21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şeyx İbrahim Zəkzəki
04.11.2017

İbrahim ibn Yaqub ibn Əli ibn Muhəmməd ibn Hüseyn miladi təqvimlə 1953-cü il may ayının 12-də (hicri təqvimlə 1372-ci ilin şaban ayının 15-ci günü) sübhə yaxın bir vaxtda Nigeriyanın şimalında yerləşən Zaria (və ya: Zakzau və ya Zakzak) şəhərinin elm və alimlik ilə məşhur bir ailəsində dünyaya göz açıb. Gəncliyinin ilk illərində atası vəfat edincə, qardaşları ilə bərabər anasının himayəsində böyümüşdür.

Şeyx İbrahim Zəkzəkinin üçüncü babası "imam" ləqəbli Hüseyn Nigeriyada azadlıq və haqların bərpası uğrunda mücadilə aparan məşhur mücahidlərdən olmuşdur. Onun birinci babası Əli ibn Muhəmməd isə Quran hafizi olmuş, eyni zamanda o da mücahidlərdən olmuşdur.


Şeyx İbrahimin atası Yaqubun doğulduğu Zaria şəhəri Nigeriyanın ən önəmli elm və təhsil mərkəzlərindən sayılır. İndinin özündə də Nigeriyanın daxilindən və xaricindən dini elm almaqdan ötrü bu şəhərə köç edirlər. Belə bir mühitdə böyüyən İbrahim kiçik yaşlarından elmə maraq göstərmişdir. Bölgə camaatının adətinə uyğun olaraq, uşaqlar ilk öncə Qurani-Kərimin əzbərlənməsi və təməl fiqhi prinsipləri öyrənməklə təhsilə başlayırdılar. İbrahim də bu elmləri atasının yanında öyrənmiş, ərəb dilinin qaydalarını isə nənəsi Hacər xanımın və bir sıra başqa alimlərin yanında mənimsəmişdir. Qısa bir müddətdə bu mərhələni adlayan İbrahim daha dərin təhsil almaq üçün Zarianın böyük alimlərinin yanında dərsə başlayır. Bu mərhələdə öz yaşıdlarından və hətta yuxarı pillədə təhsil alan şagirdlərdən belə fərqlənməyi bacaran İbrahim, həmin mərhələni adladıqdan sonra dövrün tələblərinə uyğun olaraq müasir tipli dövlət məktəblərində təhsilə başlamaq istəyir. Bu istəklə 1969-cu ildə "Ərəb dili müəllimləri hazırlanma məktəbi" adlanan dövlət məktəbinə qoşulur. Dörd il sonra təhsilini tamamlayıb diplom alır.


Şeyx İbrahim təhsil almağı üstün tutaraq elmini kamilləşdirməkdən ötrü Kano şəhərinə üz tutur. Burada 1972-1975-ci illər arasında "Ərəb elmləri məktəbi" adlı məktəbdə təhsil alır. Bu, Nigeriyanın şimalında yerləşən və şəriət qaziləri məzun edən bir məktəb idi. Şeyx İbrahim bu müddətdə Kano şəhərinin böyük alimlərinin elmindən yararlanır.

O, İslam Peyğəmbərinin (s) "aqil adam zəmanəsin(in tələblərin)dən agah olmalıdır" kəlamını əsas tutaraq, təkcə dini elmlər almaqla kifayətlənməmiş, eyni zamanda akademik təhsilə də böyük maraq göstərərək siyasi, iqtisadi, idarəetmə və s. bu kimi dünyəvi elmlərə də can atmışdır. Bunun məntiqi nəticəsi kimi, o, doğma şəhəri Zariaya qayıdaraq Zaria Əhməd Ballu Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 1976-1979-cu illərdə burada təhsil almış, nəticədə dövlət səviyyəsində dini, ictimai, siyasi və mədəni bir şəxsiyyətə çevrilmişdir. Təhsil illərində məscidlərin birində imamlıq vəzifəsi yerinə yetirməklə yanaşı universitetin "Müsəlman Tələbələr Birliyi" adlı təşkilatının fəal bir üzvü kimi də fəaliyyət göstərmişdir. O, bu təşkilatda bir sıra önəmli vəzifələr tutmuş, 1977-1978-ci illərdə birliyin sədri seçilmiş, ardınca 1979-cu ildə bütün Nigeriya universitetləri sədrinin müavini və Nigeriya universitetləri müsəlman tələbələr birliyinin xarici əlaqələr üzrə baş katibi seçilmişdir.


Şeyx İbrahim Zaria Universitetini yüksək fərqlənmə diplomu ilə bitirsə də, dövlət onun Nigeriyanın daxilində və xaricində təhsilini davam etdirə bilməməsi üçün bu diploma qadağa qoyaraq diplomu ona verməmişdir.

1979-cu il İran İnqilabından sonra Şeyx İbrahim İranın Qum şəhərinə köçərək burada dini təhsilinə davam etmişdir. Ötən əsrin səksəninci illərindən bu yana təhsilini uzaqdan davam etdirir. Həmin səksəninci illərdə Nigeriyada olduğu müddətdə o, Seyid Muhəmmədtəqi Təbətəbai Yəzdinin başçılığı ilə Qanada fəailyyət göstərən "Əhli-Beyt mədrəsəsi" adlanan elmi hövzəyə də baş çəkir, oranın dərslərində iştirak edərək ustadı Muhəmmədtəqi Təbətəbai Yəzdinin yanında elmi məsələləri müzakirə edirdi.

Qüds məsələsi kimi ümumislami problemləri gündəmə gətirdiyi, Nigeriyada hökm sürən diktatorluq, zülm və özbaşınalığa etiraz etdiyi, ictimai ədalət və kasıblığın aradan qaldırılması kimi tələblər irəli sürdüyü və kapitalizm və kommunizm kimi ideoloji cərəyanları tənqid etdiyinə görə, dəfələrlə həbslərə və sui-qəsdlərə məruz qalmış, hökumət qüvvələri tərəfindən özünə və tərəfdərlarına qarşı dəfələrlə silahlı hücum edilmişdir.

2015-ci ilin dekabrında Nigeriyanın ordu qüvvələri Zariadakı Bəqiyyətullah hüseyniyyəsinə və Kaduna şəhərindəki Şeyx Zəkzəkinin evinə silahlı hücum təşkil edərək, 1000-dən artıq müsəlmanı qətlə yetirmişdilər. Həmin hücumda şeyx Zəkzəki və xanımı Zinət İbrahim də ağır yaralanmışdı və Zəkzəkinin 3 oğlu da bu hücumda şəhid olmuşdur. Hücumda həbs olunan müsəlmanlar yaralı olmalarına baxmayaraq, tibbi müayinə edilmədən hələ də həbsdə saxlanılır.


Şeyx Zəkzəki İslam dininin gərəyi olaraq başqa dinlərdən və məzhəblərdən olan insanlara qarşı isti və humanist mövqe sərgilədiyindən, hazırda təkcə Nigeriyanın özündə sayları milyonlarla ölçülən tərəfdarları var. Şeyx özü isə hazırda Nigeriya höküməti tərəfindən zindanda saxlanılır.

Nigeriya məhkəməsi onun azadlığa buraxılmasına dair qərar verməsinə, eyni zamanda Nigeriya daxilində və xaricində Şeyx İbrahim Zəkzəkinin azad edilməsi üçün çağırışlara baxmayaraq, Nigeriya hökuməti Şeyx Zəkzəkini azad etməmişdir. Şeyx Zəkzəkinin gözü çox ağır vəziyyətdədir və qısa bir müddət əvvəl onu görməyə gedən qardaşı, Şeyx Zəkzəkinin sol gözünün görmə qabiliyyətinin itdiyini və sağ gözünün də təhlükədə olduğunu açıqlamışdır. Şeyx Zəkzəkinin oğlu Məhəmməd də eyni mövzunu dilə gətirmişdir. Nigeriya daxilində bir çox həkim, hətta Amerika və İngiltərədən həkimlər müalicə üçün müraciət etmişdilər, amma Nigeriya hökuməti bu müraciətlərə cavab verməmişdir.

Xüsusən şimal bölgələrindəki Nigeriya sakinləri Şeyx Zəkzəkinin hələ də həbsdə olması səbəbilə dinc etirazlarına davam edir və bu məsələdə mətbuat konfransları keçirirlər. Nigeriya xalqı Lafia, Katsina, Qombe və Kaduna şəhərlərində küçələrə çıxaraq, yürüşlər təşkil ediblər. Onlar Nigeria ordusu tərəfindən həbs olunan ​​Nigeriyanın Əhli-Beyt (ə) ardıcıllarının lideri və həbs edilən yüzlərlə digər qardaş və bacılarının dərhal qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

az.313news.net - islam.az - eastnews.org