21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mənəviyyatdan şəhadətə gedən yol
06.03.2018

Namazxanada Məhəmməd Məhəmmədpurun yanında oturduğum ilk axşam gördüklərimə məəttəl qaldım. Məhəmmədlə Təbrizdəki ibtidai məktəbdən dost idik. O mənim cəbhəyə gəlməyimə dəfələrlə kömək etmiş, sonra özü də Seyyidüş-şühəda batalyonunun sabit döyüşçülərindən olmuşdu. Bir-birimizlə çox səmimi münasibətimiz olsa da, az-az görüşürdük. İmkan olanda Məhəmmədin qaldığı təbliğat çadırına gedirdim. O, mənimlə çox zarafat edirdi. Bəzən mərasimlərdə də yan-yana otururduq. Həmin axşam isə ilk dəfə idi bütün Kumeyl duasında onunla yanaşı oturdum. Məhəmməd elə duanın əvvəlindən ağlamağa başladı. Qəribə zümzümələr edirdi. Gördüm ki, ondan uzaq qaldığım müddətdə çox inkişaf etmişdir. Ondan sonra Məhəmmədin göz yaşlarına, mənəvi halına və sözlərinə qibtə edir, onun yanında daha çox olmağa çalışırdım. Gecənin çoxunu namazla keçirir və çox vaxt ağlayırdı. Dua və münacatı onun nəsə görərək bu qədər kövrək və qərarsız olduğunu açıqca bildirirdi.

***
Qədim dostları görmək narahatlığımı azaldırdı. Əməliyyatdan bir gün öncə qədim dostum Məhəmməd Məhəmmədpuru görmək üçün Seyyidüş-şühəda batalyonuna getdim. O, həmişəki kimi yenə də dedi: "Mehdi, daha bu dəfə gələcəyəm, bir yerdə olacağıq". Həmin günlərdə qəlbi sınmışdı, narahat və tənha idi. Onun gündəlik namazları da ağlamaqla sona çatırdı, o ki qala gecə namazlarına və gizli münacatlarına. Həmin gün birlikdə şəkil çəkdirdik. Qayıdanda qucaqlaşıb öpüşdük. Məhəmməd gülə-gülə dedi: "Gördux-görmədux! Həlal elə!" Güldüm və sözünü təkrarladım.

***
Axşamdan başlayan əməliyyat uğurlu olmuş və artıq səhər açılmışdı. Komandirin əmrinə əsasən, səhər açılan kimi kəşfiyyatçılar bölüyə qayıtmalı idilər. Həmişəki kimi, dostlarımdan nigaran idim, çünki hər əməliyyatda onların bir neçəsi bizdən həmişəlik ayrılırdı.

Yolda Seyyidüş-şühəda batalyonunun şəxsi heyətindən iki-üç nəfəri gördüm. Batalyonun komandiri Cəmşid Nəzmi də orada idi. Bu isə o demək idi ki, batalyonun bütün şəxsi heyəti oraya gəlib və mən Məhəmməd Məhəmmədpuru görə bilərəm. Batalyonun uşaqlarından çoxunu tanıyırdım. Onlarla hal-əhval tutarkən Hadi Nəqdi ilə Söhrabinin bir müddət lal-dinməz mənə baxdıqlarını gördüm. Uşaqlarla sağollaşmaq istəyəndə Hadi yaxınlaşıb dedi: "Mehdi, Məhəmməd səni gözləyir". Məqsədi Məhəmməd Məhəmmədpur idi. Soruşdum ki, haradadır?

– Buradan get, o cığıra çatanda sola dön. Çayın üstündəki piyada körpüsünü keçəndən sonra görəcəksən.

Hadinin məni hansı tərəfə yönəltdiyinə diqqət yetirmədim. Məhəmmədi görməyi elə istəyirdim ki, hətta onun orada təkbaşına nə etdiyini də soruşmadım. Dediyi istiqamətə yola düşüb körpüyə çatdım. Keçmək istəyəndə qarşıda geniş və boş bir ərazi gördüm. Qürbət hissi qəlbimi parçaladı. Çayın kənarında gəzib Məhəmmədi gözləməyə başladım. Sakitlik idi və nigaranlığım hər an artırdı. Gəzə-gəzə çaydan uzaqlaşdım. Təxminən yüz metr irəlidə, o geniş və boş torpaqda bir nəfər tək-tənha yerə yıxılmışdı. Ətrafıma baxdım. Heç kəs yox idi. Ürəyimə dammışdı ki, bizim uşaqlardandır. Necə yalqız və qərib şəhid olduğunu düşünə-düşünə ona yaxınlaşdım. Yaşıl pasdar köynəyi ayaqlarımın taqətini üzdü, daha addım ata bilmədim. Üzü üstə yerə yıxılmışdı və mən onu arxadan görürdüm. Saçından Məhəmmədə oxşayırdı... Boy-buxunu, hərəkətsiz qolları...

– Məhəmməd, sən burada nə edirsən?! Nə üçün təksən?!..

İnana bilmirdim ki, o qərib şəhid mənim uşaqlıq dostum Məhəmməddir. Başını yerdən qaldırdım. Üzünün bir tərəfi göyərmişdi.

Onu öpürdüm, gözlərimdən ixtiyarsız axan yaş onun göyərmiş və torpaqlı üzünə tökülürdü. Saçını tumarlayıb göz yaşı içində onunla bütün xatirələrimi yadıma saldım: Şərbətzadə məscidində Quran dərsləri, birinci sinif, "O kişi gəldi", "İnqilab qələbə çaldı", Şərbətzadə məscidinin 6 saylı Müqavimət mərkəzi... Hər yerdə birlikdə idik. Nəhayət, bir gün sən cəbhəyə getdin, mən qaldım. Sən qayıdanda da mən getdim. Nəhayət, elə bir gün gəldi ki, hər ikimiz cəbhədə olduq. İndi də mən qalmışam, bəs sən haradasan?! Haradasan, Məhəmməd?!..

Qucaqlayıb zamana və yerə əhəmiyyət vermədən onunla dərdləşirdim. Əl qumbarasının xırda bir qəlpəsi ürəyinə dəymiş və sinəsinin qanı yeri islatmışdı. Bir neçə kiçik qəlpə də boğazını qızartmışdı. Ürəyimdə hiss edirdim ki, boğazında düyünlənən, namaz və dualarda açılan qəhər azadlığına zamin olmuşdu. Cibində kiçik bir xatirə dəftəri vardı. Dəftərçənin bir neçə vərəqi ağ idi. Onun sonuncu sətirlərini oxudum: "Bu gün qardaş Mehdiqulu Rzayini gördüm və son dəfə onunla vidalaşdım". Bu cümlə bütün vücudumu yandırdı. Deməli, Məhəmməd şəhid olacağını bilirmiş.

Səddamın işğalına qarşı vuruşmuş azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələrindən