belə çıxır ki, insanların dini rəhbərlik yükünü çiyinlərində daşıyan imam günahın, fitnə-fəsadın, məs"uliyyətsizliyin, arxayınçılığın artmasına şərait yaratmışdır?! Demək, Yezidə qarşı qiyam qaldırmış Hüseyn (ə) əslində yezidlərin çoxalmasına xidmət edirmiş?! Mö"min insan belə fikirlərdən uzaq olmalıdır. Çünki belə fikirlər müqəddəs Kərbəla qiyamının xatirəsini yaşatmağa deyil, zehnlərdən silməyə doğru yönəlib.
Növbəti mə"nəvi təhriflərdən biri budur ki, guya İmam Hüseyn (ə) qətiyyən şəhid olmaq istəmirdi, düşmənlər onun yalvarışlarını, xahişlərini rədd etdilər və İmam qaçmağa yol tapmayıb şəhid oldu. Bu fikrə inananlar təklif edirlər ki, İmam Hüseynin (ə) müsibətinə ağlayıb-sıtqamaq lazımdır. Çünki İmam özü də istəmədən mühasirəyə alınıb şəhid edildi, əgər onun yolu açıq olsaydı, mütləq qaçıb canını salamat saxlayardı.
Əslində isə İmam Hüseyn (ə) hər şeyi, o cümlədən şəhadəti göz önünə alıb qiyama qalxmışdı. O, cismani ölümdən qorxmurdu, çünki mə"nəvi qələbə onunla idi. İmam Hüseynin (ə) taleyi təəssüfə deyil, iftixara layiqdir. Kərbəla səhrasında əsil uduzan Hüseyn (ə) deyil, Yezid və tərəfdarları oldu.
İmam Hüseyn (ə) və silahdaşları yezidçilərdən qorxmurdular, döyüş meydanına bir-bir, bə"zən hətta zirehsiz, dəbilqəsiz və atsız çıxırdılar. Amma yezidçilər onların təkbətək döyüş təklifini də qəbul etməyə qorxur, hər tərəfdən hücuma keçib tənha cəngavəri həlak edirdilər.
Kərbəlada İmam Hüseynin (ə) əsgərlərindən biri də xəyanət edib əks tərəfə keçmədi, amma yezidçilərdən 30 nəfər (o cümlədən, minbaşı Hürr) peşman olub İmama qoşuldu.
Yezid qoşunu İmam Hüseynin (ə) nəinki qılıncından, hətta səsindən də qorxurdu. İmam son xütbəsini söylərkən Ömər ibn Sə"d əmr etdi ki, qoşun haray salıb İmamın səsini batırsın. Çünki qorxurdu ki, İmamın sözləri əsgərlərə tə"sir edib onların gözünü açar.
Bütün bunlar sübut edir ki, aşura gününün əsil qalibi Yezid deyil, İmam Hüseyn (ə) idi. Buna görə İmam Hüseynə (ə) acımaq deyil, onunla fəxr etmək və ondan öyrənmək lazımdır. İmamlarımız buna görə Kərbəla qiyamını yaddaşlarda yaşatmağa çalışırdılar. Məqsəd - İmam Hüseynin (ə) təhriflərə uğramamış, dəyişdirilməmiş əsil simasını yaşatmaqdır.
Ardı var..
islam.az - Natiq Rəhimov