21 Noyabr 2024 - 21
Söylə Hüseynə, ey səba, Kərbubəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firənkətək apar cümleyi-ali-heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.
Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,
Toyda olur yəqin onun qanına əlləri xizab.
Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,
Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.
Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,
Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.
Qardaşının uzun qolu görmə rəva ola qələm,
Bacıları ayaqyalın, dəşti-bəlayə gəlməsün.
Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,
ibni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə qətil,
İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.
Badi-xəzan əsər səni qonçəsifət əyalına,
Rəhm elə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.
Canı təsəddüq eylədim Əkbərim, cəmalına,
Sağ ola ol İmam Hüseyn, qəm üsərayə gəlməsün.
Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,
Ərzimi birəbir elə, Ali-əbayə şərhi-hal.
İki açılmış gülüm Kufədə zari-dilməlal,
Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.
Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən,
Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,
Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.
Söylə onun anasına başına qarə bağlasın,
İki baladən ayrılıb, Kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,
Bəlkə yetimliyin tozu mahi-liqayə gəlməsün.
Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasu a`m
Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.
Xurşidbanu Natəvan