21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura inqilabını könüllərə daşıyan səbəb nədir?
16.01.2018

Bilirsiniz, Aşura inqilabı müəyyən bir zamanda və məkanda baş verdi, amma nə o zamanla məhdudlaşdı, nə də o məkanda məhdud qaldı. Aşura elə bir qiyam, elə bir inqilab idi ki, özündən qabaq və özündən sonra baş verdiyi ərazidən daha geniş miqyasda - dünya səviyyəli sevilən və sayılan bir inqilab oldu. Dünyada tayı-bərabəri olmayan bir inqilaba çevrildi. 14 əsrə yaxındır ki, bu qiyam, bu inqilab könüllərdə yaşayır.


Əlbəttə ki, bu qiyamın yaşamasında bir çox amillər vardır. Amma ən önəmli amillərdən birincisi Allah amilidir. Allahın iradəsi, Allahın istəyi bundan ibarət idi ki, İmam Hüseyni (ə) qəlblərdə, könüllərdə yaşatsın. Allah Rəsulu (s) buyurur ki, İmam Hüseynin (ə) şəhadətinin möminlərin qəlbində elə bir hərarəti var ki, əbədi olaraq bu hərarət sönməyəcək. Tarix boyu belə bir ikinci hərəkat olmayıb ki, onunla bu qədər mübarizə aparılsın. İstər Bəni-Üməyyə səltənəti dövründə, istərsə də Bəni-Abbasın dövründə çoxlu səylər göstərildi ki, bu inqilab unudulsun, İmam Hüsyen (ə) unudulsun, aradan getsin. Amma bu gün gördüyümüz mənzərə bundan ibarətdir ki, bu qədər əks təbliğata, bu qədər senzuraya baxmayaraq, İmam Hüseyn (ə) inqilabı günü-gündən daha da gözəlləşir, daha da insanların qəlbində böyük yer tutur, qəlbləri fəth edir.


İkinci amil İmam Hüseynin (ə) öz şəxsiyyəti ilə bağlıdır və onun qiyamının mahiyyəti ilə bağlıdır. Bilirsiniz, Aşura inqilabı elə bir inqilab idi ki, onun başında məsum bir şəxsiyyət dayanmışdı. İmam Hüseynin (ə) öz şəxsiyyəti və bu inqilabın mahiyyəti zərrə qədər əxlaqi dəyərlərdən, dini dəyərlərdən kənara çıxmadı.


Aşura, əslində, əxlaqın bir inqilabı idi. Baxın Aşura olayından əvvəl bir neçə mühüm hadisə baş verir, hansı ki, İmam Hüseynin (ə) qoşununun, İmam Hüseyn (ə) tərəfdarlarının imkanı var idi ki, bu fürsətlərdən istifadə etsinlər, lakin istifadə etmirlər. Əxlaqa zidd olduğuna görə. Birinci fürsət bu idi ki, İbn Ziyad Haninin evində qonaq olarkən Müslim ibn Əqil İbni Ziyadı orada öldürə bilə və bununla da İmam Hüseynin (ə) Kufədəki qələbəsini təmin edə bilərdi. Amma İmamın nümayəndəsi buna getmir. Düzdür, əxlaqı siyasi istəklərinə qurban verən dünya siyasətçilərinin gözündə Müslimin bu hərəkəti avamlıq idi, amma həmin əməl İmam Hüseyn (ə) inqilabının, Aşura inqilabının mahiyyətinə zidd olacaqdı. Aşura inqilabının mahiyyəti bu idi ki, əxlaqi dəyərlərdən, dinin təlqin elədiyi, islamın bəşəriyyətə verdiyi dəyərlərdən heç bir vəziyyətdə kənara çıxılmamalıdır.


İkinci fürsət isə belə idi: Hürrün qoşunu İmam Hüseyni (ə) mühasirəyə aldı, sonra onları Kərbəlaya tərəf yönləndirdi. Bu əsnada Züheyr İmam Hüseyndən (ə) istədi ki, döyüşü həmin yerdə başlasınlar. Çünki düşmən qoşunu zəif idi, onların üzərində rahat qələbə çalmaq olardı. Amma İmam Hüseyn (ə) bir cümlə buyurdu: "Biz döyüşü başlayan tərəf olmayacağıq", yəni İmam öz məqsədi uğrunda döyüşü başladan tərəf olmadı və onun bu seçimi əxlaqi dəyərlərdən qətiyyən kənara çıxmadı.


Üçüncü amil isə İmam Hüseynin (ə) öz dostları, səhabələri və Kərbəla şəhidləri idi. Bu şəhadəti, bu inqilabı dünyada nəzərlərdə ucaldan amillərdən biri də bunlar idi. Kərbəlanın hansı tərəfinə baxırıqsa, hansı qəhrəmanına baxırıqsa, gözəllikdən başqa bir şey görmürük. Kərbəla vaqiəsi barəsində Xanım Zeynəbin (ə) cümləsi budur ki, buyurur: "Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim". Kərbəlada ən gözəl tövbə İmam Hüseynin (ə) səhabəsi Hürrün tövbəsi oldu, Kərbəlada ən gözəl vəfadarlıq rəmzi, ən gözəl həmrəylik rəmzi Həzrət Əbəlfəzin (ə) suyu götürüb içməməsi oldu. Buyurdu ki, mənim imamım, mənim mövlam, mənim bağlı olduğum qoşun susuz olduğu halda mən bu suyu içə bilmərəm. Bəli, bu, dəyərdir.


Yaxud Kərbəlada İmam Hüseynin (ə) namaz qılması kimi dünyada ikinci bir namaz yoxdur. Ox yağışının altında, əvvəl vaxtda qılınan bir namaz. Bu namazın neçə qurbanı oldu. Bu dünyada heç vaxt bu qədər vəfalı, sona qədər sabitqədəm olan bir qrup, bir toplum bir yerə toplaşmamışdı. Əshabı haqqında İmam Hüseynin (ə) cümləsi bundan ibarətdir ki, "Mən heç kəsi tanımıram ki, sizin qədər vəfalı əshabı olsun", yəni dünyada gəlmiş-keçmiş ən vəfalı əshab sizsiniz. Əshabın imama baxışına da diqqət yetirməliyik. Züheyr İmam Hüseynin (ə) qarşısında çıxış edir, deyir, ey Peyğəmbər balası, əgər dünya əbədi nemət olsa belə, dünya mənim üçün əbədi həzz məkanı olsa belə, mən yenə də səndən üz çevirmərəm, yenə də min canım olsa, sənin yolunda qurban verərəm. Yəni bununla çatdırmağa çalışır ki, bizim sənin yolunda şəhid olmağımızda cənət rol oynamır, biz məhz sənin şəxsiyyətinə fədayıq. Bax belə səhabələr, onların yaratdığı gözəl səhnələr idi ki, Kərbəlanı insanların qəlbində yaşatdı.


Dördüncü və önəmli amillərdən biri Kərbəlanın mesajını daşıyan əsirlər karvanı idi. Kərbəla əsirləri, Kərbəlada əsir düşmüş şəxsiyyətlər Kərbəlanın diri qalmasında, Aşuranın diri qalmasında şəhid olanlar qəıdər rolları var idi. Biz Əhli-beytin əsirliyinin şahidiyik, amma bir əsarət ki, orada zillət, zəlillik deyilən bir şey yoxdur. Düzdür, Əhli-beyt əsir olmuşdu, amma, qətiyyən, zəlil olmadılar. Xanım Zeynəb (s) haqqında tarixi mənbələrdə var ki, Yezidin sarayına daxil olanda, təkəbbürlə, vüqarla daxil olub. Əsir idilər, əlləri zəncirdə idi, amma qalib bir qoşun kimi getdilər və heç vaxt özlərini məğlub olunmuş, məhvə məhkum olunmuş hiss etmədilər. Əhli-beyt bu əzəməti, göz yaşları ilə verdiyi şüarlarla Kərəlada tökülən qanların unudulmamasının təminatçısı oldu. Kərbəlanın əsirləri də Kərbəlanın şəhidləri qədər gözəllik yaşatdılar və yaratdılar. Onlar bu gözəllikləri özlərindən sonrakılara çatdırmaqda ən önəmli rolu oynadılar və əsirlərin davranışı səbəb oldu ki, Kərbəla, Aşura bir qələbə kimi bəşər tarixinə həkk olunsun.