21 Noyabr 2024 - 21
Ayətullah Xamenei tərəfindən "Şiənin parlayan ulduzu" kimi tərif olunan Şeyx İsa Qasim Bəhreyn siyasətinin və alimlərinin öndə gələn simalarından biridir.
Şeyx İsa Qasim 1938-ci ildə Bəhreynin əd-Dərraz adlanan bölgəsində ruhani ailəsində dünyaya gəlib. Atası heç bir məşhur ailəyə mənsub olmayan sadə balıqçı idi. Şeyx Budayada orta məktəbdə oxuduğu müddətdə yüksək intellekt və zəkasıyla seçilirdi. İbtidai məktəbi bitirdikdən sonra qardaşının köməkliyi ilə Şeyx İsa Qasim Bəhreynin paytaxtı Manamaya ali məktəbdə oxumağa yollanır. Ali məktəbi bitirdikdən sonra 1962-cı ilə qədər Şeyx İsa Qasım Budayada orta məktəbdə müəllim kimi işləyir.
Ali təhsil aldığı müddətdə Şeyx İsa Qasim gecələr Manamanın Naim məhəlləsinin qazisi Şeyx Əbdül Hüseyn əl-Hillidən İslam elmlərini dərs alır.
Ayətullah İsa Qasim 1964-cü ildə dini təhsilini artırmaq üçün Nəcəf-Əşrəf şəhərinə yollanıb. Nəcəfə gedən Şeyx İsa Qasım orada Ayətullah Seyid Məhəmməd Baqir Sədrin tələbəsi olaraq dini təhsilinə davam edib. Şeyx İsa Qasim bir də yenidən 1972-ci ildə Bəhreynə qayıdıb. Əhali və alimlər şeyxdən istədilər ki, o konstitusiyanın yazılması üçün nəzərdə tutulan şuraya qatılsın. Şeyx sözügedən şuraya qatıldı və bütün bu müddət ərzində islami qayda qanunların həyata keçməsində əvəzsiz xidmətlər göstərdi.
Şeyx 1972-ci ildə Bəhreyndə marksizmin əleyhinə yaradılan "İslami İşıqlandırma Cəmiyyəti"nə də sədrlik etməyə başladı. Tərkibində Ayətullah İsa Qasim, Şeyx Əbdül Əmir əl-Cəmrin, Şeyx Abdulla əl-Mədəni, Şeyx Abbas əl-Rəyis, Süleyman əl-Mubarək və Həsən əl-Mutəvvəc də olduğu "dini blok" yaradılır.
Seçkilər ərzində blok bir sıra proqamlar qəbul edir ki, proqramda işçi qüvvəsi ittifaqlarına və tələbələrə dəstək, alkoqol içkilərin satışını qadağan etmək, ali təhsildə oğlan və qız tələbələrin ayrı təhsil almaları və s. kimi müddəalar öz əksini tapır.
Lakin 1984-cü ildə Bəhreyn hökuməti sözügedən cəmiyyətin fəaliyyətini ləğv etdi. Şeyxin üzv olduğu konstitusiya şurası 1975-ci ildə rejim tərəfindən ləğv edildikdən sonra Ayətullah İsa Qasim fəaliyyətini dayandırmadı. O, Bəhreyndə İslam dininin və onun Əhli-Beyt dəyərlərinin cəmiyyətdə təbliği üçün bütün istiqamətlərdə təsirli işlər aparırdı. Bəhreyn gənclərinin kommunizmin toruna düşməməsində onun əvəzsiz xidmətləri olub. Şeyx İsa Qasim 1992-ci ildə İrana Qum hövzəsinə yollanaraq, Ayətullah Seyid Kazim Hairi, Fazil Lənkərani, Ayətullah Seyid Mahmud Haşimi Şahrudi və digər məşhur alimlərin xidmətində tələbəlik edib. 1994-cü ildə Bəhreyndə siyasi islahatların keçirilməsi ilə baş tutan dinc aksiyalara şeyx tərəfindən lazımi dəstəklər verilirdi.
Şeyx İsa Qasim Bəhreyn şiələrin ən böyük siyasi partiyası olan "əl-Vəfaq" partiyasının mənəvi lideri kimi tanınır. Lakin Şeyx partiyada heç bir rəsmi statusa malik deyil. Buna baxmayaraq hamı bilir ki, "əl-Vəfaq" partiyasının sədri Hüccətül-İslam Şeyx Əli Salman bütün qərarlarını Şeyx isa Qasimlə məsləhətləşərək qəbul edir.
Şeyx 2001-ci ildə siyasi mühitin sabitləşməsindən sonra Bəhreynə qayıdır və bu ölkədə xalqın əsas din alimi kimi təbliğata başlayır. Şeyx İsa Qasim 2004-cü ildə Bəhreyndə "İslam Alimləri Şurası"nı təsis edir. O zamandan bu şura Bəhreyndə insanları dini dəyərlərə və onların həyata keçməsinə çağıran əsas quruma çevrilir. Bu şuranin ilk rəyasəti şeyx İsa Qasimin öhdəsində oldu. Daha sonra isə şura şeyxin nəzarəti ilə digər alimlər tərəfindən idarə edilməyə başladı. Şeyx İsa Qasim 2010-cu ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının mənəvi lideri hesab edilir. Şeyx İsa Qasim 2011-ci il Bəhreyn inqilabının gedişatında Bəhreyn hökumətini və Bəhreyn Kralı Həmid bin İsa Xəlifəni şiddətlə tənqid edir, onlara qarşı müxalif mövqedə olduğunu bildirərək ölkədə islahatlar aparılmasını tələb etməkdədir. Bəhreyn hökuməti isə dəfələrlə Şeyx İsa Qasimin evlərinə basqınlar təşkil edib və son olaraq isə onu ölkə vətəndaşlığından xaric edib.
Eastnews.org -- Milli.az -- islaminsesi.com