23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynə (ə) mərsiyə tarixi Əhli-Sünnə mənbələrində
16.06.2018

Qədim şiə mənbələrindən əlavə bir çox əhli-sünnə kitablarında İmam Hüseynin (ə) Kərbəla müsibətindən danışılmış, bu barədə yazılan və deyilən mərsiyə və şerlər barədə məlumat verilmişdir ki, aşağıda bunlardan bir neçəsinə işarə edəcəyik:

1). Hicri-Qəməri tarixi ilə 3-4-cü əsrlərdə yaşamış əhli-sünnə alimi, ravi və şair Əbulfərəc Əli ibn Hüseyn İsfahani (284-362 hq) özünün "əl-Əğani" (təranə, nəğmə, avazla oxunan hər şey) adlı əsərinin müxtəlif yerlərində İmam Hüseyn (ə) barədə yazılan mərsiyələrə və bu mərsiyələrin müsibət məclislərində oxunmasına və İmam Hüseynin (ə) qatillərinin lənətlənməsinə işarə etmişdir. (Bax: c.1, 16, s.362; c.17, s.188, 302 və 446.)

Əbulfərəc İsfəhani "Həzrət İmam Hüseynin (ə) xəbərləri" adı ilə açdığı fəsldə (c.16, s.359) Xanım Rübab İmruul-Qeys qızının Kərbəla şəhidlərinə mərsiyə deməsi barədə yazır: "... Əmim mənə xəbər verdi Əl-Kənanidən, o da Qənəb ibn Mühriz Bahilidən, o da Məhəmməd ibn Həkəmdən, o da Əvanədən ki, Səkinənin anası Rübab bint İmruul-Qeys əri şəhid edildikdən sonra belə mərsiyə deyərdi:

إنَّ الَّذي كانَ نوراً يُستَضاءُ بِهِ - بِكَربَلاءَ قَتيلٌ غَيرُ مَدفونِ

سِبطُ النَّبِيِّ جَزاكَ اللّهُ صالِحَةً - عَنّا وَجُنِّبتَ خُسرانَ المَوازينِ

قَد كُنتَ لي جَبَلاً صَعباً ألوذُ بِهِ - وكُنتَ تَصحَبُنا بِالرَّحمِ وَالدّينِ

مَن لِليَتامى ومَن لِلسّائِلينَ ومَن - يُغني ويَأوي إلَيهِ كُلُّ مِسكينِ

وَاللّهِ لا أبتَغي صِهراً بِصِهرِكُمُ - حَتّى اُغيَّبَ بَينَ الرَّملِ وَالطّينِ

Tərcüməsi:

O şəxs ki, nur idi və insanlar onun nurundan faydalanırdılar Kərbəlada öldürüldü və dəfn edilmədi

Ey Peyğəmbərin (s) nəvəsi, Allah bizim tərəfimizdən sənə yaxşı mükafat versin

Və səni əməl tərəzisinin ziyanlarından uzaq etsin

Sən həqiqətən də mənim üçün möhkəm bir dağ idin ki, sənə sığınırdım

Sən bizimlə mehribanlıq və dindarlıqla rəftar və yoldaşlıq edərdin

Bundan sonra yetimlərin dadına kim çatsın, yoxsulların harayına

Bundan sonra kim ehtiyacsızlıq qapısı olsun və yoxsullar ona güvənsin

And olsun Allah ki, səndən sonra özümə ər seçmərəm

Qumlar və torpaqlar altında dəfn olunan günədək

2). Hicri-Qəməri tarixi ilə altıncı əsrdə yaşamış məşhur əhli-sünnə alimi, ədib, şair, müfəssir, mühəddis və tarixçi Əbulfərəc Cəmaluddin ibn Əbdürrəhman ibn Əli ibn Məhəmməd ibn Əli ibn Übeydullah ibn Cövzi Qərşi Təymi Bəkrinin (508-597 hq) Rəbiə adlı qızından olan nəvəsi Şəmsüddin Əbulmüzəffər Yusif ibn Qızoğlu ibn Abdullah Bağdadi (581-654 hq) ki, Əbul-Fərəc ibn Cövzinin qız nəvəsi olduğu üçün "Sibt ibn Cövzi" adı ilə məşhurdur, Əhli-Beyt (ə) imamların tərcümeyi-halı barədə yazdığı "Təzkirətul-Xəvas" adlı əsərində yazır: "İmam Hüseynin (ə) xanımı Rübab bint İmriil-Qeys kəsilmiş başı qucağına alıb öpdü və dedi:

وا حُسَينا فَلا نَسيتُ حُسَينا - أقصَدَتهُ أسِنَّةُ الأَعداءِ
غادَروهُ بِكَربلاءَ صَريعاً - لا سَقَى اللّهُ جانِبَي كَربَلاءِ

Hüseynin (ə) müsibətində bizə vay olsun

Unutmaram Hüseynin (ə) o halını ki,

Düşmənlərin oxları onu hədəfə aldılar

Onu Kərbəlada yerə salıb tərk etdilər

Allah Kərbəlanın iki tərəfini sirab etməsin

Qeyd: Yazırlar ki, Aşura günü Hələb camaatı Sibt ibn Cövzidən minbərə çıxıb İmam Hüseyn (ə) barədə danışmasını istədilər. O minbərə çıxdı, amma ağlamağın şiddətindən danışa bilmədi və təkcə bir parça müsibət şeri oxuyaraq minbərdən endi. (Dadaşnəjad, "Simaye 12 imam dər mirase məktube əhli-sünnət", c.1, s.160-164).

Mirməhəmməd Bəşir