21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhid Mustafa Çamran
19.01.2018

İranda İslam inqilabı baş tutduqdan sonra ölkənin ilk müdafiə naziri olmuş Mustafa Çəmran Savei eyni zamanda fizik, siyasətçi, komandir və bacarıqlı partizan kimi də tanınırdı. O, həmçinin inqilabdan sonra qurulmuş İran parlamentin üzvü və İran-İraq müharibəsində Qeyri-nizami Döyüş Qərargahları adı ilə tanınan hərbiləşdirilmiş könüllü birliklərin komandiri kimi də fəaliyyət göstərib. Mustafa Çəmran sözügedən müharibədə şəhid edilib. O, İranda əsl mücahid və inqilabçı müsəlmanın tipik nümunəsi kimi tanınır. Çəmran öncül inqilabçı partizan qismində Fələstində, Livanda və Misirdə islami hərəkatlara, eləcə də İrandakı İslam inqilabına dəstək vermək üçün ABŞ-ın Kaliforniyadakı Berkeley Universitetində sahib olduğu nüfuzlu professor vəzifəsini tərk edərək Yaxın Şərqə köçüb. O, Livanın cənubunda "Amal" hərəkatının qurulmasında da yaxından iştirak edib.
Dr. Mustafa Çəmran 1932-ci il 8 mart tarixində Tehranda dindar bir ailədə dünyaya göz açıb. O, ibtidai təhsilini İntisariyyə məktəbində, orta təhsilini isə Darulfünun və Əlburz məktəblərində alıb. 15 yaşından bəri Hidayət məscidində Ayətullah Taliqaninin Qurani-kərimin təfsiri dərslərində, həmçinin Ayətullah Mürtəza Mütəhhərinin məntiq və fəlsəfə seminarlarında iştirak edib. O, daha sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Ali təhsil aldığı dörd il ərzində Universitetin ən öncül tələbəsi olub. M.Çəmran, həmçinin Tehran Universitetində tələbələrin İslam cəmiyyətinin ilk və ən aktiv üzvlərindən biri olub. O, siyasi fəaliyyətinə ali təhsilinin son illərində başlayıb.


1953-cü ilin 19 avqustunda baş vermiş dövlət çevrilişindən sonra gənc Mustafa İran Milli Müqavimət Hərəkatına qatılır. O, Tehran Universitetində hərəkatın Rahe-Müsəddiq adlı orqanının təbliğatını aparmaq məsuliyyətini üzərinə götürür.


1950-ci illərin sonlarında təhsilini təkmilləşdirmək üçün ABŞ-a köçür. 1958-ci ildə elmi səviyyəsini gücləndirərək alimlik dərəcəsi alır. O, Berkleydəki Kaliforniya Universitetinin elektronika və Plazma fizikası ixtisası üzrə bitirir. Daha sonra Nyu-Yorkdakı Bell İnstitutunda işə düzəlir. M.Çəmran burada da ictimai fəallığını davam etdirərək İrandakı Pəhləvi rejiminə qarşı tələbə birliklərinin yaradılmasında, xüsusilə Amerikadakı tələbələrin islam cəmiyyətinin təsis edilməsində əhəmiyyətli rol oynayır. Onun 1961-1963-cü illərdə ABŞ-dakı iranlı tələbələrin mətbu orqanı olan "16 Azər" nəşrində xeyli məqalələri dərc edilir.


Dr. Mustafa Çəmran 1962-ci ildə İrandan kənarda təsis edilmiş İran Azadlıq Hərəkatına üzvlüyə qəbul olunur. 1963-cü ilin 4 iyununda Pəhləvi rejiminin təzyiqləri artmasının ardınca Azadlıq Hərəkatı öz mübarizə taktikasında dəyişiklik edir. Adi parlamentar metodlar rejimin təzyiqləri qarşısında təsirsiz qaldığı üçün hərəkatın nəzdində hərbi qrupların yaradılması, onlara Əlcəzayir və Misirdə təlimlərin keçirilməsi barədə qərar qəbul edilir. Bir sıra danışıqlardan sonra aralarında Mustafa Çəmranın da olduğu könüllülərin bir qrupu hərbi təlim kurslarında iştirak etmək üçün Misirə yola düşürlər.


Pəhləvi rejiminə qarşı mübarizə aparmaq üçün təşkil edilmiş partizan təlimlərinə nəzarət məqsədilə "Səma" adlı ilk gizli təşkilat yaradılır. Dr. Çəmran təlimlərə "Camal" kod adı ilə qatılır. O, 1966-cı ildə Livana gedir. Qısa müddətdən sonra isə ABŞ-a qayıdaraq Livana birdəfəlik köçmək üçün hazırlıqlara başlayır. Livan şiələrinin lideri İmam Musa Sədrin dəvəti əsasında Livana qayıdan Mustafa Cəbəl-Amil texniki məktəbinin rəhbəri təyin olunur. Onun İmam Musa Sədrin təşkilatındakı fəaliyyəti bu ölkədəki şiələrin həyatında yeni üfüqlər açır. Sözügedən tədris müəssisəsi gənclərə siyasi, ideoloji və hərbi təlimlərin keçirilməsi mərkəzi çevrilir, Fələstindəki düşərgələrlə əlaqələrini genişləndirir. Fələstinlilərin müqavimət gücünü artırmaq məqsədilə M.Çəmran İsrailə qarşı Fələstin Azadlıq Hərəkatı ilə əməkdaşlığı gücləndirir.


Dr.Çəmran "Məhrumlar hərəkatı" və "Amal" təşkilatlarının qurulması işində İmam Musa Sədrlə birgə iştirak edir. 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayarkən məhz bu iki təşkilat yerli şiə əhalinin haqlarının qorunması işində müstəsna xidmətlər göstərirlər.
O özü şəxsən regionda şiələrin müdafiə edilməsi işlərində aktiv iştirak edib. Hətta Beyrutun cənubundakı Dəmvar bölgəsində baş tutmuş hərbi əməliyyatlara Mustada Çəmran şəxsən rəhbərlik edib.


1978-ci ildə İmam Musa Sədrin Liviyaya səfər etdikdən sonra qəflətən yoxa çıxması Mustafa Çəmrana ağır təsir qoyur. İranda İslam inqilabının qələbəsindən və müvəqqəti hökumətin qurulmasından sonra M.Çəmran Livan parlamentinin bir qrup üzvlərilə birlikdə İrana gəlir və İmam Xomeyni ilə görüşür. O, burada inqilabi məsələlər üzrə Baş nazir Mehdi Bazərqan tərəfindən Baş nazirin müavini təyin edilir. Bu vəzifəni icra etdiyi etdiyi müddətdə Pave məntəqəsinin əks-inqilab qüvvələrindən azad edilməsində yardımçı olur. Göstərmiş olduğu dəyərli xidmətləri nəzərə alınaraq Mustafa Çəmran müvəqqəti inqilabi hökumətdə ilk müdafiə naziri vəzifəsinə təyin edilir.


O, inqilabdan sonra çağırılmış ilk parlamentə üzv olur. M.Çəmran, həmçinin 1980-ci ildə İmam Xomeyni tərəfindən ali müdafiə şurasında özünün şəxsi nümayəndəsi təyin edilir.


İraqdakı Səddam rejiminin İrana qarşı müharibəyə başlamasının ardınca o, Əhvaza gedir və burada partizan mübarizə mərkəzini yaradır, İsrailə qarşı aparmış olduğu döyüşlərdə əldə etdiyi bütün təcrübələri Səddamın qüvvələrinə qarşı tətbiq edir. 1981-ci ilin 20 iyununda düşmən qüvvələrinə çox yaxın Dehləviyyə məntəqəsində qəflətən güllə yarası alır, öz vətəninə və ali dəyərlərə uzun illər xidmət göstərdikdən sonra şəhidliyə qovuşur.
Mustafa Çəmran 1961-ci ildə amerikalı müsəlman xanım Tamsen Haymanla ailə qurub. Onların Rövşən adlı bir qızı, Əli, Camal və Rəhim adlı üç oğulları dünyaya gəlib. Camal uşaq yaşında suda boğularaq həlak olub. Digər övladlar isə hazırda ABŞ-da yaşayırlar. Livana köçdükdən sonra buradakı çətinliklərə dözə bilməyən Tamsen 1973-cü ildə ərindən boşanaraq ABŞ-a geri qayıdıb. O, 2009-cu ildə bu ölkədə vəfat edib.
Sonralar Çəmran livanlı Qadə Cabirlə evlənir.


İmam Ruhullah Xomeyni Mustafa Çəmranı İslamın şanlı sərkərdəsi adlandırıb. Çəmrana ölümündən sonra qəhrəman statusu verilib, İranda, eləcə də Livanda xeyli binalara və küçələrə onun adı verilib, İranda böyük magistral onun xatirəsinə adlandırılıb. 2012-ci ildə Möhsün Ələvipur Şəhid Çəmranın bioqrafiyasını qələmə alıb. 2013-cü ildə yeni kəşf edilmiş kəpənək növünə onun adı verilib. Həmin ildə Böyük Britaniyalı müəllif Nik Robinson ingilis dilində Mustafa Çəmranın həyatı barədə kitab yazıb.


2014-cü ildə Şəhid Çəmranın xatirəsinə həsr olunmuş "Che" ("Çe") filmi ekranlara çıxıb. Film İslam inqilabının qələbəsindən sonra Pave məntəqəsinin azad edilməsi uğrunda əməliyyatlardan bəhs edərək Çəmranın həyatının iki gününü əks etdirir. Bioqrafiya janrında çəkilmiş film xeyli marağa səbəb olub və bir çox nominasiyalarda mükafatlara qayiq görülüb.