21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin özünü aşiqlərə bənzətmək istəyənlərin səfəridir
21.06.2018

1. Özünüz və peşəniz barədə məlumat verin.

Əliyev Tural. Uzun müddət jurrnalist fəaliyyəti ilə məşğul olmuşam. Hazırda da media ilə əməkdaşlıq edirəm.

2. İllərdir dayandırmadan mütəmadi bu karvana qoşulursunuz. Sizi ora çəkən qüvvə nədir? Nə olsa bu davamlılıq zənciri qırıla bilər?

Məsum (ə) ziyarətində elə bir cazibə var ki, bura bir dəfə gedən yenidən getmək, görmək istəyir. Ruhun xoşbəxt olduğu məkanlardı. Ərbəin səfəri və səfərin sonunda İmam Hüseyni ziyarət etmək isə deyərdim ki, yer üzündə Allahın bəndələri üçün cənnətidir. Burda gözəllikdən başqa heç nə görmək olmur. Əlbəttə ki, gözəl görməyi bacaranlar üçün. Bu səfərin öz ədəbi var, öz mərifəti var. Öz xüsusi cazibəsi var. Onu dadan, o ləzzəti duyan yenidən bu cənnətə getmək istəyir. Cənnətdən kim ayrı qalmaq istəyər ki? Düşünmürəm ki, bu ləzzəti duyan birisi sonradan əl çəkə bilsin. Bir növ bağımlılıq yaradır. Asılılıq yaradır. Orda insanların cəm şəkildə Hüseyn (ə) eşqinə toplandıqlarını görəndə insan tam ayrı hisslər yaşayır. Ümumiyyətlə orda keçən heç bir dəqiqənin əvəzini başqa yerlə əvəz etmək olmaz. Misilsizdir.

3. Bir jurnalist kimi Ərbəinin hansı tərəfini daha qabarıq formada yaymaq və dünyaya çatdırmaq istərdin?

Ərbəin səfəri insan ruhunun ehtiyac duyduğu mənəvi enerji yüklü səfərdir. Eşq səfəri adlandırmaqları əbəs yerə deyil. 40-50 dərəcə istidə piyada yol qət etməyə insanı eşqdən başqa nə vadar edə bilər ki?! Heç bir maddi mənfəət olmadığı halda əlbətdə İmama olan sevgidən yaranan bu səfəri elə öz adı ilə tanıtdırmaq lazımdı. Hər bir insanın, hətta zalımın belə qəlbində eşq axtarışı var. Lakin dünyaya olan sevgi bizi aldatdığından bütün dünyaya həqiqi eşqi tanıtdırmaq, daddırmaq lazımdır. Bu mənəviyyat dolu dünya deməkdir.

4. Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu?

Öncə də qeyd etdiyim kimi, bu səfər aşiqlərin səfəridir, özlərini aşiqlərə bənzətmək istəyənlərin səfəridir. Bu eşqin ən zirvəsi həzrətin Kərbəlada məşuquna fədakarlığı idi. Bu səfər simvoliklikdən uzaq, səmimiliyin tam özüdür.

5. Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr, bu hansı cümlə olar.

Ərbəin səfərini 1 sözlə ifadə etməli olsaq fədakarlıq olsun deyərdim. Hüseyn (ə) aşiqlərinin fədakarlığı. Bütün dünyanı cəlb edən də bu fədakarlıqdı. Zəvvarların bir birinə fədakarlığı, yerli əhalinin zəvvarlara fədakarlığı. Aşiqlərin fədakarlığı.