21 Noyabr 2024 - 21
Kərbəla hadisəsi özü ilahi və insani dəyərləri daşıyan bir məktəbdir. Bu hadisə 1400 il bundan qabaq baş versə də, günümüzə qədər gəlib yetişib. Hətta günümüzün real hadisəsi kimi qəbul edilir, barəsində danışılır və yaşanır.
Bu hadisə digər tarixi hadisələr kimi bir sıra səbəblərdən, bilərəkdən və ya bilməyərəkdən təhriflərə məruz qalıb. Yəni Kərbəla hadisəsinin mahiyyəti, fəlsəfəsi və həqiqətilə bağlı bəzi şübhələr yaranıb. Bu şübhələrə aydınlıq gətirmək istəsək, ilk öncə bunu deməliyəm ki, tarixi hadisələr uzun dövrlərdən keçərək günümüzə gəlib çatıblar və bu proses də nəql yolu ilə olub.
Qədimdən bəri müəyyən insanlar bu hadisələri tarix kitablarında və ya hər hansı digər bir formada qələmə alıblar. Zaman keçdikcə bu hadisələr barədə danışılır, nəql olunur, haqqında yazılar yazılır, təhlillər aparılır. Bunların nəticəsini biz günümüzdə həmin kitablara müraciət etməklə ələ gətiririk. Ümumiyyətlə çoxlu tarixi hadisələr təhrifə məruz qalıb. Kərbəla hadisəsi də bu cürdür. Hadisəylə bağlı yaranmış şübhələrə və necə təhrifə uğramasını izah etməyə çalışsaq, iki əsas səbəb göstərə bilərik. Birincisi budur ki, zamanla insanların bu hadisə barədə yalnış məlumatlandırılması və əsl mənbəyə müraciət etməməsi. İkincisi isə budur ki, bu hadisənin günümüzə gəlib yetişməsində böyük rolu olan məddahların bəzi yalnış rövzələri, mərsiyələri ifa etməsi Kərbəla hadisəsilə bağlı bir şübhələrə yol açmışdır. Tarixi hadisələri, Kərbəla hadisəsini düzgün mənbələrdən mütaliə etsək, bu hadisələrin tarixçəsini daha dəqiq şəkildə əldə etmiş olarıq və insanlara daha doğru şəkildə çatdıra bilərik. Çünki insanlarımızın bir çoxu müəyyən bir dövr ərzində dindən uzaq düşdülər, dini maarifdən ayrı salındılar, dini mənbələrə çata bilmədilər və mötəbər mətnlərdən xəbərsiz oldular.
Zamanla insanlar bu mənbələri ərəb və digər dillərdə oxumağı bacaranlara müraciət etməyə başladılar və onların anlatması ilə yavaş-yavaş maarifləndilər. Eyni zamanda məddahların oxuduğu rövzə və mərsiyələr bu mövzuda insanları tədricən maarifləndirdi. Əgər vaiz və xətiblər Kərbəla, İmam Hüseyn (ə) məktəbi barədə məlumatları düzgün şəkildə çatdıra bilsəydilər, məddahlar mötəbər mənbələrə istinad etsəydilər, günümüzdə Kərbəla haqqında mövcud olan şübhələr əsla yaranmazdı, biz də buna təhrifin əsas səbəblərindən biri kimi baxmazdıq.
Kərbəla tarixi hadisə olmaqdan əlavə ideoloji bir məktəbdir. Bu hadisənin, bu məktəbin təhrif olunmasında İslam düşmənlərinin də rolu vardır. Çünki İmam Hüseynin (ə) əsl məqsədi zülmə, haqsızlığa qarşı mübarizə idi, o, Allahın dininin doğru şəkildə çatdırılması, Peyğəmbər sünnətinin dirçəldilməsi və cəmiyyətdə hakim olması uğrunda çalışırdı. Amma düşmənlərin də fəaliyyəti dayanmır.Onlar bu hadisəni sual altına aparmaq, gözdən salmaq üçün bir çox şeylərə əl atıblar. Hətta bəzi saxta vaizləri, məddahları ortaya çıxartdılar, bəzi məntəqələrdə yerli adətləri Kərbəla dəyərləri ilə bir-birinə qarışdırdılar. Nəticə etibarı ilə Kərbəla hadisəsi təhriflərlə dolu şəkildə qələmə verildi. Aşura günündə fikir versək, bir sıra məntəqələrdə zəncir vurmaq, xəncərlə baş yarmaq, özünə əziyyət vermək kimi əməllər Kərbəla dəyərləri kimi qəbul olunmaqdadır. Halbuki Kərbəla hadisəsi qətiyyən bu cür primitiv əməllərlə eynilik təşkil etmir. Düzdür, insanlara tövsiyə olunur ki, bu faciə ilə bağlı göz yaşı töksünlər, sinə vursunlar, kədərlənsinlər, amma Kərbəla hadisəsinin əsl hədəfi və mahiyyəti təkcə bunlar deyildir. Kərbəla olayının əsl hədəfi, İmam Hüseynin (ə) öz buyurduğu kimi, "heyhat minnəz-zillə", yəni zalıma qarşı çıxmaq, zülmün qarşısında dayanıb öz qanı bahasına İslamı yenidən dirçəltmək idi.
Bunun üçün gərək diqqət edək ki, Kərbəla hadisəsi haqqında söhbət gedəndə danışanlarımız, rövzə və mərsiyə oxuyan məddah qardaşlarımız Kərbəla haqqında şübhəli mənbələrdə qeyd olunan təhriflərdən istifadə etməsinlər, əksinə mötəbər tarixi mənbələrə istinad etsinlər ki, düşmənə bəhanə verməmiş olaq. Bu yolla Kərbəlanın həqiqi mahiyyətini və məktəb olaraq həqiqi dəyərlərini insanlara çatdırmış olaq.
Qurban Murquzov