21 Noyabr 2024 - 21
Kərbəla qiyamından bəhs edən bəzi çıxış və yazılarda İmam Hüseynin (ə) guya onu mühasirəyə alan qoşuna yalvararaq: “məni buraxın ya Şama gedib Yezidlə özüm görüşüm, ya da İslam məmləkətindən xaric olub qeyri-müsəlman ölkələrdən birində məskunlaşım” dediyi ilə rastlaşırıq. Hətta bəzi mərsiyə şairləri daha da “irəli” gedərək, İmam Hüseynin (ə) dilindən: “buraxın Ruma-Firəngə gedim” sözlərini rəvayət ediblər. Azərbaycan növhə ədəbiyyatında da təəssüf ki, bu cür işarələrə rast gəlirik:
Yəsribü Bətha sizinki, ey güruhi-əşqiya,
Yol verin getsin diyari-Rum ara Ali-Əba…
Ya yol verün Rumə gedim, olam ənis tərsalərə,
Gedim Firəngə, yol verün, bir intizarım qalmayıb.
Bu qəbildən olan ifadələr bir çox məşhur şairlərin də yaradıcılığına yol tapıb. Bu isə ortada ciddi bir təhrif və yanlış anlaşma olduğundan xəbər verir.
Əvvəlcə problemin məntiqə və ağla uyğun həllini tapmaşa çalışaq. İmam Hüseyn (ə) həqiqətən düşmən qoşunundan xahiş edə bilərdimi ki, onu ya Şama – Yezidin hüzuruna aparsınlar ya da İslam məmləkətinin hüdudlarını aşmağa icazə versinlər? Məgər İmam Hüseyn (ə) Yezidin ondan nə istədiyini bilmirdimi? Axı Mədinədə ikən Vəlidin sarayına dəvət olunan İmam Hüseynə (ə) Yezidin məktubu oxunmuşdu. Həmin məktubda Yezid Mədinə valisi Vəlidə əmr edirdi ki, ya şəhər camaatının gözü qarşısında Hüseyndən (ə) beyət alsın, ya da başını kəsib ona göndərsin! Vaxtilə Osmanın qətlini sürətləndirmiş, sonra da Müaviyənin yanında yer almış Mərvan ibn Həkəmin də həmin görüşdə Vəlidə göstərdiyi təzyiq İmamın gözü qarşısında baş vermişdi.
Bu, həmin Hüseyndir (ə) ki, Mədinəni tərk edərkən əmin-amanlıq bir yerə qaçmasını məsləhət görən Abdullah ibn Zübeyrə bu şəkildə cavab vermişdi: “Vallah, əgər yerin altına girsəm də, onlar məni oradan çıxaracaq və qətlimə fərman verəcəklər”.
Hüseyn 57 yaşına kimi öz şəhadətini səbirsizliklə gözləmiş, bu ruhda tərbiyə almışdı. Onun həyatının Kərbəlada şəhadətlə bitəcəyi barədə babası Peyğəmbər, atası İmam Əli, anası Fatimə, qardaşı İmam Həsən (ə) dönə-dönə qabaqcadan məlumat vermişdilər.
Şama – Yezidin hüzuruna getməyin mənası var idimi? Məgər Yezid öz məramını açıq ifadə etməmişdimi: “Ya beyət et, ya da öl!” Məgər İmam da öz şüarını elan etməmişdimi: “Mənim kimisi onun kimisinə beyət etməz!” Elə isə Yezidlə görüşün nə mənası var idi? Olmaya İmam öz yalvarışları ilə Yezidin qəlbini yumşalmaq fikrində idi? “Zillət bizdən uzaqdır” şüarı ilə yaşayan şəxsin haqqında belə bir ehtimal etmək doğru deyil! Yezidin bütün hərəkətləri ən kiçik güzəştə belə, getmək fikrində olmadığını aşkar göstərirdi. İmam Hüseyn (ə) kimi iti zehinli və uzaqgörən bir şəxsiyyət bunu duymurdumu?
Bəlkə İmam şəxsən Yezidlə görüşüb əyani şəkildə beyət etmək istəyirdi? Elə isə, bunu niyə əvvəldə etmədi? Bu ehtimal da özünü doğrultmur.
Nəhayət, sonuncu sübut: İmam Hüseyn (ə) Kərbəla faciəsi barədə Allahın təqdirini və Peyğəmbərin öngörməsini ölümdən qaçmaqla yalana çıxarmağa çalışardımı? Bunu düşünməyin özü belə, məntiqsizlikdir!
İmam Hüseynin (ə) guya Rum diyarına getmək barədə icazə istəməsi də absurd fikir olmaq baxımından bunlardan geri qalmır. Bizans illər uzunu müsəlmanlarla döyüş şəraitində idi, bir neçə il əvvəl Konstantinopol mühasirəyə alınmış, bunun uğrunda hər iki tərəfdən itkilər verilmişdi. Belə olan halda məsum imamın əhli-kitabdan olan kafiri-hərbi hökmdarın himayəsinə sığınmaq istədiyini düşünmək hansı məntiqə sığışar?
Firəng ölkəsi ilə bağlı məsələ daha da gülüncdür. Hələ müsəlman ayağı dəyməmiş, 30 ildən sonra – 711-ci ildə ilk müsəlman əsgərinin qədəm basdığı Avropa qitəsində İmam Hüseyn (ə) nə etmək fikrində ola bilərdi? Allahın hüccəti özü buyurduğu kimi, cəddinin ümmətini islah etmək niyyətində idi, yoxsa mübarizə meydanını boş qoyub qaçmaq barəsində düşünürdü?
Bu iddiaların heç birini təsdiq edəcək mötəbər bir rəvayət rastımıza çıxmadı. Əlbəttə, Təbəri kimi öz rəvayətlərində məsuliyyətsizliyi ilə seçilən müəlliflərin əsərlərini çıxmaq şərti ilə. Məhz Təbəri tarixində İmam Hüseynin (ə) belə buyurduğu rəvayət olunur: “Bu üç şərtdən birini məndən qəbul edin. Ya gəldiyim yerə qayıdım. Ya əlimi Yezid ibn Müaviyənin əlinə qoyum ki, aramızda baş verənlər barədə öz sözünü desin. Ya da məni istədiyiniz müsəlman sərhədlərindən birinə yollayın ki, mən də sərhəd əhalisindən biri olum, onlar kimi hüquq və vəzifə daşıyım”.
Buna oxşar rəvayət İbn Əsir və İbn Kəsir tarixlərində də mövcuddur. İmam Hüseynin (ə) bu şərtləri həm Ömər ibn Sədlə gizli görüşündə irəli sürməsi, həm də ümumi şəkildə qarşı tərəfə elan etməsi iddia olunur. Maraqlıdır ki, hər üç müəllif (Təbəri, İbn Əsir, İbn Kəsir) bu rəvayəti konkret olaraq sənədlə deyil, “deyirlər ki” ifadəsi ilə təqdim etmişdir. Bu isə rəvayətin etibarını xeyli azaldır. Üstəlik, hər üç əsər şiə məzhəbində mötəbər qəbul edilmir. (İbn Kəsir daha da canfəşanlıq göstərərək yazır ki, guya İmam Hüseyn (ə) onu türklərlə sərhəd bölgəsinə göndərməyi xahiş etmişdi ki, türklərlə savaşsın) (!)
Təbəri yuxarıdakı rəvayəti verdikdən dərhal sonra onu təkzib edən başqa bir rəvayəti də nəql etməyi unutmur. Əqəbə ibn Səman deyir: “Mən Hüseynlə birlikdə idim, onun yanında Mədinədən Məkkəyə, Məkkədən İraqa getdim. Öldürülənə kimi ondan ayrılmadım. Mədinədə və Məkkədə, yolda və İraqda, düşərgədə ölüm gününə kimi onun kimsə ilə elə bir söhbəti olmadı ki, mən eşitməyim. Allaha and olsun, camaatın dediyi və zənn etdiyi kimi deyil. O, buyurmadı ki, əlini Yezid ibn Müaviyənin əlinə qoysun, yaxud onu müsəlman sərhədlərinin birinə yollasınlar. Əksinə, buyurdu: “Məni bu geniş yer üzündə buraxın; görək ki, camaatın işi nəyə doğru gedir” (Təbəri tarixi, Beyrut, 1995-ci il, III cild, səh. 312).
Qeyd edək ki, Əqəbə ibn Səman İmam Hüseynin (ə) xanımı Rübabın nökəri idi. Kərbəla hadisəsinin sonuna kimi Əhli-beytin düşərgəsində olmuş, amma İmam öz nökərlərini döyüşdən azad etdiyi üçün Əqəbə savaş meydanına çıxmamışdı. Əhli-beyt əsir edilərkən, Əqəbə nökər olduğunu söyləmiş və əsirlikdən nicat tapmışdı. Aşura faciəsi barədə rəvayətlərin böyük bir hissəsi onun dilindəndir.
islam.az