21 Noyabr 2024 - 21
Kəşfiyyat bölüyünün bütün uşaqları toplaşmışdılar. Qardaş Fəthi söhbətə başlayıb yenidən mühüm məqamları xatırlatdı: "Lazım olsa, canınızı da əsirgəməyin. Uşaqlar sizə baxırlar, sizin iştirakınız onlarda ruh yüksəkliyi yaradır. Harada olmağınız bir düyünü açacaqsa, mütləq oraya gedin... Əməliyyatın səhərinə qədər harada olsanız və hansı işi məsləhət bilsəniz, görün, amma səhər çağı sahildəki estakadaya və təyin olunmuş səngərə qayıdın".
Qardaş Fəthinin söhbətinin son hissəsi, yəni səhər çağı qayıtmaq məsələsi ürəyimizcə deyildi, amma heç kim səhəri fikirləşmirdi. Əməliyyat gecəsində şəhadətə ümid olduqca böyük idi və bizi həvəslə irəli aparan da bu idi.
Təbəssümlər, gözlər, salamlar – hər şey xüsusi rəngə boyanmışdı. Qardaş Faiqi bir kənarda dayanıb uşaqların son anlarını və vida səhnələrini lentə köçürürdü. Ərvəndin sahilindəki başsız xurma ağacları uzun müddət imamın həqiqi müntəzirlərinin gecə namazlarındakı qərib və yanıqlı pıçıltılarını eşitmiş, şəhid dostlarının ayrılığına görə gizli ağlamalarını görmüşdü, indi də onların dünya ilə gözəl vida səhnələrinə şahid olurdu.
Əməliyyatın parolu "Ya Fatimətüz-Zəhra" idi. Bu parol Bədr əməliyyatında da döyüşçülərin dilindən düşməmiş, onlara qol-qanad vermişdi. Kəşfiyyat bölüyündə olduğum bir neçə saatda tanış üzlərə doyunca baxdım.
***
Buludlar səmanı qarışdırmışdı və mənim ürəyim yağış müjdəsi verirdi. Göz yaşları ilə islanmış üzləri görməyə taqətim yox idi. Cəbhəni özlərinə ev və həyat etmiş uşaqlar belə vida səhnələrini dəfələrlə görmüş, sonra isə çiyinlərində dostlarının cəsədlərini daşımışdılar. Onların "birdən yenə qalaram" fikirləri yalnız göz yaşı ilə ifadə olunurdu. Gödəkcəm çiynimdə idi. Dedim: "Uşaqlar, daha gedək". Bu sözü deyib heç kimlə sağollaşmadan kəşfiyyat bölüyündən ayrıldım. Kiminsə gəlib "haqqını halal et" deməsini istəmirdim. Heç kimdən zərrə qədər incik deyildim və bilirdim ki, komandirimiz Kərim Fəthidən başqa heç kimi incitməmişəm.
İmam Hüseyn (ə) batalyonuna çatanda xurmalığın müxtəlif yerlərindən uşaqların azan səsləri gəlirdi. Mikrofondan istifadə qadağan idi və hər kəs öz halına uyğun olaraq, azan deyir, münacat edirdi. Rza Xeyri, Yəqub Əlizadə və başqa bir-iki nəfər Seyyidüş-şühəda batalyonunun son bölüyünə qoşulmağa gedirdilər. Uşaqlar onlara qibtə edirdilər, çünki onlar hücumun ilk mərhələsində Seyyidüş-şühəda batalyonu ilə düşmən mövqeyinə girəcəkdilər. Onları bir-bir qucaqlayırdılar, hıçqırtılı ağlamalarından çiyinləri tərpənirdi. Bu səhnələr canımı yandırırdı. Onlar bir saatdan sonra hücuma keçəcəkdilər və yalnız bir saat gecikdiklərinə görə belə qərarsız idilər... Əməliyyatdan öncəki anlarda üçüncü bölüyün birinci taqımının mənəviyyatlı uşaqları arasında olmaq istəyirdim. Mən ən şirin xatirələrimi o taqımda yaşamışdım. Soruşa-soruşa otaqlarını tapdım.
Qapını açan kimi qaranlıq, ah-nalə və "ya Hüseyn" zümzümələri ilə rastlaşdım. Orada başqa bir aləm vardı. Hacı Xəlil başını Cəlil Hacınurinin çiyninə qoymuşdu. Bir-birini qucaqlayıb elə ağlayırdılar ki, sanki son vidalarıdır. İbrahim Xəlil məni görüb qucaqladı. Çoxdan idi bir-birimizi görmürdük. Hamı ağlayırdı. Hacı Xəlil ağlaya-ağlaya yavaşca qulağıma dedi: "Sən gedəndən sonra daha heç kim gecələr üstümə ədyal atmır, ağa Mehdi!" Qəribə xəcalət hissi keçirdim. Onlarla çox şey öyrənmişdim. Rəhmətin nazil olduğu anlarda mənəviyyat və səmimiyyətləri məni də ağladırdı.
***
1986-cı ilin 9 fevral gecəsi dalğıcların hərəkət vaxtı idi. Narahat idim. Orada nə qədər çox qalsaydım, ayrılmağım bir o qədər çətinləşəcəkdi. Cəld bir-bir hamısını öpüb halallıq istədim. Özümü İmam Hüseyn (ə) batalyonunun komandiri qardaş Seyid Həsən Şəkuriyə çatdırmalı idim. Narahat idim, amma batalyon rəhbərlərinin bizim qədər narahat olduqlarını görmürdüm. Bəlkə də biz vəziyyətdən xəbərdar olduğumuza görə çox narahat idik; proqnoz edilməmiş problem və hadisələr, Ərvəndin dəli dalğaları... Onların yanında qala bilməyib bayıra çıxdım. Yaxınlıqdakı bir təpəyə gedib-gəlirdim. Hücumçulardan olmayıb döyüşün başlandığı anlara uzaqdan baxmağım az olmuşdu. Ratsiya arxasında hücumçu qüvvələrin zəngini gözləyən uşaqların halını anlayırdım. Yağış bəzən qısa müddətə dayanır, sonra yenidən yağmağa başlayırdı. Öz-özümə düşünürdüm ki, görəsən, indi dalğıclar haradadırlar? Döyüş başlamayıb ki? Bu axşam fırtına var, birdən uşaqlar suda qalıb mövqeyə çata bilməzlər!
Təpədən endim. Batalyon rəhbərləri şəxsi heyəti hazırlayır və hansı bölüyün hansı qayıqlarla öndən gedəcəyini təyin edirdilər. Qərara gəldilər ki, ilk qayıqda mən birinci bölüyün komandiri Mustafa Pişqədəmlə və bölükdən bir neçə döyüşçü ilə hərəkət edim. İşlər bilinəndən sonra uşaqların hərəsi bir tərəfdə dua oxumağa başladılar...
***
Bəndin üstündə dalğıcların hərəsi bir tərəfə qaçırdı. Onların çarpışdığı soyuğu hiss edə bilirdim. Kimə çatırdımsa, "Salam. Yorulmayasınız!" - deyirdim, amma uşaqlar o qədər yorğun idilər ki, bizim xoş-beşimizə cavab verməyə halları qalmamışdı.
– Uşaxlar, yaxçı hesablarına yetişdiz. Yorulmiyasız!
Onlar Ərvəndin eninə iki saatdan çox üzüb düşmən bəndinə hücum etmişdilər. Soyuq və yorğunluq onlarda taqət qoymasa da, hələ səngərləri təmizləməklə məşğul idilər...
***
Axşamdan başlayan əməliyyat uğurlu olmuş və artıq səhər açılmışdı. Komandirin əmrinə əsasən, səhər açılan kimi kəşfiyyatçılar bölüyə qayıtmalı idilər. Həmişəki kimi, dostlarımdan nigaran idim, çünki hər əməliyyatda onların bir neçəsi bizdən həmişəlik ayrılırdı...
***
Sahilə tərəf getdik. Hücumçu dalğıcların bir qismi Ərvənd çayının həmin hissəsindən çıxmışdılar. Məhəmməddən təxminən 500 metr aralıda başqa bir tanış şəhid gördüm: məzlum Əli Şeyxəlizadəmiz. O, Məcid Tayfanın komandirlik etdiyi taqımın kəşfiyyatçısı idi. O, kəşfiyyatçı olduğuna görə öndən getmiş və yəqin ki hamıdan qabaq şəhadətə qovuşmuşdu. Onun şəhadət tərzi ürəyimi sıxdı: Qəlpə boğazını yarmışdı, o da bədənini sıxan dalğıc geyimini çıxarmağa çalışmış, elə həmin vəziyyətdə şəhadətə qovuşmuşdu. Sanki boğulurdum. Bölüyün növhəxanı Hüseyn Əbülqasimzadənin sözü yadıma düşdü. Deyirdi ki, hərəkətdən sonra Əli onu çağırıb deyibmiş: "Hüseyn, bundan sonra yadından çıxmasın, harada mərsiyə oxusan, şəhid anasının dili ilə mənə mərsiyə oxu və ağla..." Və biz yeni öyrənmişdik ki, onun anası yoxdur...
Bir neçə addım öndə, düz sahildəki maneələrin içində də tufan qopmuşdu. Uşaqlardan səkkizinin parça-parça olmuş cansız cəsədləri maneələrin içində yanaşı düzülmüşdü. Günəşəbənzər istehkam millərinə sarı getdik - taqımın kəşfiyyatçılarından olan Kərim Vəfanın şəhadətə qovuşduğu yerə.
Kərim güllə zərbəsindən elə atılmışdı ki, başı istehkam milinə girmiş və ayaq üstə şəhadətə qovuşmuşdu; eynilə nizəyə sancılan və Aşuranı tarixə ötürmüş başlar kimi.
Kərimin arxasında taqımın partladıcısı tikanlı məftilləri kəsdiyi yerdə şəhadətə qovuşmuşdu. Güllə beynini yarmış, beyninin parçaları laxtalanmış qanla tikanlı məftilin üzərinə və Ərvəndin palçıq sahilinə tökülmüşdü. Ondan sonra üç şəhid yan-yana yıxılmışdı: taqım komandirinin müavini Nadir Naqil Danayi, Raşid Xakpaki və Zəncandan Nadir adlı bir partladıcı. Tanış şəhid üzlərinin hər biri bir balta kimi başıma enirdi. Şəhidləri tanımaq üçün çarəsiz vəziyyətdə və qəm-qüssə içində cığırla irəliləyirdim. Bir qədər kənarda Abdullah Şükufə qana boyanmış, onun arxasında Əhməd Məhdəvi sakitcə gözlərini yummuşdu. Dalğıc geyimi hələ arıq bədənində zarıyırdı, kiçik və güclü qolları sahilin palçığı üzərində qana boyanmışdı. O dəstənin son quşu Məhəmməd Şəms idi. Ərvənd çəkilmə halında və sakit idi, suyun səviyyəsi enmişdi. Məhəmmədin dalğıc geyimi tikanlı məftillərə ilişmiş, cəsədi palçığa batmışdı.
Qəhər içində boğulurdum. Oranın mütləq sükutunda mələklərin qanadlarının səsini duymaq olurdu. Hadisəni təxmin etmək mümkün idi: Kəşfiyyatçılar taqımın önündə hərəkət edirlər və birdən düşmən onları görür. İsti güllələr atılır və uşaqlar bir-bir yerə yıxılırlar. Əvvəl kəşfiyyatçılar, sonra partladıcı bölüyün nümayəndəsi, sonra taqım komandirinin müavini və digərləri.
Eşitdim ki, Məhəmməd Şəms sahilə çatmazdan öncə suyun içində düşmənin kor atəşi nəticəsində yaralanmış, düşmən səsini duymasın deyə dostundan onu suda boğmasını istəmişdi. O, məzlumcasına və səssizcə can vermişdi. Dostu Məhəmmədin şəhidliyinə vasitə olsa da, onun cansız cəsədini özü ilə sahilə çıxarmış, Ərvəndin dalğaları aparmasın deyə dalğıc geyimini tikanlı məftillərə ilişdirmişdi. Sonra onun özü də şəhadətə qovuşmuşdu.
Uşaqlar maneələrə çatanda su enibmiş və onlar maneələri açmağa məcbur olublar. Bu zaman isə düşmən keşikçisi fənərin işığında onları görmüşdü. Uşaqlar maneələrin arasında müdafiə imkanından məhrum halda bir-bir güllələnib şəhid olmuşdular. Bunları həmin dalğıc taqımının komandir müavini, taqımın digər dalğıcları ilə birgə düşmən mövqeyini ələ keçirmiş Seyid Rza Musəvi danışırdı.
Cəsədləri bir-bir qaldırırdıq. Qanları hələ isti və yeni idi. Heç kim danışmırdı. Yalnız sinələrin hıçqırtısı, çiyin və qolların titrəmə səsi gəlirdi və hər dəfə şəhidlərin üzünə baxanda səs də ucalırdı.
Məhəmməd Şəmsi götürəndə halım pis oldu. Onu ilk dəfə Zeyddə ayrılmaz dostu Cavad Əfşurdi ilə birgə görmüşdüm. Onlar təqdimatlarını kəşfiyyat bölüyünə gətirmişdilər, bir müddət bir yerdə olduq. Zeyd bölgəsinin maneə və yollarını öyrənmək ağır və yorucu iş idi. Kəşfiyyatdan qayıdanlar bir yerdə oturan kimi yuxulayırdılar. Məhəmmədlə Cavad isə hamını məəttəl qoymuşdular. Biz tapşırıqdan dönəndə, gecə saat bir-ikidən sonra onların ibadət vaxtı idi. Bir ədyal götürüb bizdən uzaqlaşır və sübh namazına qədər raz-niyaz edirdilər. Dalğıc təlimi keçmək üçün Seyyidüş-şühəda batalyonuna gedəndə Məhəmməd Şəmsi bir də gördüm. Bu dəfə tək idi. Cavadı soruşanda dedi: "Cavad Quruculuq cihadı təşkilatı ilə gəlib, hələlik Əhvazdadır". Maraqlıdır ki, iki gündən sonra Cavad Əfşurdi də şəhadətə qovuşdu. İndi Təbrizin Rəhmət vadisi məzarlığında Məhəmmədin yanında uyuyur. Xoş hallarına!
Bütün şəhidləri maneələrin arasından çıxaranda günəş səmanın ortasına çatırdı. Şəhidləri aparmaq işini uşaqlar üzərlərinə götürdülər. Qardaş Qasimpurdan ayrıldım və kəşfiyyat uşaqlarını tapmaq üçün sahillə yoluma davam etdim. Bir qədər sonra uzaqdan bölüyün uşaqlarını gördüm. Hamısının üzündə qəmlə sevinc bir-birinə qarışmışdı. Lakin qələbə də böyük idi; Ərvəndi məğlub etmiş şəhidlər qədər böyük!
Səddamın işğalına qarşı vuruşmuş azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələrindən