Bizə Allah eləmiş lütf imamət bağın,
Rəsulullah becəribdir o bağın torpağın.
Keşiyin çəkmiş Əli hər budağın yarpağın
O bağın verdiyi bar, meyvəsidir şah Hüseyn.
Adı dillərdə gəzən bəhrəsidir şah Hüseyn.
O bağın hər gülün, hər bir çiçəyin tanrı seçib,
Ətirin duydusa bülbüllər həmən bağa köçüb
Bir gülün riyşəsi kovsər bulağından su içib,
O gülün üstə düşən jaləsidir şah Hüseyn
Həzrəti Fatimənin naləsidir şah Hüseyn.
O bağın kuyinə bir yol qoyasan sən də qədəm
Nə kədər həmdəm olar könlünə vallahi nə qəm.
Ola bir kəs günah əhli, olunar əhvi - qələm
Eşqi ilə deyə bilsə bəsdir şah Hüseyn
Məzlumun, kimsəsizin kimsəsidir şah Hüseyn.
Ağa izzətli olarsa, qula zillət nə gərək,
Bata bilməz bizə zalim, ona söykənsə kürək.
Hüsen eşqiylə döyünməkdədi daim bu ürək
Bu ürəkdən gələn haqqın səsidir şah Hüseyn
Həm dilin zikridi hər kəlməsidi şah Hüseyn.
Gəldi meydanə o dəm yetmiş iki qurban ilə
Əhdi peyman eləsin aşiq həmən canan ilə
Bəzədi Kərbübəlani yaradan al qan ilə
Vurulan hər bəzəyin ilməsidir şah Hüseyn
Qara qum üstə bitən laləsidir şah Hüseyn.
Hüsen eşqiylə sənin məlum olar aqibətin
Ki , onun eşqi zəmanətdi ola məğfirətin
Hələ dünyadə olarkən görünər axirətin
Əks edən axirət ayinəsidir şah Hüseyn
Kor olan qəlbimizin didəsidir şah Hüseyn.
Ey Fəna, sahibi var qəlb xanimanımızın,
Yeri var kuyi - xanimanıda cananımızın.
Eşqidən dağa dönən qəlbidə imanımızın
Həkk olan daşına salnaməsidir şah Hüseyn
Ən uca nöqtəsinin zirvəsidir şah Hüseyn.