23 Noyabr 2024 - 23
Xanım Mütəhhəri (Murtəza Mütəhhərinin anası) öz xatirələrində yazır: "Bir gecə yuxuda olduğum zaman qəribə bir səhnəyə şahidlik etdim. Yuxuda ikən uyuduğumu müşahidə edirdim. Bu zaman qapı açıldı və dörd nurani xanım otağa daxil oldular. Onlar mənim başım üstə durub məni səslədilər. Oyandım! Qadınlar mənə bildirdilər ki, onlar mələklərdir və mənə qüsul vermək üçün gəliblər. Mən onlara etiraz etdim ki, mənim heç bir qüsul daşıyıcılığım yoxdur. Amma onlar təkid etdilər ki, mənim boynumda qüsulum var və mütləq mən onu aradan qaldırmalıyam. Onların təkidini görüncə razılaşdım. Beləcə bu dörd nurani qadın mənə qüsul verdilər. Qüsuldan sonra onlar məni təbrik edib gəldikləri kimi də otağı tərk edib getdilər. Səhər yuxudan oyanan andan bu yuxunun fəzası məni tərk etmədi. Bütün günü bu barədə düşünsəm də heç kəsə bir söz demədim. Ancaq tarixi qeyd etdim ki, bu tarixin nə ilə əlaqəli olmasını müəyyən edim. Bir neçə ay ötdü. Balaca Murtəza dünyaya gəldi. Nədənsə mən bu mələklərin gəlişində bir Mutrəza ilə bağlılığın olmasını düşünürdüm. Buna görə də tarixi araşdırdım. Və maraqlı bir şeyi müşahidə etdim. Məhz mələklərin mənə qüsul verdiyi tarix oğlum Murtəzanin bətnimdə ruhlandığı günə düşürdü. Qətiyyətlə əminəm ki, Murtəza bir çox fərqliliklərə malik olacaq. İlahi aləmdə onun dəyərləndirilməsi təsadüfi deyil və təsadüf deyilən məntiqin olmaması prinsipinə əmin olduğum üçün onun varlığından xüsusi gözləntim də vardır..."
Bəli, beləcə 1920-ci ildə, Xorasan vilayətinin Fəriman kəndində nurlu, təqva və pak bir ailədə, bir zamanlar tarixin ölməz dühasına çevriləcək, ölməməzlik məqamına çatacaq, siyası bir dünya iman və elm daşıyıcısı olan Şəhid Murtəza Mütəhhəri dünyaya göz açır. Atası Şeyx MəhəmmədHüseyn Mütəhhəri onu İmam Əlinin (ə) şərəfinə Murtəza deyə çağırır. Din, elm və mənəviyyatla hörülən ailədə dini dəyərləri hələ körpə yaşlarından alan Murtəza ilkin təhsilini qəsəbə məktəbində alır. 12 yaşına çatdıqda isə onu təhsilinin davamı üçün atası Məşhəd şəhərinə gətirir və buradakı mədrəsələrdən birinə yerləşdirir. 1936-cı ildə, dörd illik təhsilini başa vuran Murtəza kamil təhsil əldə etmək üçün Qum şəhərinə gəlir. O, burada 15 il İslam elmləri ilə məşğul olur, tədris imkanlarını genişləndirir. Qumun dəyərli elm adamları ilə təmasda olan Mütəhhəri Ayətullah Təbatəbai Burucerdidən Molla Sədra fəlsəfəsini, İmam Xomeynidən üsul və fiqh, Əllamə MəhəmmədHüseyn Təbatəbai Təbrizidən İbni Sina təbabəti, Ayətullah Mirzə Əli Şirazidən irfan, Seyid Məhəmməd Hüccət, Seyid Sədrəddin Sədr, Seyid MəhəmmədTəqi Xonsari kimi dahi şəxslərdən müxtəlif mühüm dərslər alaraq Ayətullah rütbəsinə çatır.
Təhsili ilə yanaşı tələbələr arasında fəallığı ilə də fərqlənən Mütəhhəri tələbələr və müəllim heyətləri ilə diskusiyalar aparır, şah rejiminin İslam əleyhinə apardığı planlı işlərini pisləyərək onlara qarşı mübarizədə fərqlənirdi. 1952-ci ildə Mütəhhəri təhsilini bitirib Tehrana gəlir. Xüsusi elmi bilgiyə yiyələnən Ayətullah Mütəhhəri Tehranda elmi işlərə xüsusi yer ayırır. İranin daxilində Qərbin şübhə toxumları əkdiyi fəlsəfi cərəyanlarını diqqətlə nəzərdən keçirən Mütəhhəri ölkəsinin gəncləri arasında baş qaldıran çaşdırıcı məktəblərin təfəkkür sistemini yaxından öyrənir. Qərb filosoflarının din daxilində azdırıcı fikirlərinə nəzər salan Mütəhhəri onların yaratdığı şübhələrə təkcə din adına deyil məntiq və fəlsəfə baxışı ilə də cavab axtarır. Bu araşdırmaları ümumi kütlə qarşısında oxumaqla gəncləri azğınlıqdan qoruyan Mütəhhəri çox qısa zaman daxilində İranda böyük uğur və məşhurluq qazanır. 1955-ci ildə o "Tələbə İslam Cəmiyyəti"ndə təfsir dərsləri qoyur. 1956-cı ildə isə Tehran universitetində ilahiyyat fakültəsində müəllim kimi çalışmağa başlayır. Burada o yaranan şübhələri araşdıraraq Qərb ideologiyasının əslində çürük nəzəriyyələrini üzə çıxararaq bunu aldadıcı və yayındırıcı məktəbdən başqa bir şey olmadığını təkcə tələbələrə deyil, inancsız müəllimlərə də sadə nümunələrlə başa salır. 1959-cu ildə Ayətullah Mütəhhəri "Müsəlman Təbiblər Cəmiyyəti"nə vaiz kimi dəvət olunur. Elmi fikirlərlə yanaşı inqilabi düşüncələri ilə də elmi cəmiyyət qarşısında çıxış edən Mütəhhəri yeni elmi bir uğura da imza atmış olur. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Mütəhhərinin bu çıxışları İran şah rejminin kəskin qınaq və təzyiqi ilə də üzləşməyə bilməzdi. Lakin bütün təzyiqlər Ayətullah Mütəhhərinin istismar olunan xalqının acı taleyinə susqun yanaşmaq üçün əsas ola bilməzdi. Bu baxımdan o sərt çıxışları ilə dini camiə ilə yanaşı elmi sinfin də daxilində böyük nüfuz sahibinə çevrilir. Məhz bu münasibətlər 1962-ci il "15 Xordad" hərəkatının əsas təməl prinsipinə çevrilir. Əsas bazası Ayətullah Mütəhhərinin auditoriyasından təşkil tapan "15 xordat"çılar şah rejminin istismar siyasətinə yox deyərək küçələrə çıxır. Hərəkata öz çıxışları ilə təkan verə Mütəhhəri İmam Xomeyni ilə sıx əlaqələri ilə hərəkatın növbəti mərhələsi üçün söhbətlər hazırlayır. Şahın qadağası ilə üzləşəcək növbəti addımın çətin və təhlükəli olacağı aydın idi.
Ayətullah Mütəhhəri bütün enerjisini bu istiqamətə qoyaraq məntiqi ilə mübarizə meydanının dərinliklərinə baş vurur. Məhz bu çıxışlar insan qanına susamış istismarçı şah rejiminin canına titrəyiş salır. Kütlənin ayağa qalxması təhlükəsini qarşılamaq üçün rejim Ayətullah Mütəhhərinin həbsi üçün fərman verir. 1963-cü ildə Ayətullah Mütəhhəri həbs olunur. Lakin kütlənin təzyiq və etirazı Tehranda yaratdığı ajiotaj səbəbi ilə qısa zaman kəsiyində Mütəhhərinin azadlığa çıxması ilə nəticələnir. Şah bu işə zərbəsi kimi İmam Xomeynini bu hərəkatdan uzaqlaşdırmasını mövcud zaman üçün ən ideal vasitə hesab edir. O bununla etiraza qalxan xalqın qəzəbini yatıracağına ümid edir. Elə buna görə də İmam Xomeyni həbs olunur və qısa zamanda ölkədən əvvəlcə Türkiyəyə, daha sonra isə İraqın Nəcəf şəhərinə sürgün edilir. Əlbəttə İmamın sürgünü ümumi kütlədə çaşqınlıq yaratsa da bunu Mütəhhərinin ünvanına əsla demək olmazdı. Lakin indi məsuliyyət hissi bir az da artıq Ayətullah Mütəhhərinin üzərinə düşürdü. O indi İmam Xomeyni təfəkkürünü İran xalqının varlığına daha geniş yaxınlaşdırmaq üçün çalışmalı idi. Tehranda ümumi kütlə qarşısında çıxışlar edən Mütəhhəri İmam Xomeyni hərəkatının əslində bir İslam çağırışı olmasını diqqətə çatdıraraq bunun müdafiə edilməsini hər bir fərd üçün İlahi vəzifə olasını onlara bildirir. Bu ideoloji mübarizənin şah rejminin stunlarını sirklələyəcəyi şübhəsiz idi. Çıxışların intensiv hal alması üçün 1967-ci ildə Ayətullah Mütəhhəri tərəfindən Tehranda "İrşad" hüseyniyyəsi yaradıldı.
Demək olar ki, bu gün kitab halına salınan Ayətullah Mütəhərriyə aid kitabların bir çoxu bir zamanlar xütbə versiyasında Ayətullah Mütəhhəri məhz bu hüseyniyyədə çıxış etmişdi. Beləcə çox qısa bir zamanda "İrşad" hüseyniyyəsi Tehranın strateji siyasi inqilabi bazasına çevrilir. Əksəriyyəti bir zamanlar "İrşad" hüseyniyyəsində lentə alınan və sonralar kitab halına salınan Ayətullah Mütəhhəriyə məxsus ədəbiyyatın bir çoxu dilimizə də tərcümə olunmuşdur. Və bu gün də tərcüməsinə davam edilən ədəbiyyat hər bi şəxs üçün maraqla qarşılanmadan əlavə böyük bir məktəb, sonsuz bir məlumat mərkəzidir. Mütəhhəri ədəbiyyatı üçün bir şəxsin dindar və ya qeyri-dindar olması önəmi deyil. Birbaşa insan pisixikasi ilə söhbət edən Mütəhhəri insan fitrətinin məhrəm həmsöhbəti olma baxımdan hər təbəqəyə lazımlı və maraqlıdır. Bu onun geniş elmi düntyasından xəbər verən amillərdəndir. Heç təsadüfi deyildir ki, onun şəhadətindən sonra haqqında söhbət edən müəllimi, böyük filosof Əllamə Məhəmədhüseyn Təbatəbai Təbrizi belə deyirdi: "Nə zaman dərs otağına daxil olub orada Mütəhhərini də tələbələr arasında görürdümsə qəribə bir ruhi rahatlığım olurdu. Əmin idim ki, nöqtəbə nöqtə nə danışıramsa hamısı Mütəhhərinin beyninə həkk olunur. O yeganə tələbəm idi ki, danişacağın hər sətrin lazım olan ünvana çatdığını yəqin edə bilirsən. Heyif, heyif ki, o bizə lazım olduğu zaman biz onu itirdik..." Bu sətirləri göz yaşları ilə söyləyən Əllamə Təbatəbai Mütəhhəri ilə elmi bəhslərdə tələbə müəllim deyil bir kolleqa olmalarından qürur duyduğunu da diqqətə çatdırırdı.
Ayətullah Mütəhhəriyə məxsus aşağıdakı kitabların adını qeyd etmək olar:
"Materializmə yönəlmənin əsas səbəbləri", "İnsan və tale", "İlahi ədalət", "İslam dünyagörüşünə bir müqəddimə", "Həzrət Peyğəmbərin (s) davranışına bir baxış", "Həzrət Əlinin (ə) cazibəsi və dafiəsi" , "İmam Hüseynin (ə) qəhrəmanlığı" (3-cild), "İmam Məhdinin (ə.f.) qiyam və inqilabı", "Əxlaq fəlsəfəsi", "Hicab", "Məsum İmamların (ə) həyatına bir baxış", "Kamil insan", "Qadın və kişi münasibətlərində əxlaq", "Doğruların hekayəsi", "Son yüz ildəki İslam qiyamları", "Peyğəmbərliyin sonu", "Hikmət və nəsihətlər", "İslam və zamanın ehtiyacları" (2-cild), "Tövhid", "İslam elmləri külliyatı", "İslam təfəkkürünün dirçəldilməsi", "Fəlsəfə prinsipləri və realizm metodları" (5 cild), "Marksizmə bir tənqid", "İslamda təlim tərbiyə", "Nəhcül bəlağəyə bir baxış", "İnsan həyatında qeybi köməklər", "Haqq və batil müharibəsi", "Fitrət", "Peyğəmbərlik", "İmamət və rəhbərlik", "Məad", "Xatəmiyyət", "Mənəvi azadlıq", "İslamda qadın hüququ sistemi", "Dörd yönlü dialoq", "Cihad", "Dərs oxumamış Peyğəmbər (s)", "Quranla tanışlıq" (1-14), "Hafiz irfanı", "20 nitq", "10 nitq", "6 məqalə", "Ustadın cavabları", "Riba", "Mərifət məsələsi", "İslam iqtisadiyyat sisteminə bir baxış" "Hicab haqqında tənqidlərə cavab", "Tarix fəlsəfəsi" (4 cilddə), "15 nitq", "5 məqalə", "Həcc", "Əsfar dərsləri", "Mənzumənin şərhi", "Fəlsəfi məqalələr", "Ustadın qeydləri" (1-12...), "Vilaha və vilayətha".
Ayətullah Mütəhhəri ictimai həyatın nəbzini tutan iti təfəkkürə malik şəxsiyyət olması onun bütün təbəqələr tərəfindən sevilməsinə səbəb oldu. Hətta dindar olmayan şəxslərin belə Mütəhhəri məntiqi ilə tanışlığı bu şəxsin araşdırmalarını yaxından izləmələri ilə nəticələnir. Bəzi zamanlar isə onun çıxışlarını dinləyən təbəqənin böyük əksəriyyətinin gənclər olması, həm də bunun qeyri-dindar gənclər olması şah rejmini daha çox qorxuya salır. Qüdsdə baş verən vəhşiliyi yaxından izləyən Mütəhhəri bunu bir İslam dünyasına qarşı soyqırımın tərkib hissəsi kimi qəbul etdiyini və cüzi qələbə əldə edərsə sionizm və onun bu gün havadarı olan Qərbin başqa müsəlman diyarlarını da təsiri altına alacağını böyük təhlükə çağırışı kimi bütün ümmətə çatdırır. Onun bu çıxışları sionizm və Qərbin yaxın müttəfiqi olan Şahı Mütəhhəriyə qarşı növbəti addıma təhrik edir. Ayətullah Mütəhhəri yenidən həbs olunur. Amma həbslər də bu mübariz şəxsiyyətin qarşısını ala bilmir. İlk fürsətdən kütləyə fikirlərini göndərən Mütəhhəri üçün xalq yenidən ayağa qalxır. Vəziyyəti belə görən şah rejmi Mütəhhəriyə kütlə qarşısında çıxışlar etmək qadağası qoyur və yalnız bu şərt daxilində onu azad edir. Onun azadlıqda olmasını bu gün İran cəmiyyəti üçün əhəmiyyətli olduğunu bildirən bir çox dəyərli alimlərin də təkidi nəzərə alınaraq Ayətullah Mütəhhəri bundan sonra kütlə qarşısında çıxışlarına son qoyur.
1976-cı ildə Ayətullah Mütəhhəri İraqa siyasi sürgün edilən, mühacirətdə olan İmam Xomeyninin görüşünə yollanır. Bu səfər əslində artıq baş tutmaqda olan İslam inqilabi üçün son görüş rolunu oynayır. Təbii ki, hicrətdə olan İmam Xomeyni məramı ümumi kütlə tərəfindən qəbul olunmaq üçün cəmiyyətdə nüfuzla bərabər nitq, elm və şücaət də lazım olduğundan Mütəhhəri bu nöqtədə seçilmiş ən mükəmməl namizəd idi. Qısa bir zamandan sonra İrana dönən Mütəhhəri bütün diqqətini Ayətullah Xomeyninin görmək istədiyi İran İslam Respublikasının qurulması istiqamətinə yönəldir. Ayətullah Behişdi ilə six əməkdaşlıq edən Mütəhhəri qısa bir zaman daxilində İrana canlanma verir və fədakar İran gənclərini şah rejmini devirməyə qaldırır. Bununla da o Xomeyni ideyalarına İranda rəhbərlik edən əsas sima kimi meydana atılır. Və çox keçmir ki, İranda qüvvlərin birliyi kütləvi insan qətlinə baxmayaraq şahın xanədanını sirkələyə bilir. Öz xalqına qarşı amansız divan tutan şah xalqın haqq etirazını hər vasitə ilə yatırmağa çalışsa da baş tutmur. Hiddətlənmiş xalq öz müqəddəratının həllinə bütün varlığını qoyaraq şaha "Yox!" deyir. 1979-cu ildə İranın hər bir bucağı şah xanədanını devirə bilir və beləcə XX əsr dünyada ilk şiə dövləti qurulur.
Ayətullah Mütəhhəri bu dəyərli məsuliyyətin yükünü çiyinlərinə alacaq rəhbəri İmam Xomeyni ilə aeroportda görüşdükləri zaman İmama "Allahın salamı olsun sənə şanlı rəhbər. Biz Allah istəyəndən başqa bir şeyə nail ola bilməzdik" kəlməsini söyləyərək 14 illik sürgündə olan İmam Xomeynini sinəsinə sıxır.
Ayətullah Mütəhhəri dövlətin qurulmasından sonra yaranacaq çətinliklərin heç də onu qurmaqdan az olmayacağını anlayır və elə buna görə idi ki, bütün güc və enerjisini qoyaraq dövlətin təməlini möhkəmlətməyə çalışır. Kütlə qarşısında çıxışlara qalxaraq bundan sonra azad İranın parlaq gələcəyini qurmaq üçün İran xalqına olan ehtiyacını dəfələrlə onlara bildirir. Beynində dolaşan çoxsaylı elmi fikirləri isə dövlətin təməl prinsiləri möhkəmlənəndən sonra həyata keçirəcəyini düşünərək yeni layihələr çəkir. Amma əfsus! Böyük dühanın elm dünyasında inqilabdan sonra nələr yaranacağı özü və Allahına bəlli ikən 1980-ci ildə, inqilabdan heç bir illik zaman ötməmiş may ayının 2-də, saat 22:20 dəqiqədə İran daxili terror hərəkətləri ilə bir çox dəyərli şəxslərin həyatına son qoyan "Furqan" təşkilatının fəalları Ayətullah Mütəhhərinin alın nahiyəsinə açdıqları atəş nəticəsində onu Qum şəhərində şəhid etdilər.
Mütəhhərinin şəhadət xəbəri bütün İranı yerindən oynatdı. Qəlb yanğısı ilə bütün Mütəhhəri sevənlər Quma daşındı. Ağılların almadığı bu acı həqiqət hər kəsi qüssə və göz yaşlarına qərq etdi. Mütəhhəri ilə vida məclisi quruldu və xalq kütlələri dəyərli şəxsiyyətlə son dəfə ayrılmaq üçün onun cənazəsini ziyarət etdi. Böyük İnqilab Rəhbəri İmam Xomeyninin göz yaşları ilə etdiyi vida xütbəsi isə bütün İranın yaşadığı hüznün göstəricisi idi. Ayətullah Mütəhhəri Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində dəfn edildi.
"Həyat dərsi" kitabından / Tərtib edən: Seyid Rza Hüseyni