23 Noyabr 2024 - 23
Kərbəla vaqiəsinin strateji hədəfi
Dünya tarixində çoxsaylı qəhrəmanlıqlar olub. Bu qəhrəmanlıqların heç biri hər il və bu cür yüz milyonlar tərəfindən yaşadılmır. Kərbəla vaqiəsi – bəşər tarixində nəhəng yer tutan vücudi hadisələrdəndir. Onların yekun nöqtəsini qoyan hadisədir. Ona görə də, əsrlərdir yaşanır. Həzrət Adəmdən (ə) başlayaraq, bir çox peyğəmbərlərlə (ə) bağlı bəşəriyyət xüsusi hadisələri xatırlayır. Bu hadisələrin hamısı insanların daxilindəki ruhiyyə ilə bağlı olan məsələlərdir. İmam Hüseynin (ə) Aşura məktəbinin bu cür yaşanmasının əsas səbəbi budur ki, bu hərəkatın ali hədəfi fövqəl dərəcədə mübarək olub və özündən əvvəlki bütün mübarək hərəkatların nöqtəsini qoyub.
Əba Əbdillahın (ə) Aşura qiyamının əsil hədəfi nə idi ki, bu qədər həmişəyaşardır bu məktəb? Aşuranın ilk və ən zəruri hədəfi – İslamın din olaraq əhyası, diri saxlanmasıdır. İslam dininin diri olaraq mövcudiyyətini sığortalamaqdır. Kərbəla məktəbini hər mənada dəyərləndirən mütəxəssislər bu fikirdədirlər ki, Aşura o fenomenlərdəndir ki, onun bir neçə mahiyyəti, qatı, mövzusu var. Bu ən önəmli mövzulardan da biri - imtinadır. İmtina fəlsəfəsi Kərbəla məktəbinin aparıcı dərslərindəndir. Əba Əbdillah (ə) ilk dəfə Yezidə (lən) beyət etməkdən imtina etməklə, bəşəriyyətə imtina dərsi keçir.
Bəli, Aşuranın ali, əsas, strateji hədəfi – İslamın əhyası, diri saxlanılmasıdır. Bu məktəbdə hansı cəhətə, hansı hissəyə nəzər salsaq, bunu unutmamalıyıq. Bilməliyik ki, bütün baş verənlərin bir hədəfi olub – İslamı diri saxlamaq.
Eyni zamanda qeyd edək ki, Kərbəlanın ən mühüm mövzularından biri – imtinadır. İmtina – yəni pisliklərə qarşı mətin və prinsipial mövqe sərgiləmək – Kərbəla məktəbinin ikinci dərsidir. Bu gün Aşura yaşadanlar baxmalıdır ki, bu məktəbdən imtina dərsini götürə bilir, ya yox. Bir var ki, biz tarixdən danışaq, bildirək ki, Əba Əbdillah (ə) imtina etdi və bununla da mövzu bitsin. Bir də var ki, biz bəyan edirik ki, Əba Əbdillah (ə) öz imtinası ilə bəşəriyyətə imtina dərsi keçdi.
Əba Əbdillahın (ə) imtinası əslində "Lə iləhə illəllah"ın əməli yaşantısıdır. Gərək biz baxaq ki, nəfsi istəklərimizin müqabilində, toplumun yeritdiyi ucuz, bayağı məsələlərinin müqabilində, Allaha aparmayan hər bir mövzunun müqabilində imtina edə bilirikmi? Əgər bunu düşünsək, Aşuranı günümüzdə yaşatmış olarıq.
Yaxşıya dəvət və pisdən çəkindirmə
Əba Əbdillahın (ə) Kərbəla məktəbində pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvət missiyasına xüsusi nəzər yetirilməlidir. İmam Hüseynin (ə) Mədinədən başlayaraq Məkkəyə, oradan isə Kərbəlaya doğru gəldiyi yolda, bütün Kərbəla hadisələrinin hamısında başdan-başa pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvət görəcəyik. Həzrət İmam Hüseyn (ə), öz hərəkatının əsas qayələrindən biri kimi bunu bəyan edir. Bu, Kərbəla məktəbinin üçüncü dərsidir.
Əba Əbdillahın (ə) hərəkatının dördüncü hədəfi – ümmətin İslahı və fəsadla mübarizə idi. Ümmət bir neçə on ilə o vəziyyətə çatır ki, öz İslami kimliyini itirib. Topluma fəsad daxil olub. İndi bir zaman gəlib çatıb ki, Əba Əbdillah (ə) bu məktəbi yaratmaqla ümməti İslami baxımından sığortalayır.
Bu məktəb boyunca müşahidə etdiyimiz beşinci aparıcı xətt – İmam Hüseynin (ə) bir İlahi İmam (ə) kimi üzərinə gələn vəzifədir. Kufəlilərin məktublarından sonra Əba Əbdillahın (ə) üzərinə İlahi imamət və vilayəti əməli şəkildə yaşatmaq və İslami dəyərləri bərqərar etmək vəzifəsi gəlir. Allah onu təyin edib, İmam (ə) buna hazırdır və toplum da əgər buna can atırsa, İmamın (ə) üzərində buna doğru cəhd etmək üçün vəzifə yaranır.
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof