21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhid İbrahim Hadi və
03.07.2018

Batalyon yeni əməliyyat üçün lazımi hazırlıqları tamamladı. Bir neçə gündən sonra Sumara doğru hərəkət zamanı gəldi. Mən əvvəlcə gedib üçyolda dayandım.

İbrahim günəş batmazdan öncə gələcəyini demişdi, onu gözləyirdim. Batalyonumuz yola çıxmışdı, mənsə torpaq yolun sonuna baxırdım. Nəhayət, İbrahimin gözəl siması uzaqdan göründü.

Həmişə kürd şalvarı ilə və silahsız gəzirdi, bu dəfə isə hərbi kamifulyaj geyimdə idi, alnında lent və əlində kalaşnikov vardı. Yaxınlaşıb dedim: "Ağa İbrahim, əlinə silah götürmüsən..."

Gülüb dedi: "Komandirə tabe olmaq vacibdir. Mənim komandirim belə əmr edib”.

– Ağa İbrahim, icazə verirsən mən də sizinlə gəlim?

– Yox, öz uşaqlarınızla get. Mən sizin arxanızdayam, bir-birimizi görəcəyik.

Bir neçə kilometr gedib gecənin qaranlığında düşmən mövqelərinə çatdıq. Mən minomyotçu olduğuma görə digərlərindən öndə batalyon komandirinin yanında gedirdim.

Bölgəyə qəribə sükut çökmüşdü. Özümü yaxşı hiss etmirdim, içimdə gərginlik vardı. Biz ensiz bir dərədən mülayim yoxuşla təpənin başına doğru yola düşdük. Yuxarıda düşmən səngərləri aydın görünürdü. Mənim vəzifəm çatan kimi onları vurmaq idi.

Bir anlıq ətrafa baxdım. Təpənin yamacında hər iki tərəfdən zirvəyə doğru səngərlər qalxırdı. İraqlılar bizim o dərədən keçəcəyimizi yaxşı bilirmişlər. Boğazım qurudu. Ehtiyatla yeriyirdim ki, heç bir səs gəlməsin. Digərləri də mənim kimi həyəcanlı idilər.

Hələ təpənin başına çatmamış birdən başımızın üstünə bir fişəng atıldı, sonra da üç tərəfdən atəş yağmağa başladı. Hamımız yerə yapışdıq. Düşmənin hədəfində idik, dayanmadan üstümüzə bomba və güllə yağırdı. Yaralı uşaqların qışqırtısı hər tərəfi bürüdü.

O qaranlıqda heç bir iş görə bilmirdik. Ürəyim istəyirdi ki, yer yarılıb məni gizlətsin. Ölümü gözlərimlə görürdüm. Bu vəziyyətdə bir nəfər sürünə-sürünə yaxınlaşıb ayağımdan tutdu.

Başımı azca qaldırıb arxaya baxanda gözlərimə inanmadım; İbrahim idi.

Birdən dedi: "Sənsən?!” Sonra RPG minomyotunu məndən alıb irəli keçdi, "Allahu-Əkbər" deyib raketi atdı.

Önümüzdən ən güclü atəş açan səngər məhv edildi. İbrahim yerindən qalxıb qışqırdı: "Ey Əli tərəfdarları! Qalxın! Mövla bizim arxamızdadır!"

Uşaqlar ruhlandılar. Mən də qışqırdım: "Allahu-Əkbər!" Digərləri də ayağa qalxdılar. Hamı atəş açırdı. Təxminən bütün düşmənlər qaçdılar. Bir neçə saniyədən sonra isə İbrahim təpənin başında dayanmışdı.

İraqlıların mühüm saydıqları təpəni çox sürətlə ələ keçirdik. Bəzi düşmən qüvvələri əsir alındı. Uşaqların qalanı yola davam etdilər.

Mən də komandirlə irəliləməyə başladım. Yolda mənə dedi: "Hamının əməliyyatda İbrahimin yanında olmağa can atması əbəs deyil. O, çox cəsarətli insandır!"

Gecə yarısı yenə İbrahimi gördüm. O dedi: "Mövlamın lütfünü gördün?! Düşmənin qaçması üçün yalnız bir Allahu-Əkbər bəs edir!”

Hüseyn Allahkərəm