21 Noyabr 2024 - 21
Gecə yarısı ratsiyadan elan olundu: "Həsən Balaş, Camal Tacik və digər qüvvələr orta cəbhədən Şiyakuha çatmışlar və kömək istəyirlər. Bir qədər sonra İbrahim əlaqə saxlayıb dedi: "Bütün Nar yüksəklikləri azad olunub, yalnız mühüm mövqeyə malik bir təpə güclü müqavimət göstərir. Bizim də sayımız azdır".
İbrahimə dedim: "Sübh azanına qədər köməkçi qüvvələrlə sizə qoşulacağam. Ordu komandirləri ilə əlaqə saxlayın və nə olur-olsun, o təpəni də azad edin".
Köməkçi batalyonla orta cəbhəyə doğru yola düşdük. Yolda korpus komandirliyindən bizə dedilər: "Düşmən Bostana əks-hücum fikrindən daşınıb çoxlu canlı qüvvəsini sizin cəbhənizə yönəldib. Müqavimət göstərin ki, Hacı Əhməd Mütəvəssilianın komandirlik etdiyi Mərivan korpusu tezliklə növbəti əməliyyatlara başlasın”. Həmçinin ordu və korpus uşaqlarının yaxşı əməkdaşlığına görə təşəkkür edib dedilər: "Gələn xəbərlərə görə, sizin əməliyyat istiqamətinizdə düşmən çox ağır itkilər verib. Onlar ehtiyat qüvvələrinin həmin bölgəyə getməsini əmr ediblər”.
Hava işıqlanmaqda idi. Sübh namazını yolda qıldıq. Hələ Nar bölgəsinə çatmamış Qulaməli Piçəkin Gilanqərb cəbhəsində şəhid olduğunu eşitdik.
Nar dağlarına çatan kimi uşaqların biri mənə yaxınlaşıb Məşhəd ləhcəsi ilə dedi: "Hacı Hüseyn, xəbərin var? İbrahimi vurublar!"
Bütün bədənim titrədi, boğazım qurudu.
– Nə olub?!
– İbrahimin boğazına güllə dəyib.
Rəngim qaçdı. Qeyri-ixtiyari olaraq irəlidəki səngərlərə qaçdım. Yolda İbrahimlə bağlı bütün xatirələr gözlərim önündə canlandı. Təcili yardım səngərinə girib başının üstə dayandım.
İbrahimin boyun əzələsinə bir güllə dəymiş və o, çoxlu qan itirmişdi. Cavadı tapıb soruşdum: "İbrahimə nə oldu?"
Bir qədər dayanıb dedi: "Nə deyəcəyimi bilmirəm".
– Necə yəni?!
– Təpəyə necə hücum etmək barədə ordu komandirləri ilə danışdıq. İraqlılar güclü müqavimət göstərirdilər, təpənin başında və ətrafında çoxlu canlı qüvvələri vardı. Nə plan cızdıqsa, alınmadı.
Sübh azanına yaxın fikirləşdik ki, nə isə etməliyik, amma hansı işin daha yaxşı olduğunu bilmirdik. Birdən İbrahim səngərdən çıxıb təpəyə doğru getdi, böyük bir daşın üstündə üzüqibləyə dayanıb ucadan azan verməyə başladı. Biz qışqırırdıq ki, İbrahim, geri qayıt, indi səni vuracaqlar; o isə qulaq asmırdı.
Təxminən azanı sonuna qədər dedi. Düşmənin atəşi də dayanmışdı. Lakin sonda bir güllə atıldı və İbrahimə dəydi. Biz onu geri gətirdik”.
Nar dağında idik. Hava tam işıqlanmışdı. Tibb işçisi İbrahimin boynunun yarasını bağladı. Şəxsi heyəti mövqelərə bölür və ratsiyaya cavab verirdim.
Birdən uşaqların biri qaçaraq gəldi və dedi: "Hacı! Hacı! Bir neçə iraqlı əllərini qaldırıb bu tərəfə gəlir".
Onunla birlikdə təpənin göründüyü səngərlərin birinə getdik. Qarşıdakı təpədən təxminən iyirmi düşmən hərbçisi əllərində ağ parça bizə doğru gəlirdi. Tez dedim: "Uşaqlar, silahlı dayanın, bu, hiylə ola bilər".
Bir neçə saniyədən sonra biri zabit olmaqla on səkkiz düşmən hərbçisi təslim oldu. İstiqamətimizdə əsir tutduğumuza görə sevindim. Öz-özümə düşündüm ki, uşaqların yaxşı hücumu onları qorxudub və təslim olublar. Onların arasındakı zabiti səngərə apardım. Ərəbcə bilən uşaqlardan birini çağırdım.
– Adın nədir? Rütbəni və vəzifəni de.
Özünü təqdim edib dedi: "Mayoram, təpədə və onun ətrafındakı şəxsi heyətin komandiriyəm. Biz Bəsrədəki ehtiyat diviziyasındanıq”.
– Təpədə nə qədər canlı qüvvəniz var?
– İndi heç nə.
Təəccübləndim.
– Heç nə?!
– Biz idik və təslim olduq. Digərlərini də geriyə göndərdim. İndi təpə boşdur.
Yenidən təəccüblə ona baxdım.
- Nə üçün?
– Çünki təslim olmaq istəmirdilər.
Təəccübüm daha da artdı.
– Necə yəni?
İraqlı komandir mənə cavab vermək yerinə soruşdu: "Azançınız hanı?"
Daha çox təəccübləndim.
– Azançı?!
Gözləri yaşardı, boğazını qəhər tutdu və danışmağa başladı. Tərcüməçi də cəld tərcümə edirdi.
- Bizə demişdilər ki, siz məcusi və atəşpərəstsiniz və biz İslamdan ötrü hücum edib iranlılarla vuruşuruq. İnanın ki, bizim hamımız müsəlman və şiəyik. Biz komandirlərimizin araq içdiyini və namaz qılmadığını görəndə sizinlə vuruşmağa çox tərəddüd etdik. Bu gün səhər sizin döyüşçünün azan səsini eşidəndə vücudum titrədi, həzrət Əmirəlmömininin (ə) də adını çəkəndə öz-özümə dedim ki, sən öz qardaşlarınla vuruşursan. Birdən Kərbəla hadisəsi kimi...
Qəhərdən danışa bilmədi. Bir neçə dəqiqədən sonra sözünə davam etdi: "Buna görə qərara gəldim ki, günahımı ağırlaşdırmayıb təslim olum. Əmr etdim ki, heç kim atəş açmasın. Hava işıqlananda da hamını toplayıb dedim: "Mən iranlılara təslim olacağam, kim istəyirsə, mənimlə gəlsin". Bu gələnlər mənim əqidə dostlarımdır, digərləri geri qayıtdılar. Mən azançıya atəş açan əsgəri də gətirmişəm. Əmr etsəniz, onu öldürərəm. İndi xahiş edirəm, de görüm azançı sağdır, ya yox?”
Başını itirmiş adamlar kimi iraqlı komandiri dinləyirdim. Heç bir söz deyə bilmədim. Bir müddət sükutdan sonra dedim: “Hə, sağdır”. Birlikdə səngərdən çıxıb İbrahimin yanına getdik.
On səkkiz iraqlının hamısı İbrahimin əlini öpdü. Axırıncısı onun ayağına düşüb ağlayır və deyirdi: "Məni bağışla. Mən atəş açdım".
Boğazımı qəhər tutmuşdu. Əməliyyat və şəxsi heyət yadımdan çıxmışdı. Əsirləri geri göndərmək istəyəndə komandirləri məni səsləyib dedi: "O tərəfə bax. Xüsusi təyinatlı batalyon və bir neçə tank gəlir". Sonra əlavə etdi: "Tez gedib təpəni tutun".
Əndərzqu uşaqlarından bir neçəsini təpəyə göndərdim. Ora azad ediləndən sonra Nar bölgəsində əməliyyat tamamlandı.
Xüsusi təyinatlı batalyon hücuma keçdi, amma bizim lazımi hazırlığımız olduğundan şəxsi heyətin çoxunu məhv etdik.
Hüseyn Allahkərəm