21 Noyabr 2024 - 21
Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən kənizə "ümmi-vələd" deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış.
Həzrət Qasim şücaət sahibi idi. Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özünün və onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, hər kəsin düşərgəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasim əmisindən soruşdu: "Mən də öldürülənlərin arasında olacağammı?" İmam Hüseyn (ə) Qasimin sualına sualla cavab verdi: "Ölüm sənin üçün nə deməkdir?" Qasim buyurdu: "Baldan daha şirindir". Bu sual-cavab Qasimin Əhli-beyt xanədanına layiq bir övlad olduğunu bariz şəkildə göstərir. Qasimin öz əmisinə verdiyi sual qorxu üzündən deyildi; əgər belə olsaydı, ölümü baldan şirin qəbul etməzdi. O, narahat idi ki, şəhidlik səadəti yaşının azlığına görə ona şamil olmaz. Bu səadətdən mərum qalmadığını yəqinləşdirmək üçün İmama bu sualı vermişdi.
Aşura günündə İmamın bütün səhabələri və Əhli-beyt igidlərinin əksəriyyəti döyüş meydanına çıxıb şəhidlik şərbətini içdikdən sonra Qasim savaşmağa icazə istədi. Şəhidlər Sərvəri əvvəlcə ona izn vermədi. Qasim göz yaşları içində yalvarışını davam etdirdi, nəhayət, öz imamını qorumağa icazə aldı. Yezid qoşununda olanlar rəvayət edirdilər ki, döyüş meydanına həddi-büluğa çatmamış, üzü bədrlənmiş Ay kimi yaraşıqlı olan bir yeniyetmə çıxdı. Bədəninin ölçüsünə uyğun gələn zireh olmadığı üçün, döyüşə adi libasda, zirehsiz çıxmışdı. Hətta ayaqqabısının bir tayının bağı qırılmışdı. Bu yeniyetmə İmam Həsənin (ə) yadigarı Qasim idi. Qasim döyüş meydanına düçməni lərzəyə salan rəcəzlə (döyüş şeri) ilə girdi. Deyirlər ki, yaşının azlığına baxmayaraq, əsil igidlərə yaraşan şücaətlə vuruşmuş və xeyli adamı cəhənnəmə vasil etmişdi. Sonda arxadan vurulan bir xain zərbənin nəticəsində yerə yıxıldı. 200 nəfərdən artıq döyüşçü Qasimin ətrafını bürümüşdü. Onlardan biri xəncərini sıyırıb yaxına gəldi ki, Qasimin başını kəssin. Taqəti üzülmüş Qasim əmisini harayladı. İmam Hüseyn (ə) özünü meydana yetirəndə düşmən əsgərləri pərən-pərən oldular. Qasimin başını kəsmək istəyən cəllad İmamla savaşmağa cəhd göstərəndə, o həzrət bir zərbə ilə qolunu biləkdən üzdü. Həmin məlun öz tərəfdarlarının atlarının tapdağı altında qalıb cəhənnəmə vasil oldu.
İmam Hüseyn (ə) Qasimi bağrına basanda o, hələ sağ idi. Deyirlər ki, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Nəhayət, əmisinin qolları arasında ruhunu Allaha təslim etdi. İmam Hüseyn (ə) Qasimin cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Əkbərin nəşinin yanında yerə qoydu...
Qasim təziyə məclislərində, rövzə və şəbihlərdə ən çox xatırlanan obrazlardan biridir. Lakin təəssüf ki, onun tarixi simasına bəzi həqiqətdən uzaq çalarlar da əlavə ediblər. Yüz illərdir ki, Kərbəla çölündə İmam Hüseynin (ə) öz qızını Qasimə ərə verməsi, onlar üçün toy etməsi barədə rəvayətlər danışılır, hətta şəbihlərdə "Qasim otağı" (yəni Qasimin toy otağı) adlı bir element də meydana gəlib. İnsaflı və dəqiq araşdırmalar bu rəvayətin həqiqətdən uzaq olduğunu söyləməyə tam əsas verir.
Hər şeydən əvvəl bunu qeyd edək ki, aşağıdakı mənbələrdə Qasim ibn Həsənin (ə) toy əhvalatı doğru sayılmayıb:
- Şeyx Abbas Qumi. Müntəhal-amal.
- Şeyx Hüseyn Nuri. Lölö vəl-mərcan.
- Mürtəza Mütəhhəri. Həmaseyi-Hüseyni.
- Şeyx Abdullah Maməqani. Tənqihül-məqal.
- Mühəmməd Təqi Şüştəri. Qamusür-rical.
- Şeyx Cəfər Şüştəri. Fəvaidül-məşahid və s. mənbələr.
Qasimin Kərbəla səhrasında toy edib İmam Hüseynin (ə) qızı ilə evləndiyini qeyd edən ilk mənbə Molla Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" kitabıdır. Aşura faciəsindən "Rövzətüş-şühəda"nın yazıldığı vaxta kimi keçən 800 il ərzində heç bir mötəbər əsərdə Qasimin toy əhvalatına rast gəlmirik. Kaşifiyə və onun "Rövzətüş-şühəda" əsərinə gəlincə, həm müəllifə, həm də əsərə qarşı şiə alimləri tərəfindən çoxlu etirazlar edilmişdir. Məsələn, Şeyx Hüseyn Nuri və Şəhid Mütəhhəri öz kitablarında Kaşifinin şəxsiyyətini və adı çəkilən əsərdə yol verdiyi xətaları ciddi tənqidə məruz qoymuşlar.
İkincisi, bəzi məntiqi dəlillər də bu əhvalatı şübhə altına salmağa əsas verir. Dediyimiz kimi, aşura faciəsi zamanı Qasim hələ yetkinlik yaşına çatmamışdı. Hətta onun əyninə zireh tapılmırdı. Həddi-büluğa çatmamış bir oğlanın evlənməsi inandırıcı görünmür. Üstəlik, aşura günü bütün hadisələrin döyüş və şəhadət məhvərində dolandığı bir zamanda, yaxınlarını itirən və ölümlə üz-üzə duran İmam Hüseynin (ə) toy barədə düşünməsi, öz qızını ərə vermək fikrinə düşməsi nə qədər məntiqə uyğundur?
Şeyx Hüseyn Nuri, Şeyx Abbas Qumi kimi məşhur tarix və rical alimləri İmam Hüseynin (ə) Kərbəlada ərə veriləcək yaşda subay qızının olmadığını qeyd etmişlər. O həzrətin bir qızı İmam Həsənin (ə) oğlu Həsəni-müsənnada, digər qızı isə İmam Həsənin (ə) o biri oğlu Abdullahda ərdə imiş. Həsəni-müsənnaya ərə getmiş qızın adının Fatimə olduğu məlumdur. Abdullaha ərə getmiş qız isə yəqin ki Səkinədir. Həsəni-müsənna və Abdullah hər ikisi Kərbəlada iştirak etmiş, Abdullah şəhid olmuş, Həsəni-müsənna isə yaralı halda əsir düşmüş və sağaldıqdan sonra Mədinəyə qayıtmışdı.