21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Musa Sədr kimdir?  - I hissə
26.12.2017

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.

İmam Musa Sədr ibtidai və orta təhsilini Qum şəhərinin "Həyat" ibtidai mədrəsəsi və "Sənam" məktəbində başa vurmuş, Hicri-qəməri1361-ci ildə Qum elmi hövzəsinə daxil olmuşdur. Orta və ali təhsili başa vurduqdan sonra fiqh və üsul üzrə xaric dərslərində iştirak etmiş, böyük ustadlardan bəhrələnmişdir.

Həmin ustadlardan bə’zilərini xatırlayaq: Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai, Şeyx Əbdül Cəvad Cəbəl-Amili, Ayətullah Muhəqqiq Damad, Ayətullah Seyid Məhəmməd Təqi Xansari, Ayətullah Höccət Kuhkəməri, Ayətullah Seyid Sədrəddin Sədr (atası), Əllamə Təbatəbai, Ayətullah Seyid Kazim Şəriətmədari, Ayətullah Seyid Rza Sədr (qardaşı).

İmam Musa Sədr hövzədə təhsil almaqla yanaşı 1379-cu ildə Tehran universitetinə daxil olmuşdur. Ustad universiteti müvəffəqiyyətlə başa vurub iqtisadi-hüquq ixtisası üzrə diplom almışdır. İmam Musa Sədr öz uca ruhundan və yüksək təlaşından faydalanaraq fars və ərəb dilləri ilə yanaşı ingilis və fransız dillərini öyrənmiş və bu istiqamətdə yüksək müvəffəqiyyət əldə etmişdir.


İmam Musa Sədr Nəcəfə hicrət etməzdən öncə Qum elmi hövzəsində yüksək ictihad dərəcəsinə çatmışdı. O müctəhid üçün zəruri olan ixlas, zöhd və təqva ilə yanaşı fövqəladə yaddaş, fərasət, agahlıq kimi səciyyələrə malik idi. Bu xüsusiyyətlər onu öz dövründə nadir insanlardan etmişdi. Bu barədə Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai belə söyləyir: "Musa Sədr Nəcəfin bariz elmi şəxsiyyətlərindən idi. O əvvəla, gənc idi, ikincisi onun Livan kimi dərdi vardı. Əgər cənab Musa Livana getməyib daha bir neçə il Nəcəfdə qalsaydı Nəcəfin tanınmış müctəhidlərindən olardı. O Nəcəf elmi hövzəsində o qədər diqqəti özünə çəkmişdi ki, haqqında belə danışılırdı: "Qum alimləri Nəcəf alimlərindən üstündürlər." Ustad bu günün bir çox müctehidlərindən daha güclü idi. Mən bu günkü ictihad mənasını nəzərdə tutmuram. O, şübhəsiz, müctəhid idi. "Müctəhid" sözünü lap qədim mənasında ona aid etmək olardı. Cənab Musa çox fəzilətli bir insan idi. Heyf ki, ondan lazımınca bəhrə götürülmədi.

İmam Musa Sədr Hicri-qəməri 1377-ci ilin qışında Nəcəfdən Quma qayıtdı. O ötən illərdə öz dostları və həmfikirləri ilə Qum elmi hövzəsində elmi bir dərgi hazırlamağa çalışırdı. Faydalı mövzuların əks olunduğu, hamının diqqətini özünə çəkə biləcək həftəlik və ya aylıq dərginin nəşri onların son qərarı olmuşdu. Amma həmin vaxt elmi hövzədə belə bir fəaliyyət üçün münasib şərait yox idi. Bu iş bəlkə də mümkünsüz idi. Çünki həmin vaxt hövzə tələbəsinin sadəcə qəzet oxuması təqvasızlıq və zəif iman əlaməti sayılırdı. Belə bir mühitdə ruhani şəxsin qəzet yazıb, qəzet çap etməsi barədə danışmağa dəyməz. Bu istiqamətdə fəaliyyət göstərən ruhaniləri böyük problemlər gözləyirdi. Bu istiqamətdə polad iradəyə, fövqəladə şücaətə ehtiyac vardı. Nəhayət, Musa Sədrin və onun dostlarının ciddi təlaşları sayəsində Hicri-qəməri 1377-ci ildə Qum elmi hövzəsində "İslam məktəbindən dərslər" adı altında dərginin ilk nömrəsi çap olundu. Bu dərgi uzaq görən müctəhid Ayətullah-üzma Bürucerdinin razılığı ilə qarşılandı. "İslam məktəbi" dərgisində çap olunan məqalələrin hər biri hövzənin və İranın mövcud fəzasında yenilik kimi qarşılanırdı. Dərgidə əqidələr, məzhəbər, dinlər, İslam tarixinin araşdırılması mövzusunda yazılar, tərcümələr, iqtisad və əxlaqla bağlı məqalələr əsas yer tuturdu. "İslam məktəbi" dəyərli bir dini mənbə olmuşdur.

İmam Musa Sədr Hicri-qəməri 1379-cu il cəmadiul-əvvəl ayında Livanın tanınmış alimlərinin dəvəti ilə bir aylıq Livana yola düşdü. Amma orada mövcud vəziyyəti müşahidə edib, şiələrin və müsəlmanların acınacaqlı vəziyyətindən xəbər tutub məsuliyyət hiss etdi və alimlərin dəvətinə müsbət cavab verərək Livanda qaldı.

İmam Musa Sədrin Livandakı fəaliyyətlərini dörd prinsip üzərində təsvir etmək olar:

a) Mədəniyyət-din: İmam Musa Sədr Livana daxil olduğu andan əsaslı və dəqiq bir proqramla hərəkət etməyə başladı. O ardıcıl şəkildə məscidlərdə, məktəblərdə, universitetlərdə, sair ictimai mərkəzlərdə nitq söyləyir, faydalı siniflər təşkil edərək gənc nəsli məlumatlandırmağa çalışırdı. Qısa bir müddətdə bir çox müsəlman və məsihi gənclər imam Musa Sədrin qurtuluş müjdəli düşüncəsinin təsiri altına düşdü. Beləcə, mədrəsələr, məktəblər, universitetlər qərb mədəniyyətinə qarşı polad səngərlərə çevrildi.

b) İqtisadiyyat-mədəniyyət: İmam Musa Sədr mədəni işlərlə yanaşı xalqın iqtisadi problemlərinə də diqqət yetirirdi. Əslində bu iki yönümü bir-birindən ayrılmaz sayır və deyirdi: "Ümumi şəkildə Livan xalqının yaşayış səviyyəsini yaxşılaşdırmaq, xüsusi ilə müsəlmanların elmi səviyyəsini yüksəltmək mənim dini vəzifəmdir. Mən əminəm ki, hazırkı maddi durumla düşüncə səviyyəsini qaldırmaq olmaz..." Bu səbəbdən də o əsaslı bir addım ataraq təhsil, tərbiyə və iqtisad mərkəzlərini hərəkətə gətirməyə başladı. Aşağıdakı işlər nəzərdə tutulurdu:

1. Cəbəli-amilin peşə məktəbi gənc oğlanlara xarratlıq, dülgərlik və qaynaqçılığı öyrətsin;

2. Mərhum Şərəfüddinin yoxsullara yardım cəmiyyətinin fəallaşdırılması, həqiqi ehtiyaclıların müəyyənləşdirilməsi, onlar üçün təlim-tərbiyə işləri;

3. Yoxsul və himayəsiz qalmış qızlara dərzilik, toxuculuq, əl işləri öyrətmək üçün qızlar evinin təsisi;

4. Tibb bacıları hazırlayan müəssisələr və qızlar üçün münasib iş yerlərinin açılması;

5. Xalçaçılıq sənətini öyrədən müəssisələr, ehtiyaclılar üçün bu sahədə iş yerlərinin açılması;

6. Yoxsul sinfin sağlamlığına xidmət üçün tibbi mərkəzlərin açılması;

7. İslamın düzgün təbliği üçün elmi hövzələrin təsisi;

8. Qadınların problemlərinin həlli üçün qadın təşkilatlarının təsisi;

9. Kimsəsiz uşaqların himayəyə alınması üçün yetimxanaların təsisi;

10. Savadsızlıqla mübarizə müəssisələrinin təsisi;

11. Əlillər evinin təşkili;

12. İdman mərkəzlərinin açılması, gənclərin ruhi, psixoloji, hərbi hazırlığının təşkili.

Nəzərdə tutulan mərkəzlərin açılışı istiqamətində fəaliyyətlər həmin dövrdə Livan müsəlmanlarının iqtisadi dirçəlişində mühüm rol oynadı. İqtisadi inkişaf gücləndi, insanların nikbinliyi artdı. İmam Musa Sədrin proqramları və fəaliyyətləri bu gün də Livan dövləti üçün nümunədir. Ölkənin iqtisadi dirçəlişi üçün uyğun iqtisadi proqramlardan istifadə edilir.

c) Siyasət-təşkilatçılıq: İmam Musa Sədr öz fəaliyyətlərinin üçüncü mərhələsində daha əsaslı bir proqram üzrə "Livan şiələrinin ali məclisi" adı altında məclis təsis etdi. Bu tarixi addımın səbəbi Musa Sədrin özünün şiə olması deyildi. Sadəcə, ölkədə şiələrin vəziyyəti sünni və məsihilərin vəziyyətindən daha acınacaqlı idi.

Həmin dövrdə mövcud on beş firqə azlıqda olsa da, onların hər birinin rəsmi qurumu və rəhbərliyi vardı. Bu qurum və rəhbərlik öz üzvlərinin haqlarını müdafiə edirdi. Şiələrinsə heç bir təşkilatı yox idi. İmam Musa Sədr Hicri-qəməri1386-cı il Rəbiüs-sani ayının 27-də Beyrutda keçirdiyi böyük mətbuat konfransında şiələrin problemlərini mütəxəssiscəsinə, rəqəmlər əsasında açıqladı. Sonra bu problemlərin həlli üçün Livanda rəsmi şiə məclisinə ehtiyac olduğunu bildirdi. Müxtəlif fərdlərin və qrupların ciddi müxalifətinə baxmayaraq, nəhayət, imam Musa Sədrin təklifi məclisdəki şiə nümayəndələr tərəfindən rəsmi layihə şəklində təqdim olundu. Layihə müzakirə olunaraq h.q. 1387-ci ilin Səfər ayında təsdiq edildi.

d) Əqidə-ordu: İmam Musa Sədrin əsas proqramının dördüncü mərhələsi əqidə və hərb yönümlü iki mərkəzin təşkili idi. Bu mərkəzlərdən biri "yoxsullar hərəkatı" digəri, "əməl hərb təşkilatı" adlanırdı. Livan mühitində istənilən bir partiya və siyasi təşkilat xaricdən ideoloji və maddi dəstək alırdı. Yoxsullar hərəkatı ilk azad hərəkat oldu. "Nə şərq, nə də qərb" şüarı ilə 1391-ci ildə fəaliyyətə başlayan bu hərəkat ölkədəki ideoloji, mədəni və əxlaqi boşluğu doldurmağa çalışırdı. Məhz bu hərəkatın təlaşları sayəsində insanlar İslam maarifi ilə yaxından tanış olurdu. Həftə və ay ərzində çeşidli siniflər təşkil olunur, Seyid Məhəmməd Hüseyn Fəzlullah, Şeyx Mehdi Şəmsuddin, imam Musa Sədr, şəhid doktor Mustafa Çəmran kimi alimlərin vücudu sayəsində gənc nəsil həqiqətdən xəbər tuturdu.


1970-ci ilin qanlı sentyabr hadisələrində İordaniya ərazisində yerləşmiş on beş minlik fələstinli qırğına məruz qaldı və sağ qalanlar həmin məntəqəni tərk edib Livana sığındılar. Həmin vaxt cənubdakı şiələr imam Musa Sədrin tövsiyəsi ilə fələstinlilərin istiqbalına çıxdı. Onlara evlər, torpaqlar, düşərgələr verildi. Fələstinlilərlə həmrəylik nümayişləri keçirildi. Qısa bir müddətdə fələstinlilər Livanda məskunlaşıb oradan İsrail əleyhinə pərakəndə hərbi əməliyyatlar keçirməyə başladılar. Digər bir tərəfdən, müsəlman fələstinlilərin cənub şiələri ilə Musa Sədrin rəhbərliyi altında birləşməsi İsraillilərin narahatçılığını iki qat artırdı, Livan dövləti, sol və sağ partiyaları qorxuya saldı.

Uyğun qruplar Livan dövləti ilə həmkarlıq edib İsrailə dolayısı ilə arxa durdular, birləşmiş bir cəbhə yaratdılar. Bu cəbhə şiələrə qarşı qətl-qarət törətməklə onlar üzərindəki hakimiyyətini qorumağa çalışırdı. Bu səbəbdən də müxtəlif bəhanələrlə partiyalar və məzhəblər arasında daxili çəkişmələr şölələndi. Daxili təlaşların mühüm səbəblərindən biri solçu və sağçı partiya rəhbərlərinin Livanı parçalamaq istəyi idi.

1973-cü ildə Corc Həbəşin rəhbərlik etdiyi xalq cəbhəsindən bir neçə fərd partlayış törətmək istədilər. Amma partlayışdan öncə terrorçular həbs olundu. Xalq cəbhəsi həmin şəxslərin azadlığa buraxılmasını tələb etdi. Livan dövləti müqəssirləri azad etməkdən boyun qaçırdı. Cavab olaraq cəbhə üzvləri Livan ordusunun bir zabit və bir əsgərini girov götürdü. Onları Səbra düşərgəsinə apardılar. Bunun ardınca Livan ordusu toplardan istifadə etməklə Səbradakı Fələstin düşərgəsini bombaladı. On dörd gün havadan və yerdən atəşlər davam etdi. Həmin vaxt Suriya qoşunu fələstinlilərin müdafiəsinə qalxaraq Livana daxil oldu. Bir neçə şəhər ələ keçirildi. Elə həmin vaxt İsrail münasib fürsətdən istifadə edib Livanın cənubuna hücum etdi. Zahirən bu fitnəni Fələstinə aid bir təşkilat törətsə də, imam Musa Sədr Fələstin xalqının xeyrini və bütün müsəlmanların məsləhətini nəzərə alaraq məsələyə qatışdı. Öncə bəyanat verərək Livan ordusuna müraciət etdi. Bombardmanlar davam edəcəyi təqdirdə əks tədbirlərin görüləcəyi ilə hədələdi. Məzhəb rəhbərlərindən tələb etdi ki, Fələstinin müdafiə komitələrini yaratsınlar. Sonra Suriyanın prezidenti Hafiz Əsədlə əlaqə saxlayıb Suriya qoşunlarının Livandan çıxmasına nail oldu. Beləcə, hər iki tərəfə təsir göstərməklə Livan dövləti ilə Fələstin mübarizləri arasında atəşkəsə müvəffəq oldu. Diqqət müştərək düşmənə (İsrailə) yönəldi.


1974-cü ildə ilk dəfə Fələstin mövzusunun birləşmiş millətlər təşkilatında müzakirəsi üçün şərait yarandı. Bu tarixi yığıncağın nəticəsi fələstinlilərin xeyrinə oldu. Ona görə də İsrailin təhlükəsizlik orqanları aranı qatmaq üçün ciddi təlaşlara başladılar. Onlar fələstinliləri terrorist kimi tanıtmağa çalışır, fələstinli rəhbərlərin beynəlxalq məclislərdə iştirakına mane olurdu, fitnələr törətməklə məsihilərlə fələstinliləri bir-birinə qarşı qoyur, münasibətləri qızışdırırdılar. Nəzərdə tutulmuş iclasdan bir ay qabaq Kətaib partiyasının muzdurları Beyrut ərazisində on bir fələstinlini qətlə yetirdilər. Artıq qarşıdurma üçün tam şərait yaranmışdı. Həmin vaxt Yasir Ərəfat imam Musa Sədrə müraciət etdi, o da öz növbəsində şücaətli bir addım ataraq Kətaib rəhbəri Pir Cəmillə təmas saxladı. Məntəqədə sülh bərqərar oldu. Bir ay sonra beynəlxalq iclas keçirildi və tarixdə ilk dəfə dünyanın 105 ölkəsi Fələstin millətini rəsmi şəkildə tanıdı. Bu qələbə Fələstin xalqı üçün olduqca dəyərli idi.


Nisbi sakitlikdən çox keçməmiş bir çox qruplar Kətaib firqəsinin başçılığı ilə aranı qızışdırmağa başladılar. Silah dolu gəmilər Livana yan aldı. Firqələr silahlandırıldı. İslam dini və Fələstinə qarşı təbliğatlar şiddətləndi. Müsəlmanlar qətl-qarətdə ittiham olundu. Livanın cənubundakı əhali Fələstinə himayədarlıqda suçlandı, xain adlandırıldı. Soyuq müharibə zirvə həddinə çatdı. Livan böyük bir partlayış vəziyyətinə gəlib çıxmışdı. Məqsəd aydın idi. Onlar yenidən Fələstini meydana sürükləmək, İsrailə bəhanə vermək, fələstinliləri qətli-am etməklə bu işğal olmuş ölkəni tarix səhifəsindən həmişəlik silmək istəyirdilər. 1975-ci il aprel ayının on üçündə günortaya yaxın faciəli bir hadisə baş verdi. Livanlı və fələstinli sərnişinləri aparan avtobus Eynur-rəmanədə Kətaib kilsəsinin qarşısından keçərkən vəhşi hücuma məruz qaldı, sərnişinlərin hamısı öldürüldü. Qətlə yetirilənlərin cəsədləri saatlarla yerdə qaldı. Bu hadisə müsəlmanları çox qəzəbləndirdi. Həmin vaxt daim ara qızışdıran solçu partiyalar intiqam məqsədi ilə meydana daxil oldular. Məzhəblər və firqələr arası savaş yenidən alovlandı. İmam Musa Sədr bütün nüfuz və gücünü işə saldı, tərəflərdən atəşkəs üçün razılıq aldı. Sonra o, siyasi və əxlaqi təzyiqlərlə qarşı tərəfləri müzakirə masası arxasına oturda bildi. Atəşkəs sülhə çevrildi. Hətta Kətaib firqəsi çıxılmaz vəziyyətdə qalıb cinayətinə görə üzr istədi. Bu firqə öhdəsinə götürdü ki, avtobusa hücum çəkmiş on dörd silahlı şəxs məhkəmə orqanlarına təhvil verilsin. Solçu partiyalarsa öncə barışığa getmirdilər. Onlar qətiyyətlə savaş istəyirdilər. Amma İmam Musa Sədrin sülhə doğru atdığı addımlar qarşısında çarəsiz qalıb sülh müqaviləsini imzaladılar. Solçu partiya rəhbərlərindən biri olan Kamal Conblat iclasdan çıxarkən imam Musa Sədrə dedi: "Sən çox sevilirsən! Çox şöhrətli olmusan. Amma qazandığın şöhrəti qorumaq istəsən, sülhdən yox, savaşdan danışmalısan!" İmam Musa Sədr onun cavabında dedi: "Mən şəxsi şöhrət yox, bədbəxt millətin xoşbəxtliyi üçün çalışıram."

Qeyd etməliyik ki, bu atəşkəs firqələr tərəfindən on səkkiz dəfə pozuldu. Nəhayət imam Musa Sədrin ciddi təlaşları sayəsində sülh yarandı.[

Atəşkəsin pozulduğu son faciəli hadisə fitnəkar qətllərlə sonuclandı. Solçu və sağçı partiyalar xalq arasında müharibə alovunu qızışdırmaq üçün müsəlman məntəqələrində məsihiləri, məsihi məntəqələrində müsəlmanları qətlə yetirməyə başladılar. Belə bir məqamda məsihilər sağçı, müsəlmanlar isə solçu partiyalara sığınıb silah əldə etməyə məcbur idilər. Fitnəkarlıq və məzhəbi qarşıdurma alovu Livanı görünməmiş bir həddə ağuşuna aldı.

Həmin vaxt imam Musa Sədr Allaha təvəkküllə, kamil ixlasla meydana daxil olub, Livanın müxtəlif şəhərlərinə səfərə çıxdı. O müsəlmanların və məsihilərin müxtəlif toplantılarında çıxış edir, düşmənin fitnəkar planlarını açıqlayırdı. O tərəfləri düşmən qarşısında müvafiq cəbhədə birləşməyə dəvət edirdi. Qəbilə və məzhəb ixtilaflarının zirvə həddinə çatdığı Bəlbək şəhərində çıxış edən imam Musa Sədr dedi: "Əgər Beyrutda mənim oğlumu öldürsələr, icazə vermərəm ki, Bəlbəkdə günahsız bir məsihidən intiqam alsınlar. Çünki bu iki hadisə arasında heç bir əlaqə yoxdur. Müsəlman da məsihi də bu millətin düşmənləri tərəfindən qətlə yetirilmişdir."


İmam Musa Sədr bu çıxışı ilə böyük müvəffəqiyyət əldə etsə də, solçu firqələr və onların qəzetləri məhz həmin cümləni şüar edərək imam Musa Sədri məsihilərə tərəfdarlıqda ittiham etdilər. Amma o, bu kimi hadisələrdən sarsılıb ümidini itirmədi; qardaş qırğınına son qoymaq, etibarlı sabitlik yaratmaq üçün misilsiz və tarixi bir addım atdı. 1975-ci ilin iyun ayında Beyrutun Amiliyyə məscidində aclıq aksiyasına başladı. Bu tarixi bir bəyanatda öz istəklərini bir neçə bənddə şərh edib bildirdi ki, bu bəndlər həyata keçənədək aclığı dayandırmayacaq. Bəyanatdakı şərtlər:

1. Qırğının dayandırılması, bütün qüvvələr tərəfindən atəşkəsin qəbulu;

2. Solçu və sağçıların iştirakı olmadan müvəqqəti hökumətin qəbulu;

3. Törədilmiş hadisələri araşdırıb cinayətkarları cəzalandırmaq üçün təftiş komitəsinin yaradılması;

4. Xalqa dəymiş ziyanı təyin edib ödəmək üçün müvafiq komitənin təsis edilməsi;

5. İmkansızlara yardım komitəsinin təşkili.

Xalq arasında müxtəlif təbəqələr aksiyaya qoşuldu. Bəlbək kimi böyük şəhərlərdən minlərlə insan Beyruta gəlib imam Musa Sədrə qoşuldu. Dövlət radiosu Beyrutun böhranlı olduğunu elan etdi və bu şəhərin küçələrindəki qarşıdurmalardan xəbər verdi. Lakin bütün bu təbliğatlara baxmayaraq, xalq imam Musa Sədri himayə edəcəyini bəyan etdi. Aksiyanın ikinci günü məsihilər bir sıra bəyanatlarla imam Musa Sədrin təklif etdiyi hökumət planını himayə etdilər. Məsihilərin bir çoxu öz kilsələrində aclıq aksiyasına başladılar. Müsəlmanların da bir çoxu kilsələrə gedib onlara qoşuldular. Üçüncü gün məsihilərin böyük şəxsiyyətləri Amiliyyə məscidində imam Musa Sədrin görüşünə tələsdilər. Livanın əksər böyükləri, siyasətçilər, sünnə əhlinin rəhbəri Həsən Xalid, Yasir Ərəfat, Suriyanın xarici işlər naziri Xəddam onu himayə etmək üçün Amiliyyə məscidinə getdilər.

Aksiya zamanı xalq məscidin ətrafına toplanmışdı. Onlarda qəribə əhval-ruhiyyə mövcud idi. İmam Musa Sədr onlara təmiz və aydın nitq söyləyirdi. Bu zaman məqsədsiz solçu və sağçı partiyalar havadan və yerdən atəş açmağa başladılar.

Şiə, sünni və məsihilərdən ibarət xalq toplusu bu sülhsevər insana qoşuldular. Ümumi qəzəbin coşduğunu görən dövlət də çarəsiz qalaraq imam Musa Sədrin tələblərinə təslim oldu. Beləliklə, onun təklif etdiyi hökumətin təşkil olunmasına zəmin yarandı.

Dördüncü gün imam Musa Sədr aclıq aksiyasını dayandırdı. O, xalqa öz təşəkkürünü bildirdiyi bəyanatında belə əlavə etdi: "...Mən istədim və məsciddə aksiyaya başladım. Bununla da Livan xalqına və bütün dünyaya sübut etdim ki, bu ölkədə odlu silahdan daha kəsərli olan başqa bir silah var. Bu iman, vicdan və agahlıq silahıdır! Livanın şərəfli və vətənpərvər əhalisinin əksər hissəsi bu silahla silahlanmışdır..."


ardı var...