21 Noyabr 2024 - 21
Nəhayət, çox gözlədiyimiz əməliyyat günü gəlib çatdı. Sübh namazı səmavi bir ab-havada qılındı. Həmin gün Əhd duasının da başqa bir həzzi vardı. Həmin gün bizim bəlkə də maddi həyatımızın işlərini görmək üçün son fürsətimiz idi. Namazdan sonra hərə bir tərəfə getdi. Uşaqların bir qismi əşyalarını hazırlamağa başladılar, bir qismi kağız-qələm götürüb son məktub, xatirə və ya vəsiyyətnamələrini yazmaq üçün sakit bir yerə çəkildilər. Bəziləri də Quran və duaya qərq olub Allahla münacat edirdilər. Günorta azanında hamı özünü namazxanaya çatdırdı. Camaat namazı qıldıq. Bəzi simalar səhərdən bəri çox nurani olmuşdu. Onlar namazı göz yaşı ilə bitirib yenidən xəlvətə çəkildilər. Heç kimin başqası ilə işi yox idi. Bəzi uşaqların halı o qədər qeyri-adi idi ki, hətta salamın cavabını işarə ilə verib ötürdülər.
Azanın yaxınlaşdığını müjdələyən Quran səsinə yenə hərə bir tərəfdən özünü kollektivə çatdırdı. Həmin gün Hurun qürub çağı daha darıxdırıcı idi. Uşaqların bir neçəsinin azan səsi ucalmışdı. Kəşfiyyat bölüyünün komandiri Kərim Fəthi bəzilərinin əməliyyatda şəhid olacağını və yerlərinin həmişəlik boş qalacağını düşünüb kameraları işə salmağı tapşırmışdı. Gözəl səhnə idi: Bəzi uşaqlar utandıqlarından və ya həmişəki təvazökarlıqlarından kameradan gizlənir, bəziləri isə təbəssüm və zarafatla kamera önünə çıxırdılar.
Namaz əvvəldən sona qədər göz yaşı və həzin zümzümələrlə müşayiət olundu, ağlamaqdan çiyinlər tərpənirdi. Ötən hər bir saniyə bizi yerdən uzaqlaşdırıb Allaha götürürdü. Heç nə qabaqkı kimi deyildi; bəzi üzlərin kədəri, bəzilərinin yaş içində itmiş mehriban gözləri, bəzilərinin ağır sükutları, huşunu itirənlər, uzun səcdələr, islanmış canamazlar...
Namazdan sonra hamımız qardaş Kərim Fəthinin söhbətini gözləyirdik. O, söhbətə başladı və çox tez bir zamanda sözləri xüsusi tərzə düşdü. O, deyirdi: "Batalyondakı döyüşçülər kəşfiyyatçı uşaqlara bir komandir kimi, hətta ondan da üstün baxırlar. Vuruşma zamanı sizin hamıdan öndə olmanız onları qat-qat ruhlandırır... Yaddan çıxarmayın ki, sizin birinci vəzifəniz canlı qüvvəni tapşırılan yerə sağlam çatdırmaqdır. Canlı qüvvə çatandan və vuruşma başlayandan sonra harada daha səmərəli olacağınızı düşünürsünüzsə, özünüzü oraya çatdırın və əlinizdən gələni edin. Harada və hansı halda olsanız, batalyonların uşaqlarına kömək edin... Digərlərinin hərəkətə keçməsi üçün daha böyük cəsarət və fədakarlığın lazım olduğunu gördükdə özünü qurban verməyə hazır olan ilk adam siz olun!"
Daha qardaş Fəthinin səsini eşitmirdik. Utanıb-çəkinmədən sevinc və kədər dolu güclü mənəvi halla hamı ağlayırdı. O, sözləri ilə bizim azadlığımıza icazə vermişdi. Qabaqkı əməliyyatlarda bizə deyilirdi ki, şəxsi heyəti tapşırıq yerinə çatdırandan və onlar döyüşə başlayandan sonra tez geri qayıdın. Bizə həmişə vuruşmadan çəkinməyi tapşırırdılar, çünki bir kəşfiyyatçını itirmək bütün batalyonların ziyanına olurdu. Kəşfiyyat bölüyünün şəhidlərinin yeri asanlıqla dolmurdu. Biz o günə qədər əldən verdiyimiz şəhidlərin boş yerlərini hiss edirdik. Həmin gecə isə vəziyyət fərqli idi, hər kəsə əlindən gələni etməsi tapşırılırdı. Qardaş Fəthinin sözləri ilə dini vəzifə nöqteyi-nəzərindən də arxayın olduq. Artıq bəndin azad olunması və əməliyyatın daha rahat davam etməsi üçün əlimizdən gələni etməyimiz əmr olunurdu. Onun sözlərinin yaratdığı həyəcan qardaş Abbas Məhəmmədinin yanıqlı səsi ilə pik həddə çatdı. O, çox ürəkdən Quran oxuyurdu: "Ey (öz imanından və Allahın vədindən) xatircəm olan kəs! ("Ey arxayın nəfs!") Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol və cənnətimə gir!" ("Fəcr", 27-30) Bu ayə bizi daha da ruhlandırdı.
Qəribə halda idim. Ürəyim istəyirdi ki, gözlərim çoxalsın və bu azad insanların hamısının bəndəliyini görüb yadımda saxlayım. Sinə vurmaq mərasimi başlanmışdı. Hüseyn Əbülqasimzadə mərsiyə oxuyurdu. Daxili çirkləri təmizləmək üçün əllər yuxarı qalxıb sinələrə enirdi. Uşaqlar İmam Hüseynə (ə) və həzrət Zəhraya (ə) təvəssül edirdilər. Əliboş qayıtmayacağımıza hamımız əmin idik. Hamının halı dəyişmişdi; kimin nə sözü və duası var idisə, dili ilə deyirdi. Bəzilərinin halı maraqlı idi. Belələrindən biri Yəqub Şikarı idi. O, bir neçə gün öncə məzuniyyət istəmişdi, lakin əməliyyat ərəfəsi olduğuna görə vermirdilər. Nəhayət, çoxlu isrardan sonra icazə alıb getdi, amma bir gün ötmədən geri döndü. Hamımız təəccüblə soruşduq: "Sən o qədər əziyyətlə məzuniyyət aldın, nə oldu ki, bir günə qayıtdın?" Yəqub fəxrlə dedi: "Anam evdə qalmağa qoymadı. Dedi ki, nə üçün qələbədən öncə dönmüsən?! İndi məzuniyyət zamanı deyil!" Yəqub dönmüş, amma başqa bir Yəqub olmuşdu. O, ayaq üstə durub ucadan deyirdi: "Bu axşam şəhadətimizə imza almayınca əl çəkən deyilik. Gərək İmam Hüseyn (ə) bizə şəfaət etsin və şəhid olacağımıza zəmanət versin".
"Döyüşçülər ümidi! Hüseyn, Hüseyn, Hüseyn vay!
Cəbhələrin ümidi! Hüseyn, Hüseyn, Hüseyn vay!"
Əzadarlıq bitmişdi, amma bəzi uşaqlar qurtarmaq bilmirdilər. Onların mənəvi hallarını pozmağa heyfimiz gəlirdi. Yavaş-yavaş hamı qalxdı və hərə bir tərəfə getdi. Mən də Mehdi Davudinin komandasının səngərinə getdim. Hüseyn Məhəmmədian orada idi və mən hər bir fürsətdən istifadə edib ona baş çəkirdim. Sabahkı gün və cənnətə giriş icazəsi almış şəxslər haqda fikirləşirdim. Səməd Yusifiyə baxır, üzündən yağan bütün məsumluğu görüb ürəyimdə deyirdim: "Məgər bu adam şəhid olmaya bilər?!" Bəhmən Məhbubinin üzünə baxıb öz-özümə deyirdim: "Əgər bu dəfə də şəhid olmasa, buna necə dözəcək?!" Bəhmən Marağadan idi, bölüyün azsaylı ailəli uşaqlarından olsa da, məzuniyyətə az gedirdi. Uşaqların çoxu onun da bizim kimi subay olduğunu düşünürdü. O, bir neçə gün öncə mənə oğlunun dünyaya gəldiyini söylədi: "Allah mənə bir oğul nəsib etdi, adını Mehdi qoydum. Sənin adaşındır".
Bu düşüncələrdə ikən Yəqub Şikarı gülə-gülə səngərə girdi. Halı bir neçə dəqiqə öncədən fərqli idi. Dərhal dedi: "Uşaqlar, mən bu axşam istədiyimi aldım, siz nə etdiniz?"
Hamımız ona baxdıq. O qədər rahat və arxayın idi ki, bu gecə onun son gecəsi olduğuna əmin olduq.
Səhər tezdən qardaş Fəthinin səsi gəldi: "Cəld əşyalarınızı hazırlayıb maşına minin".
Tapşırıqlar öncədən verilmişdi. Bəziləri gedəcək, bəziləri qalacaqdı. Əmrə tabe olub qalanlar gedənlərin hər birini qucaqlayıb öpürdülər. Bəhanə halallıq istəyi idi, əsl dərd isə bu idi ki, getsən, səni həmişəlik itirəcəyəm. Elə buna görə də, hər adamla görüşüb sağollaşmaq dəqiqələrlə uzanırdı.
– Sənin yanından çıxıb, amma mən bilirəm ki, səni incitmişəm. İki ay öncə idi... mən gülürdüm, sən də fikirləşdin ki... indi məni halal etməsən, getmərəm.
– Heç nə xatırlamıram. Axı nə üçün israr edirsən ki, məni narahat etdiyini söyləyim?!
Bu söhbətlər müxtəlif formalarda təkrar olunurdu. Uşaqlar bütün dünyəvi haqq-hesablarını təmizləmək və boyunlarında insan haqqının qalmamasını istəyirdilər. Hər bir adam maşına minəndə qalanların yaşlı gözlərində yeni bir tufan başlayırdı. Zümzümələr şeir oxuyan Abbas Məhəmmədiyə kömək edirdi:
"Xəbər ver, ey Səba, əhli-vilaya,
Gedir döyüşçülər Kərbübəlaya!
Azançı, ver azanı!
Yola sal karivanı!"
Səddamın işğalına qarşı vuruşmuş azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələrindən.