21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) dünyaya yeni gəlmişdi, qundaqda idi. Həzrət Fatimə (ə) qundağı həzrət Rəsulullahın (s) yanına gətirdi və əziz Peyğəmbərimiz qundağı görərək kövrəldi. Xanım Zəhra (ə) israrla atasından kədərlənməyinin səbəbini soruşdu. Peyğəmbər ilk öncə demək istəmədi. Amma qızı israrla bu kədərin, hüznün mənasının nə olduğunu bilmək istədi. Çünki bir insanın evinə körpə gələndə o sevinər, şad olar. Amma Peyğəmbər kövrəldi. Niyə? Nə üçün? Həzrət Zəhra sualına israrla davam etdikdə Peyğəmbər buyurdu ki, bir zaman gələr, sənin bu Hüseynin tək qalar... Qısa desək, peyğəmbər Kərbəla hadisəsini xırdalıqları ilə həzrət Fatimə (ə) üçün danışdı. Gənc bir ana olan Xanım Zəhra (ə) çox kövrəldi və bu sualı verdi: "Atacan, bu hadisə baş verən zaman onun yanında kimlər olacaq və bu hadisə nə zaman baş verər?"
Peyğəmbər buyurdu, qızım, bu hadisə elə bir zamanda baş verər ki, orada nə mən olaram, nə sən, nə də Əli. Rəvayətə əsasən Fatimə çox şiddətlə ağladı. Yenə ürəyinə təsəlli olması üçün soruşdu: "Atacan, o zaman ki, heç birimiz olmayacağıq bəs bu körpə üçün ağlayan olacaqmı?" Peyğəmbər buyurdu ki, narahat olma, bir zaman gələr, nəsillər dəyişər, əsrlər keçər, amma mənim ümmətimin qadınları sənin oğlunun yanında əsir olan qadınlar üçün ağlayar, eyni zamanda mənim ümmətimin kişiləri sənin oğlunun yanında şəhid olanlar üçün qəmgin olub ağlayarlar.
Biz də elə bu kimi hədislərdən istifadə edib deyirik ki, bəli, Peyğəmbərimizin Xanım Zəhraya (ə) söz verdiyi kimi, bu gün də o müsibətə ağlayırıq və gələcəkdə də belə olacaq. Çünki biz bu gün görürük ki, nəsildən-nəsilə bu dəyər dəyişməyərək bizə gəlib çatıb, keçmişdə də bu ənənə olub, indi də buna şahidik, inşallah, bundan sonra da görəcəyik ki, İmam Hüseynə (ə) ağlamaq ənənəsi var. Necə ki, Peyğəmbərimiz buyurmuşdu - “Ağlayarlar”. Həm qadınlar ağlayar, həm də kişilər.
Peyğəmbərin cavabından sonra Həzrət Fatimənin (ə) özü də ağladı. Peyğəmbərimiz daha çox təsəlli vermək üçün buyurdu ki, qızım, onlar Hüseynə (ə) ağlayarlar. Amma sən və mən isə Qiyamət günü həm kişilərin, həm qadınların əllərindən tutub cənnətə apararıq. Onların mükafatları, müjdələri cənnətdir.
Baxın, bu hədisin özü bir növ rəğbət yaratmaqdır, insanları həvəsləndirməkdir. Yəni İmam Hüseynin (ə) atdığı addım elə bir addım deyildi ki, unudulsun, yaddan çıxsın. Yox! O, haqq idi, həqiqət idi və batil ilə mübarizə idi. Buna görə də əsrlər boyu İmam Hüseynin yolu unudulmayıb.
İmam Sadiq (ə) buyurur ki, kimin yanında İmam Hüseynin (ə) Kərbəla hadisəsindən danışılsa və o bu hadisəni eşidən zaman kövrəlib gözündən yaş axıtsa, hətta axıtdığı göz yaşı milçəyin qanadı qədər belə olsa, Allah bu göz yaşının qarşılığında ona cənnəti mükafat verər. Buradan görürük ki, İmam Hüseynin (ə) müsibətinə ağlamaq üçün, sanki, təşviq edilirik.
Allah kəramət və rəhmət sahibidir. Cənnət Allah üçün bir şey deyil ki, verə bilməsin. Baxın görün dünyada nə qədər nemətlər yaradıb. Bu qədər neməti həm kafirə, həm müşrikə, həm də müsəlmana, möminə verib.
O, kəs ki, yalnız haqq yolunda mübarizə aparır, Allah ona və onun arxasınca gedənlərə yalnız cənnəti mükafat verər. İmam Hüseynə ağlamağımız nə deməkdir? Yəni, ey Hüseyn, biz də sənin getdiyin yolu qəbul etmişik və bunu göz yaşlarımızla təsdiq edirik.
Hədislərimizdə İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri barədə hədislər saysız-hesabsızdır. Hətta bəzən təkid olunub ki, əzadarlıq məclisləri qurulsun. Biz də gərək çalışıb bu əza məclislərilə bağlı tövsiyələri yerinə yetirək ki, bəlkə Həzrət Zəhranın qəlbinə təsəlli verə bildik.
Mahir Məmmədov