23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Musa Sədr kimdir? - II hissə
29.12.2017

Fitnələrlə mübarizə və Fələstinə dəstək

1975-ci il iyul ayının iyirmisi, şənbə günü (1395-ci il Rəcəb ayının onu) Zəhlə şəhərinin çayxanalarından birində bir müsəlmanla bir neçə məsihi arasında mübahisə yarandı. Nəticədə müsəlman kişi qətlə yetirildi. Məhkəmə hadisəni araşdırdıqdan sonra iki nəfəri ölümə məhkum edib həbs etdi. Şəhər məsihiləri bu həbsə etiraz edib, hücum çəkərək məhkumları həbsxanadan azad etdilər. Başqa bir tərəfdən qəzəbli müsəlmanlar meydana atıldılar. Yenidən qarşıdurmalar başlandı. Qısa bir müddətdə baş vermiş qarşıdurmalar Trablos və Beyrut kimi böyük şəhərlərdə də özünü göstərdi. Kətaib partiyası fürsətdən istifadə edib kütləvi şəkildə şiə qırğınına başladı. Bu fitnə on gün ərzində davam etdi. Bu müddətdə yalnız başı kəsilənlərin sayı iki yüzü ötdü. Şəhid Doktor Mustafa Çəmran bu növ qətllərdən möcüzəvi şəkildə qurtulmuş şəxslərdən idi. Bu acı hadisədə 7 min nəfər öldü və 20 min nəfər yaralandı. Beləliklə, Livan yenidən süqut astanasına yuvarlandı.

Bu arada bütün dinlər və məzhəblərdə siyasət, məzhəb və mədəniyyət xadimləri arasında ilk və son söz deyə bilən yeganə şəxs yenə də imam Musa Sədr idi. O, son zamanlar özünün dəstəyi ilə baş nazir təyin edilmiş Rəşid Kərami ilə məşvərət edib televiziyaya çıxdı; məhəbbətli çıxışına Quran və İncil tilavəti ilə başladı. İmam Əlinin (ə) Nəhcül-bəlağədəki hikmətli sözlərinə əsaslanaraq müsəlmanlarla məsihilər arasında sülh və birliyin qorunmasının zəruriliyini açıqladı. O, bəşəriyyəti istismar edən xəyanətkar sövdagərlərin baş vermiş qarşıdurmadakı roluna işarə etdi. Onun çıxışı xalqa çox təsirli oldu. Daha çox düşmənin təhriki nəticəsində baş vermiş bu qədər böyük qırğından sonra tərəflər müharibəyə son qoymağı qərara aldılar. Sabahı gün Livana sülh və əmin-amanlıq hökm edirdi.

Bu qarşıdurmalarda düşmənin məqsədi müsəlmanları, məsihiləri, xüsusi ilə də fələstinliləri bir-birlərinin canına salıb, Nildən Fərata kimi ərazini qəsb etməyə zəmin yaratmaq idi. İmam Musa Sədr bütün bu hiylələrdən xəbərdar idi. O daim Fələstini bu fitnələrdən qorumağa çalışırdı. Bu səbəbdən də özünü və mübariz şiələri onlara sipər edib, düşmənlərin bəhanələrini kəsirdilər. Bu fədakarlıqlar şiələr üçün çoxsaylı şəhidlər və maddi xəsarətlər bahasına başa gəlsə də, onların məzlum simasına edilmiş töhmətləri aradan götürdü. Sübut olundu ki, şiələr Fələstinin ən yaxşı, ən rəhimli hamiləridir və onlar Fələstin üçün canlarından belə keçirlər.

İmam Musa Sədr daim Fələstinin aqibəti haqda düşünürdü. O, iştirak etdiyi məclislərdə qətiyyətlə bildirirdi ki, biz Fələstin məsələsini qorxub-çəkinmədən öhdəmizə götürməli və bu yolda qurban verməkdən çəkinməməliyik. O, Fələstin məsələsini çox geniş şəkildə bəyan edirdi: "Fələstinin azadlığı üçün çalışmaq islami, məsihi müqəddəsliklərin azadlığı və insani hürriyyət yolunda çalışmaqdır. Bu həmçinin yer üzündə Allah adının pak qalması üçün mücadilədir. Çünki sionizm öz rəftarları ilə Allahın adını ləkələyir..."

Əxlaqi Səciyyələr Və Düşüncə Tərzi

Onun alicənablığı və təvazökarlığı kimsənin gözündən yayınmamışdı. Yalnız dostlar və yaxınlarla yox, hamıyla rəftar edərkən peyğəmbər əxlaqını nümayiş etdirirdi. Onun iş yoldaşlarından biri Şeyx Ədib Heydər belə deyirdi: "İmam Musa Sədrin məlum səciyyələrindən biri də onun təvazökar olması idi. Bəqada xidmətində olduğumuz bütün illər ərzində bir dəfə olsun belə onun hökmranlığı altında olduğumuzu hiss etmədik. Onun da eynən bizim kimi bir şəxs olduğunu düşünürdük. Yəni, onun rəftarı elə idi ki, heç kəs qarşısında öz kiçikliyini hiss etmirdi..."
Sürücüsü Əbu Əli Hüseyni Hicazi nəql edir: "...daim mənə xatırladırdı ki, xalq onu qarşılamaq istəyərkən maşını onlardan yüz metr aralıda saxlayım və düşüb onları qarşılasın, layiq olduqları üçün onlara hörmət etsin. O deyirdi ki, bu xalq bizim üçün nemət səbəbidir. Allah onları çox sevir..."

O xalqla heç vaxt təkəbbürlə davranmazdı. Dəfələrlə olmuşdu ki, Dəməşqə getdiyimiz günlər "mənim növbəmdi" deyib yemək və çayı özü hazırlayırdı. Onunla yaxınlıq nəticəsində bizdə zərrə qədər təkəbbür yarandığını müşahidə etdikdə çox üzülür, ağlayır və belə deyirdi: "Mən belə istəmirəm...Mən Allah qarşısında cavab verə bilməyəcəm. Gedin tənhalığa çəkilin, Allahdan bağışlanmağınızı diləyin ki, təkəbbürə düçar olmayasınız..."

Corc Həbəşin rəhbərliyi altında kommunist partiyasının (xalq cəbhəsi) üzvü olan bir neçə şiə cavan aldadılaraq imam Musa Sədrə hazırlanmış terror planını yerinə yetirmək üçün tapşırıq alır. Onlar qumbaraatanla silahlanıb imam Musa Sədrin yolu üstə pusqu qururlar. Bu zaman onlardan biri qəflətdən oyanıb peşman olur və özünü "Əməl" təşkilatının cavanlarına çatdırıb onları təşkil olunmuş terrordan xəbərdar edir. "Əməl"in cavanları məntəqəni mühasirəyə alaraq onları tutub imam Musa Sədrin yanına aparırlar. O, alicənablıq göstərib, onların azad edilməsini göstəriş verir.

Livan ruhanilərindən biri mərhum Şeyx Hüseyn Xətib imam Musa Sədrin müxaliflərindən idi. O özü belə deyirdi: "...mən bu kişi ilə çox vuruşdum! Onunla çox mübarizə apardım. Lakin hər nə qədər çox mübarizə aparırdımsa, bir o qədər məhəbbət göstərir və mənim görüşümə gəlirdi. O qədər məhəbbət göstərdi ki, xəcalət çəkib həya etdim..."
Şəhid doktor Mustafa Çəmran imam Musa Sədrin bu səciyyəsi ilə bağlı ona belə yazır: "...ey mənim sevimlim! Sən qövmün simvolusan. Min dörd yüz illik əzab-əziyyəti öz çiyinlərində daşıyırsan. Min dörd yüz ilin ittihamlarına, töhmətlərinə, hücumlarına, nifrinlərinə və acı sözlərinə dözürsən. Keçmiş kinləri, tarixi düşmənçilikləri, acı həsəd və xainlikləri dadırsan. Sən fədakarlıq edirsən. Sən hər şeyindən keçirsən, sən öz həyat və varlığını insanlara fəda edirsən və düşmənlərin bunun əvəzində söyüş söyüb, xəyanət edirlər. Onlar töhmətlər vururlar və cahil xalqı sənə qarşı təhrik edirlər. Lakin sən, ey imam, bir an olsun belə haqdan dönmürsən və pisliyə pisliklə cavab vermirsən. Sən tufanda dayanmış möhkəm dağ kimi sakit və arxayınlıqla həqiqətə, kamilliyə doğru addımlayırsan. Bu baxımdan sən Əlinin nümayəndəsi, Hüseynin varisisən... Mən sənin tərkində mübarizə aparıb bu şərəfli yolda şəhadət şərbəti daddığım üçün fəxr edirəm."

İbadət və bəndəlik

İbadət və bəndəlik imam Musa Sədrin vücudunda yüksək səviyyədə təcəlla edirdi. Bu səciyyə onu kamil insanların zümrəsinə daxil etmişdi. İmam Musa Sədrlə birgə dərs oxumuş Qum və Nəcəf mədrəsəsinin seçilmiş şəxsiyyətlərindən biri bu barədə belə deyirdi: "...O, ruhaniyyət böyüklərinin uca zümrəsinə daxil olmuşdu. Əxlaqi səciyyələr baxımından indiyədək oxşarını görməmişəm. Kamil bir ruhani üçün lazım olan hər bir şeyi onda müşahidə etdim. Xüsusi ilə axır zamanlar ibadət etməkdə misilsiz olmuşdu. O həm öz dövrünün ziyalı şəxsiyyəti, həm də yüksək ibadət ruhuna malik bir fərd idi."

İş və problemlərinin çox olmasına baxmayaraq, daim xalqla görüşmək üçün müəyyən vaxt təyin edirdi. Xalqın yanında yaşayır, onlarla görüşür və rahatlaşırdı; xalqa olan sevgisi nurlu gözlərindən sezilirdi. O deyirdi: "...mənim yerim sizin aranızdadır; mənim qərərgahım qəlblərinizdir; gücüm əllərinizdədir; mənim mühafizəçim gözlərinizdir; mənim proqramlarım sizin vasitənizlə icra olunacaq. Bu dünyada heç kəsi və heç nəyi sizdən üstün tutmayacam..."

Məzhəbi münasibətlər və əzəmətli dini bayramlarda Livanın əksər dini-siyasi şəxsiyyətləri iştirak edirdilər. Lakin imam Musa Sədr belə günlərdə kasıb təbəqə və xüsusi ilə cənub bölgəsinin təcavüzə məruz qalmış məntəqəsindəki yetim uşaqlarla olmağı üstün tuturdu. O belə günlərdə xalqla görüşmək üçün xüsusi vaxt ayırırdı. Düşmən atəşi altında olan sərhəd kəndlərini bir-bir gəzirdi. Bütün bunlara görə xalq ona aşiq olmuşdu.
O, şəhid ailələri ilə görüşmək üçün xüsusi vaxt ayırmışdı. Daim onların könlünü alır, fədakarlıq və sabitqədəmliklərindən enerji alırdı. İmam Musa Sədr bir dəfə tənha qalmış altımış yaşlı qadınla görüşməli idi. Onun ailəsinin bütün üzvləri bombardmanlarda və müxtəlif hadisələrdə şəhid olmuşdu. Bir müddət öncə sonuncu övladını itirən bu qarı imam Musa Sədri çox həvəslə qarşıladı. İmam Musa Sədr otağın bir küncündə oturmuşdu. Qarı onun qarşısında oturub heç nə danışmırdı. Amma birdən titrək səslə danışmağa başladı: "Ey imam, sən nə üçün qadınlara təlim ordusu yaratmamısan. Əgər belə bir ordu olsaydı, mən orada döyüş qanunlarını öyrənib, şəhadət iftixarına nail olardım."

Başqa bir görüş iki övladını itirmiş ailə ilə oldu. Ailənin atası imam Musanı görərkən belə dedi: "Ey imam! Narahat olma. Mənim başqa üç oğlum da var. Yoldaşım və özümlə birlikdə beş nəfərik. Biz hamımız şəhadətə hazırıq."
İmam Musa Sədr İslam maarifi, dini məsələlər və hökmlər barəsində düzgün və dəyərli nəticəyə gəlirdi. Dünyanın yaranışı haqda geniş və aşkar fəlsəfi və arifanə nəzərə malik idi. Onun bütün nəzəriyyələri Əhli-beyt (ə) məktəbindən qaynaqlanırdı. Belə bir düşüncədə olması onu elmi, ədəbi, siyasi, ictimai və hərbi meydanda dövrünün yüksək şəxsiyyəti etdi.


Təbliğdə yenilik

İmam Musa Sədr müvəffəq olduğu elmi təcrübələri haqqında belə deyir: "...bu addımlar mənim iki ildən az müddət ərzində Livanın Sur şəhərində qazandığım təcrübələrə əsaslanır. Mənə açıq-aydın əyan oldu ki, təbliğ kamil şəkildə bəyan olunsa, İslamın və xalqın ruhi ehtiyacları nəzərə alınsa, hər hansı bir dəvət dövrə münasib olsa çox təsirli ola bilər. Belə bir dəvəti bütün təbəqədən olan insanlar, hətta ipə-sapa yatmayanlar və nadanlar qəbul edirlər...Tam yəqinliklə bildirirəm ki, vacib əməlləri və vəzifələri yerinə yetirmək üçün yol tam açıqdır. Hamı, uzaq və yad olanlar da dini qəbul edib onun uca göstərişlərinə əməl etməyə hazırdır... Təbliğdə ixlas, zövq və çalışmaq kifayət edir..."

O, İslami mədəniyyət və incəsənət haqqında bir çox sözlərə malik idi. İmam Musa Sədr "tövhidşünaslıq", "əbədiyyət", "həmahənglik", "bəsirət" və "quruculuq" kimi məsələləri İslam mədəniyyətinin bariz səciyyələrindən sayırdı.

"...Şərq incəsənəti və ədəbiyyatının bir hissəsi olan İslami incəsənət və ədəbiyyat düşüncə dərinliyi və gözəllik baxımından dünya incəsənəti və ədəbiyyatı xəzinələrindəndir. İspaniyalı şair Mikayıl Onamono və Almaniyalı Höte kimi dünyanın müasir sənətkar və ədəbiyyatçıları İslam incəsənəti və ədəbiyyatından ilham almışdır. İslami incəsənətin memarlıq və rəssamlıqda olan böyük təsirini unutmaq olmaz..."
Sənət müsəlmanlar üçün dünyəvi, ümumi və gözəl bir məfhumdan qaynaqlanır: "Allah gözəldir və gözəlliyi sevir!" Bu məfhum bütün varlıq aləminə təcəlla etmişdir. Biz İslam cəmiyyətində xüsusi fərqli təbəqənin rifahına həsr olunmamış gözəl sənətkarlıq nümunələri hiss edirik. Bu sənətkarlıq nümunələri həyatın bütün yönümlərində - evlərdə, məscidlərdə, kitablarda, onların cildlərində, bazarlarda və ictimai yerlərdə əks olunur. Şam, İsfahan və sair şəhərlərdə mövcud olan qədim evlərə, bazarlara, məscidlərə və tarixi binalara azca nəzər salmaqla müsəlmanların geniş sənətkarlıq nümunələri olduğunu görəcəyik.

İmam Musa Sədr 1962-ci ilin aylıq dini yığıncağında mədəniyyətə təcavüz olunduğunu xatırlatdı. Bir sıra mətləbləri bəyan etməklə ideoloji hücum adlı yeni bir təcavüzdən söz açdı. O bildirdi ki, bu təcavüz siyasi, hərbi və iqtisadi təcavüzdən daha qorxuludur. İmam Musa Sədr sözünə belə davam etdi:
"...Düşüncə azadlığını itirmiş bir millət üçün fikri azğınlıqdan, ideoloji təcavüzdən qurtulmaq çox çətindir, belə bir təcavüz çox təhlükəli və dərin təsirə malikdir... Çox təəssüf ki, müsəlmanlar arasında bu acı həqiqət dəhşətli və qeyri-adi bir şəkildə peyda olmaqdadır; yazıçılar, natiqlər, ixtiraçılar və adi xalq ictimai, hətta əxlaqi və tərbiyəvi məsələlərdə qeyri-islami ideologiyalardan təqlid edirlər. Qərb alimlərinin nəzəriyyələrinin və hətta kəlamlarının çərçivəsindən xaric olmurlar. Onlar İslami tövsiyə və nəzəriyyələri hətta bir nəzəriyyə kimi mütaliə etməkdən də imtina edirlər.
Bu qədər dəyərli düşüncə və ideyası olan bir millətin əməl məqamında bütün bunları kənara qoyması təəccüb doğurur. Onlar bu düşüncə və ideyalardan hətta nəzəriyyə kimi də istifadə etmirlər..."


Gerilik amilləri

O, müsəlmanların geriləməsinin səbəbinin üç şeydə (süstlük və tənbəllik, yalançılıq, istismara düçar olmaq) olduğunu bildirən nəzər sahiblərinə kömək edərək bu üç mövzunun əsas amillərini araşdırırdı. O belə deyirdi: Müsəlmanların tənbəl olmasının səbəbi nədir? Onların yalançılıq kimi rəzil sifətlərə aludə olmasına nə bais oldu? Hansı səbəblərə görə istismarçılar bu qədər rahatlıqla böyük İslam cəmiyyətinə daxil oldular və nəticədə müsəlmanlar istismara düçar oldu?

İmam Musa Sədr bu sualları açıqlamaqla geniş bir mövzunu bəyan edir və sonda belə bir nəticəyə çatır ki, müsəlmanların əsas gerilik səbəbi cəmiyyətin islahı istiqamətində fəaliyyət göstərən vahid təşkilatın olmamasıdır. Həzrət Peyğəmbərin dövründə məhz risalət, imamət və rəhbərlik nəticəsində belə bir hökumət və təşkilat yarandı. İmam Musa Sədr öz əqidəsinə müəyyən miqdarda əməl donu geyindirə bildi. Beləliklə, bu ölkədə "Livan şiələrinin ali məclisi" adı altında ali bir təşkilat yaratdı.

O, siyasi və ictimai həyatında bəzi darbaxışlı və düşüncəsiz insanlarla qarşılaşırdı. Belə insanların fikrincə siyasətə qatışıb, xalqın problemləri ilə maraqlanmaq dini bir alim üçün təqvasızlıq və iman zəifliyi nişanəsidir. Lakin imam Musa Sədr belə insanların qarşısında müqavimət göstərib öz düşüncələrini müdafiə etdi:
"...Mənim haqqımda deyirlər ki, Seyid Musa həddini aşıbdır; o gərək iman, namaz və sair ibadətlərlə kifayətlənsin. Çox yaxşı, mən Allaha imanla kifayətlənəcəm. Lakin doğrudan da Allaha iman nədir? Allaha iman zalım hökumətlərin taxt-tacını qorumaq, xalqı sakitləşdirib onları səbrə dəvət etməkdirmi?!

İman Quran məntiqində belə izah olunur: "Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz. (Nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar.)Həqiqi iman odur ki, insanın başqalarının problemlərinə biganə qalmasına mane olsun. Qonşusu ac olduğu halda gecəni (rahatçılıqla) sübh edən şəxsin Allaha və qiyamət gününə imanı yoxdur. Bu bizim anlamadığımız imandır..."