21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Musa Sədr kimdir? - III hissə
09.01.2018

Vəhdət ruhu

İmam Musa Sədrin çoxdankı məqsəd və arzularından biri də bütün dünyada İslam ümmətinin bir olması idi. O gəncliyinin ilk çağlarından (Qum elmi hövzəsində təhsil alarkən) bu mühüm iş haqda düşünürdü. İmam Musa Sədr hövzədə keçirilən toplantılarda və ustadların qarşısında bu məsələni önə çəkirdi. 1947-ci ildə onun hələ iyirmi yaşı olmamışdı. Bu vaxtlar Əllamə Əmininin Nəcəfdən Tehrana gəlib bir neçə gün orada qalacağı haqda məlumat alır. İmam Musa Sədr fürsəti qənimət hesab edir və yaxın dostlarının biri ilə Tehrana, Əllamə Əmininin görüşünə tələsir. İmam Musa Sədr ustadın qarşısında müxtəlif elmi məsələləri bəyan etməklə yanaşı, düşmənə qarşı sünni ilə şiə arasında vəhdətin zəruriliyi haqda söz açırdı.

Beləliklə, Musa Sədr 1959-cu ildə Livana daxil olarkən ilk fürsətdə Sur şəhərində sünni alimləri ilə dostluq əlaqələri qurmağa başladı. O, sünnilərin müftisi Məhyəddin Həsənlə möhkəm əlaqələr saxlamağa başladı. Bu əlaqə o qədər yaxın və səmimi oldu ki, Qədir-xum bayramı, Ramazan ayının gecələri, Aşura və tasua günləri kimi mərasimlərdə onlar bir yerdə olurdular. Onlar "Qədim" məscidi və ya imam Sadiq (ə) mərkəzi kimi müştərək məkanlarda xütbələr oxuyurdular. Şiə və sünnilərdən ibarət xalq toplusu onların çıxışlarına qulaq asırdılar. Əgər onları tanımayan bir şəxs məclisə daxil olsaydı hansının şiə, hansının sünni olduğunu təyin edə bilməzdi.

İmam Musa Sədr deyirdi: Şiə ilə sünni arasında ixtilaf və ziddiyyət yoxdur. Bunlar vahid bir dindən olan iki məzhəbin ardıcıllarıdır. O bu düşüncəsi ilə Livandakı birləşdirici fəaliyyətlərini genişləndirdi. 1965-ci ilin yayında şimali Afrika ölkələrinə iki aylıq səfəri zamanı yeni və tarixi bir addım atmaqla Misir, Mərakeş və Əlcəzairin İslami mərkəzləri ilə Livan şiə mərkəzləri və elmi hövzələri arasında möhkəm və işlək əlaqələr yarada bildi.

İmam Musa Sədr "Livan şiələrinin ali məclisi" təşkil olunduqdan sonra bu məclisin rəyasətinin təyin edildiyi gün (miladi 1969/5/23) qətiyyətli nitq söylədi. Bu yığıncaqda Livanın böyük siyasi, məzhəbi, dini, elmi şəxsiyyətləri, mədəniyyət xadimləri və prezident cənab Şarl iştirak edirdi. İmam Musa Sədr iştirakçıları salamlayıb təşəkkürünü bildirdikdən sonra məclisə hazırladığı proqramını onlara açıqladı. O hazırladığı proqramda iki nöqtəyə xüsusi yer ayırmışdı:

1.Müsəlmanlar arasında ixtilaf yaranmaması üçün ciddi addımların atılması və kamil vəhdət əldə etmək üçün son dərəcə çalışmaq.

2. Livanın bütün dinlərdən olan tayfaları ilə həmkarlıq və ölkədə vəhdətin qorunması üçün çalışmaq.


Bu əsaslı proqram bir həftə sonra ali məclis tərəfindən nəşr olunmuş ilkin bəyanatda yenidən dərc edildi və Livanın hər bir yerində, əksər qəzetlərdə nəşr olundu. İmam Musa Sədr çıxış və bəyanatla kifayətlənməyib dərhal əməli addım atdı. 1969-cu ilin oktyabr ayında Livanın müftisi Şeyx Həsən Xalidə bənzərsiz tarixi bir məktub yazdı. O məzhəblərarası birlik yaranması ilə bağlı dəqiq və zərif nöqtələri bəyan etməklə yanaşı bu mühüm və həlledici işdə ciddi addımların atılmasını istədi.

Məsihi alimlərlə əlaqə

İmam Musa Sədr İslam məzhəbləri arasında vəhdətdən əlavə, ilahi dinlər arasında bir növ birliyin olması fikrində idi. Buna görə də Livana daxil olarkən siyasi və məzhəbi məsihi qrupları ilə əlaqələr saxlamağa və danışıqlar aparmağa səy göstərdi. O bu məqsədyönlü işini günbəgün genişləndirməkdə idi. Qısa bir müddətdə bütün məsihi alim və şəxsiyyətlərlə tanış oldu, onların bir çoxu ilə, xüsusi ilə də Yepiskop Yusif əl-Xuri (Mitran Maruni) ilə rəsmi şəkildə dostluq rabitəsi qurdu.

O qurduğu əlaqələrlə kifayətlənmir və daim məsihi zümrələri ilə münasibətini genişləndirirdi. Bəzi seçilmiş məsihiləri ictimai fəaliyyətlərində və xeyir işlərində özünə həmkar etdi. 1959-cu ilin yayında məsihilərin tanınmış şəxsiyyətlərindən biri Rəflə Mənsəd özünün buz istehsal edən emalatxanasının qazancının üçdə birini xeyriyyəçi müəssisələrdən birinə vəqf etdi. Bu xeyriyyə cəmiyyəti Livanın cənubundakı imkansızlara kömək məqsədi ilə imam Musa Sədr tərəfindən idarə olunurdu. İki məsihi həkim həmin müəssisənin rəsmi üzvü oldular. Onlar müraciət edən xəstələri pulsuz müalicə edirdilər.

Məzlum məsihinin himayəsi

1962-ci ilin yanvar ayında Sur şəhərində dondurma satan bir müsəlman öz qonşusu olan başqa bir dondurma satan məsihiyə zülm etdi. O xalq arasında şayiə yaydı ki, məsihilərin dondurması İslam baxımından murdardır və müsəlmanlar ondan alıb istifadə etməməlidirlər. Bu təbliğat öz təsirini göstərdi və məsihinin ticarəti zəiflədi. Bu vaxt məsihi imam Musa Sədrə şikayət edib ondan kömək istədi. İmam macərədan xəbərdar olan kimi əvvəlcə məsihinin könlünü aldı, sonra həmin müsəlmana xəbər göndərdi ki, öz pis əməlindən əl çəksin. Lakin o imam Musa Sədrin nəsihətlərinə qulaq asmadı. Bir neçə gün sonra imam Musa Sədr kitab əhlinin pak olmasına əsaslanan öz aşkar fitvasına arxalanaraq bir neçə nəfərlə yanaşı məsihinin mağazasına getdi. İmam Musa Sədr yenidən məsihinin könlünü alıb, onun dondurmasından yedi. O bu hərəkəti ilə zülmə düçar olmuş bir məsihinin hüququnu müdafiə etdi.

Bu mövzu Livanın "Ən-nəhar", "Əl-həyat" və "Lisanul-hal" kimi mühüm qəzetlərində geniş əks-səda doğurdu, imam Musa Sədrin vasitəsi ilə məsihiyyətlə İslam arasındakı əlaqələrin möhkəmlənməsinə səbəb oldu. O həmin il Mitran və sair seçilmiş üzvlərin dəvəti ilə "ictimai hərəkatın dirçəlişi mərkəzi şurası"na üzv oldu. Daha sonralar məsihi rəhbərlərin dəvəti ilə onların kilsə kimi dini mərkəzlərində müxtəlif mövzular haqda, xüsusi ilə də dinlərarası münasibət barədə söhbətlərdə iştirak etdi.

Məsihilərlə birgə yaşayış

O bu yolda böyük addımlar atır və belə deyirdi: "...biz vahid bir İslam cəbhəsi yaratmağın tərəfdarıyıq. Elə bir cəbhə ki, məsihi həmvətənlərimizlə həmkarlıq etmək üçün bizə qüdrət versin və biz məsihilərlə müsəlmanların yaşamasını mümkün bir iş hesab edək. İsrail dünyada belə bir işin mümkün olmamasına çalışır. İsrail çalışır ki, yəhudi, müsəlman və məsihinin bir-birinin kənarında yaşaya biləsi müstəqil Fələstinin yaranması mümkün olmasın..."

Onun fikrincə müsəlmanlarla məsihilərin birgə yaşaması misilsiz bir anlaşmadır. Bu nemətdən ictimai problemləri həll etmək üçün faydalanmaq lazımdır. O bu baxımdan o qədər səy göstərib inkişaf etdi ki, əxlaqi cəhətdən məsihi məclislərində etimad qazandı. İmam Musa Sədr bu barədə belə söyləyir: "...Livanda məsihilərin təhsil mərkəzi sayılan və keşiş hazırlayan "Dəyrəl-məxxiləd" adlı bir müəssisə məni söhbət etmək üçün dəvət etdi. Söhbətimdən bir müddət ötdükdən sonra müəssisənin müdiri Livanın ümumi təbliğat idarəsinin məsihi müdirinə belə demişdi: "Seyid Musanın bir saat ərzində bu məclisə bəxş etdiyi ruhaniyyət bizim bunlara altı il ərzində öyrətdiyimiz ruhaniyyətdən üstün idi. Bəli! Bu həqiqət mənə yox, pak İslam dininə aid edilməlidir..."

Onun məsihi cavanlara, tələbələrə və elmi şəxsiyyətlərə ardıcıl olaraq söhbət etdiyi mühüm məsihi məclislərindən biri də Trablus şəhərinin böyük və tarixi Mar-marun kilsəsində təşkil olunurdu. Bəşra şəhəri Livanın maruni məsihilərinin əsas mərkəzlərindən biridir. Bu şəhərə minlərlə cavan və müxtəlif məsihi zümrələrindən olanlar toplanır, vəsfə gəlməz eşq və maraqla imam Musa Sədrin söhbətlərinə qulaq asırlar. Bu cavanlar imam Musa Sədrə aşiq olmuşlar. Belə ki, onların əksəri əqd oxutdurmaq üçün imam Musa Sədrin yanına gedirdilər.

İllik iclasın təşkili

1965-ci ilin may ayında imam Musa Sədr başqa bir mühüm addım ataraq İslam və Məsihiliyin elmi şəxsiyyətləri ilə həmkarlıq etməklə "İslam və Məsihiyyət arasında söhbət" adı altında elmi iclas təşkil etdi. İclasda İslam və məsihiyyətin tanınmış şəxsiyyətləri iştirak edib, məruzələr söylədilər. İmam Musa Sədr bu iclasda iştirakçılar üçün yenilik sayılan "İslam və iyirminci əsrin mədəniyyəti" mövzusunda geniş söhbət etdi.

Bu iclasda müsəlman və məsihi alimlərinin çıxışları uzun müddətli müzakirələrdən sonra dinlərarası münasibətlərin genişlənməsinə səbəb oldu. Müştərək bir bəyanatla söhbətlərin ilk mərhələsi sona çatdı. Bu bəyanatda bir neçə əsas nöqtəyə işarə olundu:

1.Təkallahçılıqda dinlərin müştərək tərəflərini önə çəkmək;

2. Əxlaqi və insani dəyərlərin qorunması;

3. İslam və məsihiyyət arasında danışıqların genişlənməsində Livanın müstəsna rolu;

4. Dinlərarası danışıqların Livanda milli vəhdətin möhkəmlənməsində mühüm rolu;

5. Səmavi dinlərin müqayisəli araşdırılması üçün ali məktəbin təsis olması;

6. Danışıqların genişlənməsi üçün bütün müsəlman və məsihi alimlərinin həmkarlığının zərurəti.

Bu iclas sonrakı illərdə də "İslam və məsihiyyətdə ədalət" kimi müxtəlif mövzularla öz fəaliyyətini davam etdirdi. İclasda İslam və məsihiyyətin siyasi, mədəni və elmi şəxsiyyətləri iştirak edirdilər.

Vəhdət bayraqdarı

İmam Musa Sədr bir şiə alim və ruhani kimi məsihilərin tanınmış şəxsiyyətləri və xalq ilə əlaqələri möhkəmlətmək üçün rəsmi iclaslardakı iştirakı ilə kifayətlənmirdi. O, bayram günlərində və müxtəlif münasibətlərlə onların evlərinə gedib, yas məclislərində iştirak etməklə məsihilərin sevinc və kədərinə şərik olurdu. Məsihilər ona öz rəhbərləri qədər hörmət edirdilər. Hətta bəzi hadisələrdə rəhbərlərindən çox ona inam göstərirdilər.

İmam Musa Sədr 1978-ci ildə "Mondi morninq" jurnalına verdiyi müsahibəsində məsihilər arasındakı mövqeyini belə təsvir edir:

"...Güman etmirəm ki, Livanda mənim tək kimsə bütün dinlərə məxsus insanların birgə yaşayışı və milli vəhdətin qorunması üçün bayraqdarlıq etmiş olsun. Mən Musa Sədr adlı bir şəxsiyyət olduğumdan daha çox milli vəhdət simvolu olmuşam. Beləliklə, fitnəkarların nəzərincə aradan götürülməyim lazım idi. Mən bütün dini tayfaların rəisləri ilə siyasi, mədəni və ictimai əlaqələr saxlamağımla yanaşı elə bir inam qazanmışdım ki, üç il öncə kilsədə mömin məsihilər üçün oruc moizəsin (məsihilərin xüsusi mərasimi) oxudum. Belə bir iş bəlkə də tarixdə ilk dəfə idi. Macəranın sonundan agah olmağınız üçün ərz edirəm: Mənim etdiyim iş buna bənzəyir ki, bir məsihi rəhbər müsəlmanlar üçün cümə namazının xütbəsini oxuyur. Buna görə də mən sülhsevər Livanda müxtəlif tayfaların birgə yaşayışının bayraqdarı, milli vəhdət və təkallahçı dinlərin qardaşlıq simvolu idim. Beləliklə, mənim mənəvi şəxsiyyətimə terror üçün təbliğatlarla hücuma başladılar, bütün işlərimi və siyasi mövqeyimi sual altına aldılar..."

Keşiş Yevakim Mübarək adlı məsihi məzhəb rəhbərlərindən biri Beyrutun "Ən-nəhar" qəzetindəki məqaləsində öz nəzərini belə bildirir:

"... Əlbəttə heç kəs Seyid Musa Sədrin şiə olmasını inkar etmir. O öz fəaliyyətinə bu ölkənin şiələrinin hüquqlarını qorumaq məqsədi ilə başladı. Lakin bu fəaliyyət indi daha uzaq görənliklə davam etdirilir. Şiələrin daim İslamda ədaləttələb və ziyalı təbəqə olduqlarını unutmamalıyıq. Onlar bu yolda çoxsaylı qurbanlar vermişlər. Buna görə də livanlıların xeyiri ondadır ki, keçmişdə azadlıqtələb və insani məqsədlərini nəzərə alaraq marunilər və dəruzilər hərəkatına hörmət etdikləri kimi, indi də Musa Sədr hərəkatına köməkçi olmalıdırlar. Bu hərəkat Fələstin inqilabı ilə əlaqəli və həmahəngdir..."

Livanda tanınmış məsihi təfsirçisi ustad İlyas Əl-Dəyri imam Musa Sədr şəxsiyyətinin bu yönümü haqqında belə yazır:

"...Allah-təala imam Musa Sədri yüz il qorusun! Onun ömrün uzatsın ki, dünyada oyadıcı zəng olsun; xalq nigarançılıqdan gözünü yuma bilməyib nalə çəkdiyi vaxt yuxuya qərq olmuşları ayıltsın.

...Bu Livanda köməksizlər və zülmə düçar olmuşlar nə qədər çoxdur! Zülmü məhv edib, məhrumiyyəti aradan götürəcək bir ələ necə də çox ehtiyac var! Onun səsi kimi bir səsə, qəlbi kimi bir qəlbə hədsiz ehtiyac duyulur...Bəlkə birinci dəfədir ki, dini bir şəxsiyyətin hərəkatı firqə rəngini almamış və təəssübdən uzaq qalmışdır.

Bütün bunlara səbəb odur ki, bu imam və şiə rəhbərin hərəkatı maruniləri, sünniləri, ortodoksları heyran edib bir araya gətirmişdir... Xülasə, budur imam Sədr! Budur cəmiyyətin, tayfasının, siyasi rəhbərlərin və günahsız mömin dəstəsinin nəzərində onun aşkar həqiqətlər və sənədlər əsasında təyin olunmuş məqamı!