21 Noyabr 2024 - 21
Xeymələrə, əmməcan, ləşkəri-üdvan gəlir,
Əldə tutub Şümri-dun xəncəri-bürran gəlir.
Əmmə! yəqin ki, bu dəm tapdı şəhadət babam,
Gün tutulur, qan yağır, etdi qiyamət qiyam,
Gör ki, təmam atlanıb ləşkəri-qovmi-zülam,
Etməyə qarət bizi, ləşkəri-Süfyan gəlir.
Harda qalıb əmməcan, Əkbəri-Yusifliqa,
Bəs əmim Əbbas hanı, naibi-şiri-Xuda?
Bizləri yalqız görüb bu həşəmi-bihəya,
Hərmələ at oynadır, Şümr rəcəzxan gəlir.
İndi bu ləşkər bizi eyləyəcəkdir əsir,
Çün götürüb ləşkərin, ney çalı Şümri-şərir.
Əmmə, yavıqlaşdı kim, cümlə olaq dəstgir,
Dadımıza bəs haçan ol şəhi-Mərdan gəlir?
Gördü bu halı o gün Zeynəbi-biəqrəba,
Sovti-cəliylə dedi:- Ya Əliyyül-Mürtəza!
Dadə yetiş, Ya Əli, ey şəhi-müşkülgüşa,
Ali-Əli üstünə ləşkəri-tüğyan gəlir.
Oldu əsiri-ədu cümlə o məhparələr,
Qarət olub Zeynəbü zivərü biçarələr,
Ali-Əli qəlbinə dəydi o gün yarələr,
Dust gözündən belə matəm üçün qan gəlir.
Ağla bu matəmdə, ey Seyyidi-bəxti-qara,
Nəzm elə bu matəmi, şövq ilə sübhü məsa.
Əcrini axır verir padşəhi-Kərbəla,
Həşrdə fəryadına şafiyi-üsyan gəlir.
Seyid Əzim Şirvani