03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Allah adamı harada istəsə, orada da aparır
03.03.2018

Bir gün səngərdə oturmuşduq. Gənc bir döyüşçü içəri girib əşyalarını bir tərəfə qoydu. Qardaş Məhəmmədi dedi: "Bu qardaş bölüyə yeni gəlib və inşallah, bizim komandamızda xidmət edəcək".

O, təxminən mənimlə həmyaşıd idi və ilk baxışdan xoşuma gəldi. Onun hərəkətlərini izləyirdim, baxışında məni özünə çəkən nəsə vardı. Yaxınlaşıb sadə bir hal-əhval tutmaqla onunla dostluğa başladım.

– Haralısan?

– Təbrizli.

– Bəsic üzvüsən?

– Yox, pasdaram.

– Adın nədir?

– Hüseyn Məhəmmədian.

– Əvvəl harada çalışmısan?

– İdarədə.

Uşaqların idarə işləri ilə araları yaxşı deyildi. İdarədə işləyənlərə "Anten", "Casus" və "Çəkələk geyənlər" ləqəbləri vermişdilər. Onlar bu önyarğı səbəbindən Hüseynlə bir qədər tərslik edirdilər, mənsə çox tez dostlaşdım. Elə ilk dostluqda dedi: "İndi ki dost oluruq, gərək hər gün ilk görüşümüzdə bir hədis deyək". Mən də qəbul etdim.

İlk günləri əzbər bildiyim məşhur hədislərlə yola verdim, amma çox tez bir zamanda bundan ötrü mütaliə və araşdırmanı ciddiləşdirməyə məcbur oldum. Harada hədis görürdümsə, əzbərləyirdim ki, Hüseynin "ya əxi, həddisni" ("Ey qardaşım, mənə hədis söylə!") – sözləri qarşısında əlim dolu olsun; onun özü kimi.

Hüseyn Məhəmmədianla dostluğumdan üç həftə ötməmiş onun yaralandığını eşitdim. Qardaş Mehdi Xeyrullahi onu işlədiyi keçidə aparmışdı. Qayıdanda Hüseynin yerini tapa bilməmiş və onun qayıtdığını düşünərək öz mövqelərimizə dönmüşdülər. Hüseyn də bir müddət gözləmiş, səhərə yaxın düşmənin onun görə biləcəyini düşünüb özü qayıtmaq qərarına gəlmişdi. Bizim mövqeyimizə yaxınlaşanda keşikçilərimizdən biri düşmən hərbçisi olduğunu düşünüb ona sarı bir əl qumbarası atmışdı. Uşaqlar deyirdilər ki, onu müalicə üçün geriyə aparanda ağlayıb deyirdi: "Heyf ki əməliyyatdan qaldım".

Hüseyn Məhəmmədianla mən çox nadir hallarda eyni vaxtda bikar olub birgə otura bilirdik. Hərdən belə imkan yarananda bir neçə meyvə şirəsi götürüb qayığa minir və suyun ortasında bir yerdə dayanırdıq. Hüseynin söhbətləri başqa cür olmuşdu. Orada Hüseyn özü idi; tək olanda nadinc siması kənara çəkilirdi, mənəviyyatı və irfanı üzə çıxırdı. Söhbətlərimiz bəzən dörd-beş saat uzanırdı. Şəhidlərdən danışır, arxada qoyduğumuz gün və anları xatırlayır, cəbhədə iştirak etdiyimiz üç ildən, ölümün gənclərə necə asanlaşdığından söhbət açırdıq. İnsan necə bir mərhələyə çata bilər ki, bütün söz, əməl və düşüncələri Allahın razılığından və Allahla dostluqdan ötrü olsun?! Necə olur ki, bəzi uşaqlar belə sürətlə şəhadət körpüsündən keçib məşuqlarına qovuşurlar?! Bəs biz qovuşmaq üçün nə etməliyik?..

Hüseynin qardaşı hövzə tələbəsi idi. Hər dəfə gələcəkdən söz düşəndə həvəslə deyirdi ki, müharibədən sonra dini təhsil alacağam. Biz kəşfiyyat işlərimizin keyfiyyəti haqda da fikir mübadiləsi aparırdıq. Hüseynin kəşfiyyat üçün yeni ideyaları vardı. Ona görə, məlumat toplamaq düşməni imkan daxilində tanımaq demək idi. Kəşfiyyat tərzi haqda düşüncələrinə güvənirdi, cəsarətlə və qüdrətlə çalışırdı. Bədr əməliyyatından sonra bəzi kəşfiyyat üsulları onun adı ilə bağlanmışdı. Bölüyün uşaqları deyirdilər: "Bu kəşfiyyat Hüseyn Məhəmmədian üsulu ilədir".

Hüseynlə aramızdakı səmimilik günbəgün artırdı. Bir-birimizin halından xəbərimiz olurdu. Bizim aramızda hətta gizli mənəvi əlaqə yaranmışdı; Hüseynin gəldiyi ürəyimə damanda məsum baxışı və mehriban çöhrəsi ilə peyda olurdu. Uşaqlar da bizi bir yerdə görməyə adət etmişdilər.

***
Bir gün Hüseyn Məhəmmədian yanıma gəldi. O, son döyüşdə yaralnmış və bir az yaxşılaşandan sonra bir müddət idi cəbhəyə dönmüşdü. O, Şətt-Əlidə kəşfiyyat istiqamətinin başçısı idi və bir neçə komanda ilə orada işləyirdi. Hüseyni görən kimi narahatlığını duydum. O, Şətt-Əlidən Abadana getmiş, oradan da bizi görməyə gəlmişdi. Diviziya komandirimiz qardaş Şəriəti onu görüb demişdi: "Sənin vəzifən başqa bölgədədir. Get, orada ol, buraya nə üçün gəlmisən?!" Bu söz əməliyyat ab-havasından uzaq düşüb Şətt-Əlidə kəşfiyyat aparan Hüseynə ağır gəlmişdi. Çox narahat idi. Məni görən kimi dedi: "Elə bilirlər ki, şəhadət yalnız əməliyyat bölgəsində və döyüş zamanı qismət olur. Bilmirlər ki, Allah adamı harada istəsə, orada da aparır..." Ondan heç vaxt belə söz eşitməmişdim. Onu sakitləşdirə bilmədim. Nə qədər israr etdimsə, gecəni qalmadı, tez Şətt-Əliyə qayıtmaq istəyirdi. Unudulmaz şəkildə bir-birimizi qucaqladıq və yaşlı gözlərlə sağollaşdıq.
Həmin gün Əhvaza yola düşdü və onu daha heç vaxt görmədim.

***
Bir gün günorta namazını qılandan sonra qardaş Hüseyn Əbülqasimzadə sıradan çıxıb önə keçdi. Adətən, iki namazın arasında qısa söhbət olurdu. Həmin gün də qardaş Əbülqasimzadənin söhbət edəcəyini gözlədik, lakin çox keçmədən narahat üzünü gördüm. Səsi tutulmuşdu və kədərli idi. O, dedi: "Bismillahir-Rəhmanir-Rəhim. Bir qəhrəmanın güclü əlindən bir bayraq düşsə, başqa bir qəhrəman onu götürüb meydana getsin!" İmam Xomeyninin bu sözünü eşidəndə hamı kimi mənim də ürəyimə qorxu düşdü. Bildim ki, diviziyanın komandirlərindən hansınınsa başına bir iş gəlib. Üz və adlar bir-bir təsəvvürümdən keçirdi. Birdən qardaş Əbülqasimzadənin sözü bir zərbə kimi ruhuma endi: "Qardaşımız... Hüseyn... Məhəmmədian..."

Vücudumun dərinliyindən bir fəryad qopdu. Hüseynin dərin gözləri, "ey qardaş mənə hədis söylə" deməsi, mehribanlığı, zirəkliyi və ağıllılığı... Hüseyn... Nə üçün başa düşmədim?! Həmin gün Karunun sahilinə gəlmişdin ki, gedəcəyini söyləyəsən... "Elə bilirlər ki, şəhadət yalnız əməliyyat bölgəsində və döyüş zamanı qismət olur..." Gəlmişdin, həm də kövrək idin. Nə üçün dünən qarnizonun girişində sənin qəlpə dəymiş və bütün şüşələri sınmış maşınını görəndə başa düşmədim?! Nə üçün bu barədə uşaqlardan soruşanda onların şübhəli cavablarından anlaya bilmədim şəhid olduğunu, mənim Hüseynim?! Niyə təxmin etmədim ki, sən bütün yolları qaçmısan və artıq qırmızı uçuş zamanıdır... şəhadət vaxtı...

Kəşfiyyat bölüyünün riyasız uşaqları gözlərim önündə üz-başlarına vurub ağlayırdılar. Uşaqların sızıltıları, ah-nalələri arasında "Hüseyn, Hüseyn" sözlərini eşidirdim, amma özümün nə etdiyimi bilmirdim. Uzun müddət idi hər bir dostun şəhadəti ilə canıma hopan ağır dərd son həddə çatmışdı. Bütün qəm-qüssələrin və həsrətlərin yanında şəhid dostlarımızın şəfaətinə ümid bəsləyir, canımızdan əziz qardaşlarımızın ayrılığına bu ümidlə dözürdük ki, çox keçmədən biz də şəhid karvanına qoşulacağıq. Lakin mənimlə ən yaxşı dostum arasındakı fərqlərə görə, bu düşüncə və ümidlər məni sakitləşdirə bilmirdi. Hüseyn cəbhə və qan dövründə arxalana, ümid bəsləyə biləcəyim bütün yaxşılıqların məcmusu idi, indi isə... Və indi dərk edirdim ki, Yəqub Şikarinin Bədrdə şəhadətindən sonra vəfalı dostu Mehdi Davudini nə üçün gülən görməmişəm...

Səddamın işğalına qarşı vuruşmuş azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələrindən