21 Noyabr 2024 - 21
Günorta saat üç idi. Ətrafıma baxdım. Seyyidüş-şühəda batalyonunun komandiri Cəmşid Nəzmi bir tərəfdə şəxsi heyətlə danışırdı: "Əgər mən şəhid olsam, batalyonun başçısı Mahmud Dövlətidir". Mahmud ayağa qalxdı. Cəsur qamətini görəndə ixtiyarsız olaraq, ürəyimdən keçdi ki, həqiqətən də şəhadətə layiqdir.
– Hamınız yaxşı gördünüz. Əgər mənim və müavinlərimin başına bir iş gəlsə, batalyonun başçısı Mahmuddur.
Bir tərəfdə də Əsğər Qəssab şəxsi heyəti arasında gəzişib danışırdı. Uşaqların əhval-ruhiyyəsi qəribə idi. Halallıq alma, sağollaşma, zarafat, təkliyə çəkilmə, təbəssüm, göz yaşı və sükut səhnələrini ilk hücuma keçəcək batalyonların şəxsi heyətində də görürdüm. Bir anlığa ilk dəfə cəbhəyə gəldiyim günü xatırladım. Avtobusa minik sırasında narahat halda ətrafıma baxırdım ki, kimsə məni qaytarmağa gəlməsin. İndi orada gizlicə özünü estakadaya çatdırmış və nəyin bahasına olursa-olsun, irəli getmək istəyən adamları görürdüm. Eşitdim ki, keçən gecə onların bir qismi əməliyyatda iştirak etmək üçün gecənin qaranlığından istifadə edib kilometrlərlə arxadan gəlmişlər. İmam Hüseynin (ə) qəribliyini və tənhalığını xatırlayır, əsrlər sonra ardıcıllarının onun Kərbəlasından azadlıq dərsi öyrənib ölüm üçün bir-birindən necə önə keçdiklərini görürdüm. Birdən gözüm bir döyüşçünün tanış üzündə donub qaldı. Əli Təcəllayi idi. Onun barəsində görüb-eşitdiklərimin hamısı sürətlə beynimdən keçdi. O, Süsəngirdi süqutdan xilas edən azərbaycanlı döyüşçülərin ilk komandiri idi. Fəthülmübin əməliyyatına ezam olunan və mənim də olduğum şəxsi heyətə o, başçılıq etmişdi. Fəthülmübindən qayıdanda Təbrizin dəmiryol vağzalında gül çələngləri arasında çəkilmiş şəkli hələ də albomumda idi. Onun Xasibandakı ağır təlimlərini və Dafus adlı komandirlik kurslarını keçmiş azsaylı komandirlərdən olduğunu eşitmişdim.
Əməliyyatda iştirak etmək üçün gizli şəkildə gəlmiş tanış simalardan biri də Əbülhəsən Ali-İshaq idi. Bir neçə gün öncə üçüncü yolda bölüyün qərargahına naməlum bir adam gəlmişdi və israrla hamımızın qablarını aparıb yuyurdu. Biz də arxasınca onu tərifləyirdik: "Kimliyini bilmirik, amma yaxşı adamdır, çox ixlasla çalışır". Həmin yaxşı adam Ali-İshaq idi, Təbriz korpusunun ilk komandirlərindən biri! O günlərdə biz onun necə eşqlə özünü oraya çatdırdığını bilmirdik. O, ağa Mehdiyə uzun məktub yazıb çox israrla önə keçməsinə icazə alıbmış. Ağa Mehdi cavab verib ki, yalnız kəşfiyyat bölüyünün qərargahına qədər gedə bilərsən. Orada qardaş Fəthinin yanında qalmalısan, ondan önə keçməyə haqqın yoxdur..."
Gözüm Əsğər Qəssabı, Qasim Herisini və Əli Təcəllayinin qardaşı Məhəmmədi axtarırdı. Məxfi şəkildə oraya gələnlərin halını dərk edirdim. Estakada başqa bir aləm olmuşdu. Namaz qılmaq üçün onun üstündə çiyin-çiyinə dayandıq və dərhal yola düşdük.
Ustad Cəfərinin (Höccətülislam Cəfərzadə Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu) imamlığı ilə camaat namazı qılındı. Uşaqların halları möhtəşəm idi. Bu halı yalnız bir neçə saatdan sonra bu torpaq keçiddən ən gözəl şəkildə xilas olacaqlarını bilənlər təcrübə etmişlər. Mən bu gözəl hissi ikinci dəfə idi yaşayırdım. Bütün əməliyyatlar öncəsi bu hiss qəlbimə dolurdu. Hüseynlə və bölüyün digər uşaqları ilə sağollaşmışdım. Onlar İmam Hüseyn (ə) batalyonunun şəxsi heyətinə bələdçilik edəcəkdilər. Gözlər bir yerdə durmurdu. Hərəkət zamanı gəlmişdi. Döyüşçülər dalğıc paltarlarını geyinmək üçün cəld bir tərəfə çəkildilər. Mən də paltarımı geyinib hazır oldum. Dalğıc geyinmiş 15-16 yaşlı yeniyetmələri görəndə ürəyim yanır və öz-özümə deyirdim: "Axı bu uşaq bu zəif cüssəsi və az yaşı ilə hansı cürətlə düşmənə hücum etmək istəyir?!"
Qayıqların üstünə tökdüyümüz qamışları kənara çəkdik və dalğıclar digərlərinin həsrətli baxışlarının müşayiəti ilə bir-bir qayıqlara mindilər. Az yaşlarından və zəif bədənlərindən dolayı qorxduğum uşaqların arxayın üzləri məni utandırırdı. O əsnada bütün səslərdən seçilən bir qayığın səsi diqqətimi cəlb etdi. Sevimli diviziya komandirimiz ağa Mehdi Bakirinin motorlu qayığı idi. O, tək idi və qayığı özü idarə edirdi. "İlahi! Ağa Mehdi nə üçün belə olub?!"
Bir an sakit durmurdu. Bəzən təkbaşına, bəzən də hansısa iş üçün qayığına minən bir-iki nəfərlə birgə estakadanın ətrafını gəzirdi. Dalğıcların özünə, qayıqlara və suya baxır, sonra qayığı ilə arxa tərəf gedirdi. O, qayığı sürətlə arxın iki tərəfindəki qamışlıqlara doğru sürürdü. Bunu dəfələrlə təkrarlayırdı ki, güclü qayığı yolu enləşdirsin və digər qayıqların hərəkəti asanlaşsın. Birdən qəlbim sındı, o su, o qamışlıq və hər şey nədənsə mənə Aşura gününü və Kərbəla çölünü xatırlatdı; Aşura imamı xəncərlə çölün tikanlarını təmizləyir ki, sabah qızlarının ayağına az tikan batsın... Boğazımı qəhər tutmuşdu: "Görəsən, ağa Mehdi də şəhid olacaq?! Yox! Məgər bu, mümkündür?! Biz onsuz nə edərik?!"
Səddamın işğalına qarşı vuruşmuş azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələrindən