21 Noyabr 2024 - 21
1983-cü ilin 10 fevralı idi. Hələ kanalın içindən seyrək atəş səsləri gəlirdi.
Bu onu göstərirdi ki, kanalın içindəki uşaqlar hələ müqavimət göstərirlər. Lakin dörd gündən sonra hansı imkanlarla müqavimət göstərdiklərini anlamaq olmurdu. Günbatan çağı əməliyyatın bitdiyi elan olundu, bütün şəxsi heyət geri qayıtdı.
Bir gün öncə kanaldan çıxan uşaqların birini gördüm. O deyirdi: "Bilmirsən nə vəziyyətdə idik; nə yemək vardı, nə su. Sursatımız çox az, kanalların ətrafı isə minalarla dolu idi. Biz hər neçə dəqiqədən bir güllə atırdıq ki, hələ sağ olduğumuzu bilsinlər. İraqlılar tez-tez mikrofonla elan edirdilər ki, təslim olun".
Günəşin qürub anları çox kədərli idi. Hündür bir yerə çıxıb durbinlə baxırdım. Kanalın ətrafında hələ pərakəndə partlayışlar görünürdü. Səmimi dostum İbrahim orada idi və mənim əlimdən heç bir iş gəlmirdi.
Həmin gecə bir qədər istirahət etdim və ertəsi gün yenidən mövqeyə qayıtdım.
İraqlılar 11 fevral gününə çox həssas idilər. Həmin gün onların atəşlərinin həcmi olduqca çoxaldı.
Axşamüstü atəş azaldı. Durbini götürüb kanalın ətrafının nisbətən yaxşı göründüyü bir yerə çıxdım. Gördüklərim inanılmaz idi. Kanaldan qatı tüstü qalxırdı və tez-tez partlayış səsi gəlirdi.
Tez kəşfiyyatçı uşaqların yanına gedib dedim: "Düşmən kanalın işini bitirir". Onlar da durbinlə baxdılar. Gördükləri yalnız alov və tüstü idi.
Mən hələ ümidvar idim. Öz-özümə dedim: İbrahim bundan da ağır vəziyyətlərdən çıxıb. Lakin onun əməliyyatdan öncəki sözlərini xatırlayanda məyus oldum.
1983-cü ilin 11 fevral gününün günbatan çağı mənim üçün olduqca cansıxıcı keçdi.
Kəşfiyyat uşaqları səngərlərinə getdilər, mənsə hələ durbinlə baxırdım. Qüruba yaxın uzaqdan bir şeyin hərəkət etdiyini hiss etdim. Diqqətlə baxdım. Üç nəfərin bizə doğru qaçdığı aydın görünürdü. Yolda tez-tez yıxılıb-qalxırdılar. Yaralı və yorğun idilər. Kanaldan gəlirdilər.
Qışqırıb uşaqları çağırdım. Onlarla təpəyə çıxdıq. Uşaqlara dedim ki, atəş açmayın.
Qürubun qızartısında həmin üç nəfər nəhayət, bizim istehkamımıza çatdılar. Onlar çatan kimi qaçıb soruşdum: "Haradan gəlirsiniz?" Danışmağa taqətləri yox idi. Biri su istədi. Tez ona bir qumquma verdim.
Aclıqdan və zəiflikdən birinin bədəni əsirdi. Üçüncüsü isə başdan-ayağa qanın içində idi. Bir az özlərinə gələndən sonra dedilər: "Kumeyl batalyonundanıq".
Həyəcanla soruşdum: "Digər uşaqlar nə oldular?" Biri güclə başını qaldırıb dedi: "Bizdən başqa kiminsə sağ qaldığını düşünmürəm". Həyəcanlandım və yenidən təəccüblə soruşdum: "Bu beş gündə necə müqavimət göstərdiniz?"
Danışmağa taqətləri yox idi. Bir qədər dayandı, ağzı boşalandan sonra dedi: "Biz son iki gündə cəsədlərin arasında gizlənmişdik, amma bu beş gündə kanalı ayaqda saxlayan bir nəfər vardı".
Yenidən nəfəsini dərib yavaşca dedi: "Qəribə adam idi. Bir tərəfə minomyotla atəş açırdı, bir tərəfə pulemyotla. Çox güclü idi". O birisi sözünü kəsib dedi: "Bütün şəhidləri kanalın sonunda yan-yana düzmüşdü, yeməyi və suyu bölürdü, yaralılarla məşğul olurdu. O, yorğunluğun nə olduğunu bilmirdi".
– Məgər batalyon komandirləri və müavinləri şəhid olmadılar?! Bəs siz kimdən danışırsınız?
– Bir cavan oğlan idi, tanımırdım. Saçı qısa idi, əynində kürd şalvarı vardı.
O birisi dilləndi: "Birinci gün də boynuna ərəb çəfiyəsi dolamışdı. Qəşəng səsi də vardı. Rövzə oxuyub bizi ruhlandırırdı".
Ruhum bədənimdən çıxmaq üzrə idi. Boğazım qurudu. Bunlar İbrahimin xüsusiyyətləri idi.
Nigaran halda oturub əlini tutdum və təəccüblə dedim: "Ağa İbrahimi deyirsən, düzdür? İndi haradadır?"
– Hə, deyəsən qədim uşaqların bir-ikisi onu ağa İbrahim çağırırdı.
Yenidən ucadan soruşdum: "İndi haradadır?"
O birisi dilləndi: "Düşmənin atəş açdığı son ana qədər sağ idi. Bizə dedi ki, düşmən öz qüvvələrini geri çəkdi, yəqin raketlə vuracaq. Əgər halınız varsa, nə qədər ki sakitlikdir, qaçın". Özü yaralıların yanına getdi, bizsə geri qayıtdıq".
Başqa birisi dedi: "Mən gördüm, onu vurdular. İlk partlayışlarda yerə yıxıldı".
Bədənimin bütün taqəti çəkildi və gözlərimdən yaş axmağa başladı. Çiyinlərim dayanmadan tərpənirdi. Daha özümü ələ ala bilmədim, başımıtorpağa qoyub ağlayırdım. İbrahimlə bağlı bütün xatirələrim gözlərim özündə canlandı; zorxana meydançasından Gilanqərbə qədər...
Kəskin barıt qoxusu ilə partlayış səsi bir-birinə qarışmışdı. İstehkamın yuxarısına qalxdım, kanala tərəf getmək istəyirdim. Uşaqların biri önümdə dayanıb dedi: "Nə edirsən?! Sənin getməyinlə İbrahim qayıtmayacaq ki. Gör necə atəş yağır!"
Həmin gecə hamımızı Fəkkədən geri çəkdilər. Bütün uşaqlar mənim günümdə idi. Çoxları dostlarını orada qoymuşdular. Biz Dokuhəyə girəndə Hacı Sadiq Ahəngəranın səsi gəlirdi:
Ey səfərdən qayıdanlar!
Hanı şəhidləriniz? Hanı şəhidləriniz?
Uşaqlar ucadan ağlamağa başladılar. İbrahimin şəhid olması və cəsədinin itkin düşməsi çox tez bir zamanda hər tərəfə yayıldı.