21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Azərbaycanda SSRİ-dən qalma qəmə problemi və bugünkü durumu
13.07.2018

Biz uşaq yaşlarımızdan bu yana eşidirdik ki, Aşura günü qəmə vurmaq var, baş yarmaq var. Deməli bu iş əvvəldən olub ki, biz baba-nənələrimizdən bunu eşitmişik. Amma belə bir səhnə ilə heç kim deyə bilməz ki, mən din qabağa apara bilərəm, din təbliğ edə bilərəm. Mümkün deyil.

Azərbaycanda keçən il biz uzun fasilədən sonra müşahidə etdik ki, "youtube"da da yayıldı bir neçə nəfər bıçaq və qılıncı əlində necə tutmuşdularsa məlum olurdu ki, bunlar öyrədilmiş adamlardır. Çünki mən görmüşəm qəmə vuran adam. Onun əlindən o qılıncı almasan vurub öz başını iki bölər. Yəni ona şövq gəlir, eşq gəlir nə gəlir o özü-özü üçün izah edir. Amma ürəklə vurur. Bu vuranlarsa çox qorxa-qorxa vururdular, çox ehtiyatla vururdular ki, çox kəsməsin. Sanki bunlar qəmə vurmaq yox, ya qan çıxarmaq istəyirdilər, ya da hansısa çəkiliş üçün bu işi görürdülər. Sonradan bu məsələyə şiddətli dərəcədə ictimai qınaq oldu.

Qəmə vurmaq İran istisna olmaqla heç bir ölkədə dövlət tərəfindən qadağan deyil. Hətta məsələn SSRİ dövründə Azərbaycanda qəmə vurmaq qadağan olmayıb. Nəyə görə? Çünki SSRİ nə ilə vuruşurdu? Allahla, müsəlmanlarla vuruşurdu. Qəmə vurmaq məsələsində onlar baxdılar ki, bunu biz ləğv etməyək. Çünki bu qəmə vurmaq məsələsi bizim gördüyümüz işin bir hissəsidir. Biz dinə qarşı vuruşuruq, onlar da dinə qarşı vuruşurlar. Biz dinə qarşı ideoloji cəhətdən vuruşuruq, təbliğatlar aparırıq, jurnallar çap edirik, qəzetlər çıxarırıq, hansısa bir məktəbdə marksizm və darvinizm haqda təbliğat yayırırq. Amma bunlar hazır burada qəmə vurub dini gözdən salırlar. Qəmə vurub insanları dindən qaçırırlar.
Yəni qəmə vurmağın nə Azərbaycan xalqı üçün, nə Azərbaycan gənci üçün, nə Azərbaycan müsəlmanı, mömini üçün və nə də digər möminlər üçün heç bir faydası yoxdur.

Fiqhimiz bunu izah edir ki, insan bir iş görəndə o iş ya icazəli olmalı (yemək, yatmaq kimi), ya müstəhəb, yəni görülsə savabı var. Ya qadağandır ya da məkruhdur, bəyənilmir, yaxşı əməl deyil. Xülasə olaraq, yaxşı biz qəmə vurmağı hara qoyaq, hara bağlayaq?

Biz İmam Hüseyn üçün rövzə deyirik, mərsiyə oxuyuruq. Bunlar hamısı dərdə şərik olma metodudur. İmam Hüseynə və Kərbəlada şəhid olanlara ağı deyirik, bayatı deyirik, mərsiyələr qoşulur və s. Öz ölümüzə necə ağlayırıq onlara da elə ağlayırıq. Öz ölümüz öləndə rəsmi mərasim olaraq əlimizə bir qəmə götürüb başımıza vuraq belə bir şey etmirik. Və İmam Hüseyn (ə) üçün də bunu etməyə ehtiyac yoxdur. Uzun illər bu şey olmayıb. Olubsa da cahillikdən olub. Hal-hazırda müasir dünyamız üçün və ölkəmiz üçün bu məsələ yol verilməzdir və demək olar ki, yox həddindədir. Yəni bir iki kadr var onu kimlərsə məqsədli şəkildə götürüb yayırlar və yazırlar, bundan da sui-istifadə olunur ki, bizdə onları müşahidə edirik.

Emil Rahiloğlu