21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla məktəbinin 6 dərsi - I hissə
24.11.2017

Bismilləhir-Rahmənir-Rahim!
Salam olsun Hüseyncana (ə)! Salam olsun Əba Əbdillaha (ə)! Salam olsun susuz körpələrə!
Məhərrəm ayı astanasındayıq. Bu əyyama qəflətdən oyanmış halda, əyyamın içində ehtiva olunan dəyərləri dərk edən halda daxil olmalıyıq. Məhərrəm-səfər əyyamının xeyli böyük dəyər yüklü mövzuları var ki, onlardan biri də tövbə fenomendir. Bu tövbə fenomeninin misdaqları arasında, peşman olmuş cənab Hürrün tövbəsi özünəməxsus yer tutur. Bu tövbə, əyyama daxil olan və tövbəli durumda olmaq istəyən əzadara sanki bir mayak kimi yol göstərir...

Tövbənin mahiyyəti

Yeri gəlmişkən qeyd edək ki, cəmiyyətimizdə tövbə ilə bağlı yanlış stereotiplər var. Sanki insanlar yalnız böyük günahlar, iyrənc hərəkətlər edəndə tövbə etməlidirlər. Halbuki, Quran məntiqi bizə deyir ki, möminlər özlərini tövbə məsələsindən kənarda təsəvvür etməməlidirlər. Yəni tövbə heç də yalnız namaz qılmayanlar və ya digərləri üçün deyil. Tövbəli durum həm də möminlərə aiddir. Möminlər günahdan, xətadan, yanlışlıqlardan xali deyillər. Xəta və yanlışlıqlar baş verdikdə, tövbə edərək yenidən Allaha tərəf qayıtmaq lazımdır. Tövbənin mahiyyəti – mövcud durumdan imtina və daha kamil duruma doğru təkamül etməkdir.

Əyyama hazırlaşmağın hədəflərindən biri də budur ki, biz içimizə, daxilimizə, daxilimizdəki Kərbəlalara nəzər salaq. Nəzər salaq ki, daxilimizdəki nə qədər Hüseynləri şəhid etmişik, nə qədər Əbəlfəzlərin qollarını qırmışıq, nə qədər Rüqəyyələri susuz qoymuşuq. Əba Əbdillah (ə) və karvanı bu qədər yol qət edərək, Kərbəya gəlib şəhadətə yetmədilər ki, İslam sloqan olaraq, şüar olaraq qalsın. Onlar şəhid oldular ki, İslam, İslam olaraq qalsın və yaşasın.

Kərbəla və axırəz-zaman

Yeri gəlmişkən, Kərbəla vaqiəsi ilə axır-əz-zaman arasına bir zaman körpüsü salaq. Şəhidlər Sərvərinin (ə) dönəmindəki zühurla bağlı edilən xəbərdarlıqlara diqqət edək. Əziz Peyğəmbər (s) İmam Hüseynə (ə) zühurla bağlı xəbər vermişdir. Son İmama (ə.f) qədər bütün İmamlar (ə) eyni nur olduqları üçün, hər biri öz dövründə eyni vəzifəyə riayət etmişdir. Əba Əbdullah (ə) buyurur ki, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, Qiyamətə 1 gün də qalsa, zühur baş verəcəkdir.

Bu, bizim dövrə xüsusilə aiddir. Bir adam həqiqi müntəzir olsa, Mövlanın (ə.f) həqiqi intizarçısı olsa, həyatın bütün əziyyətlərinə dözümlü olar, bütün əziyyətlərdən şərəflə çıxar.
Zühur dönəmi müntəzirinin durumuna dair hədislərə toxunaq. Nəql olunur ki, Zəmanə Sahibinin (ə.f) öz dönəmindəki cahiliyyə, Həzrət Peyğəmbərin (s) dövründəki ilk cahiliyyədən daha qatı cahiliyyə, daha qəliz cahiliyyə olacaqdır. İkinci cahiliyyə birincidən daha mürəkkəbdir. Birininci dövrün cahiliyyəsi canlı deyildi, aradan gedən idi, amma ikinci dövrün cahiliyyəsi təşkilatlanmış, sistemli və daha əhatəli cahiliyyədir. Axirəz-zaman dövrünün cahiliyyəsinin bütləri diridir. Onların canlı nümunələri kimi dövrümüzdə İŞİD, daşnak və sionizm kimilərini göstərmək olar. İnşəallah, Allah müsəlmanlara, millətimizə bu növ cahiliyyədən də qalib çıxmağı əta eləsin.

Zühur dönəmində müntəzirin, Mövla (ə.f) xidmətçilərinin vəzifələrinə dair verilən xəbərlərə diqqət edək. Qeyd olunub ki, Zəmanə Sahibinin (ə.f) gəlişi ruhiyyəsində olanlar – vilayət ruhiyyəsində olanlardan və müstəzəflərə, zəiflədilmişlərə yardım edənlərdəndirlər. Məhərrəm əyyamı öncəsi hazırlıqların mahiyyəti də həqiqi Fərəc intizarçılarının, həqiqi müntəzirin ruhiyyəsinə yiyələnməsinə qayıdır.

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof