21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İslamı qəbul etdiyi üçün şəhid edilən Eduardo Anielli
24.03.2018

Bu insan öz azad fikri və rasional təfəkkür tərzi ilə İslamı qəbul edən və qəbul etdiyi üçün də böyük təzyiqlərə, maddi, mənəvi sıxıntılara məruz qalan, bir sözlə, öz qanı bahasına dinini seçən Eduardo Aniellidir.

Eduardo Anielli 1954-cü ildə İtaliyada, ölkənin məşhur kapitalist ailələrindən birində – "Fiat" avtomobil şirkətinin zavodlarını təsisçisi, "Ferrari" avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində 1954-cü ildə yanvar ayının 6-da Amerikanın Nyu-York şəhərində dünyaya gəlmişdir. Eduardo Anielli İtaliyanın varlı sahibkarlarından biri olan Aniellilər ailəsinin ən nüfuzlu şəxsi senator Covanni Aniellinin oğludur.

Anası fransız, atası italyandır. Orta təhsilini İtaliyanın Turin şəhərində alan bu gənc ali təhsilini London şəhərində şərq fəlsəfəsi istiqamətində davam etdirmişdir. Elmə olan həvəsi və istedadı sayəsində bir çox nailiyyətlər əldə etmiş və doktorluq dərəcəsinə qədər yüksəlmişdir.

Maliyyə zənginliyi içərisində dünyaya gələn Eduardo var-dövlətə və əyləncəyə o qədər də meyil göstərmirdi. Uşaq yaşlarında elm və tədrisə olan böyük maraq sonradan onu fəlsəfəyə istiqamətləndirdi. Fəlsəfi təmayüllü kitablar mütaliə etdikcə onu özünün dərinliklərinə çəkir. O, daha sonralar fəlsəfi məktəblər daxilində yaranan ideoloji mübarizələri və təriqətlər arasındakı fərqləri araşdırmaqla məşğul olur.

Onun ən böyük məşğuliyyəti hələ 100 il babası tərəfindən əsası qoyulan "Yuventus" futbol klubunun oyunlarında iştirak edib azarkeşlik etmək olur. O, bir müddət klubun rəhbərliyi vəzifəsini öz üzərinə götürür. Oyunçularla daim mehriban münasibətdə olan Eduardo onun araşdırmaları üçün ayırdığı vaxtı məhdudlaşdırdığına görə futbola rəhbərlik etməkdən əl çəkməli olur. Həyatının son günlərinə qədər dini araşdırmalar və təriqətlər haqqında elmi baxışların təhlili ilə məşğul olur. O, eyni halda insan hüquqlarının müdafiəsi yönündə də çalışırdı.

2000-ci ildə İtaliyanın "Yuventus" və İngiltərə klublarından biri arasında futbol oyununun başlanğıcında Anielli klanının tək varisi Eduardo Aniellinin vaxtsız ölümü bir dəqiqəlik sükutla yad olundu və ailə başçısı Covanni Anielliyə başsağlığı verildi. Eduardonun gözlənilməz ölümü İtaliyada rezonans doğursa da, İtaliya mətbuatında bu hadisə birmənalı qarşılanmadı. Belə ki, onların bir çoxu Eduardonun narkotika düşkünlüyü nəticəsində özünə qəsd etdiyini yazır, bəziləri onun artıq bir dəfə ruhi xəstəlikdən əziyyət çəkdiyindən bunu intiharın səbəbi kimi göstərirdilər.

Beləcə, 2000-ci il noyabrın 15-i ötən illərin qış oyunlarının keçirildiyi Turin şəhərində İtaliyanın qeyri-rəsmi şahı sayılan məşhur Aniellilər klanının tək varisi, Eduardo Anielli gözlənilmədən özünü hündürlüyü 100 metrdən artıq olan körpüdən atıb öldürdü. İlkin baxışlara əsasən hadisə Avropada hər gün minlərlə özünə qəsd edən şəxslərin aqibətindən heç nə ilə fərqlənməsə də, məsələ araşdırıldıqda yeni müəmmalar bir çox qaranlıq məqamları ilə bu ölüm hadisəsinin yeni faktlarını üzə çıxardı. İki ilə yaxın heç bir araşdırmaya yol verməyən Anielli klanının qoca sahibi, senator Covanni Anielli oğlunun ölüm hadisəsini araşdıran müstəqil araşdırmaçıların, bir çox jurnalistlərin həbs olunmasına göstəriş verdi.

Bir müddət müstəqil jurnalistlər bu hadisəni araşdırmağa çalışsalar da, Aniellilərin sərt təzyiqi ilə üzləşdikdən sonra bunu intihar kimi qiymətləndirərək öz yazılarına son qoyurlar. Lakin bu söhbətlər səngimə ərəfəsində ikən İran-İtaliya müştərək saytlarının birində gedən məlumat hamını şoka saldı. Məlumatda bildirilirdi ki, Eduardo Anielli İslam dinini qəbul etdiyinə görə təzyiqlər nəticəsində öldürülmüşdür.

Bu məlumatı təbii ki, yaradan səbəblər var idi. Sizinlə birlikdə bu səbəblərin nədən ibarət olduğuna diqqət edək.

Məhəmməd Həsən Qədiri – İranın İtaliyadakı səfiri: Bazar günü olduğu üçün səfirlik işləmirdi. Mən öz otağımda idim. Aşağıdan zəng vurdular ki, bir nəfər səfirlik nümayəndəsi ilə görüşmək istəyir. Mən səfirliyin bazar günü işləmədiyini xatırladıb onun sabah müraciət etməsini istədim. Lakin qapıçı gələn şəxsin "Allah bütün bağlı qapıları açandır" söylədiyini bildirəndə maraqla aşağı endim. 25 yaşlı hündürboylu gənc özünü təqdim etdi: Eduardo Anielli.

Mən onun məşhur klanla hər hansı bir əlaqəsinin olduğunu soruşduqda o, senator Covanni Aniellinin tək oğlu olduğunu söylədi. Bu, təbii ki, məni çox təəccübləndirdi, çünki bu ailə İtaliyanın siyasi-iqtisadi həyatında xüsusi rol oynayırdı...

Eduardo öz araşdırmalarının qaranlıq qalan tərəflərinə cavab tapmaq üçün səfirliyin bu işdə ona kömək etməyini xahiş edir. Bununla da İran səfirliyi ilə Eduardonun sıx əlaqələri başlayır...

Doktor Hüseyn Abdullahi: O, dinlər haqqında geniş araşdırmalar aparır, maraqlı tədqiqatlar nəticəsində müəyyən təhlillər edirdi. Məhz bu araşdırmaların nəticəsi olaraq o, islamı qəbul etmişdi. Euardo hələ 20 yaşında (1974) ikən bir gün universitet kitabxanasında kitablar qarşısında əlinə Qurani-kərim çıxır. Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo İslamın zəngin din olması düşüncəsini öz içində bir daha təsdiqləyir.

Araşdırmaçı Fəxrəddin Hicazi: Mənə bir gəncin mənimlə görüşmək istədiyini dedilər. Biz görüşdüyümüz zaman o, islam haqqında müxtəlif şeylər soruşdu. Mən isə onun sorğularını lazımi qədər cavablandırmağa çalışdım. Sonda o, bu haqq dini qəbul etdiyini bildirdi. Lakin məndən xahiş etdi ki, onun bu əqidəni qəbul etməsini kimsəyə söyləməyim. O, getdikdən sonra mən onun kim olduğunu soruşanda məşhur senator Covanni Aniellinin oğlu Eduardo olduğunu bildirdilər. O, islamı qəbul etdikdən sonra adını dəyişdirib Hişam qoydu. Əlbəttə, bu barədə yalnız ona yaxın olanlardan savayı heç kəs bilmirdi.

Ayətullah Rəfsəncani: Eduardo Aniellinin İran Inqilabının rəhbəri Imam Xomeyni ilə İranda baş tutan görüşündə onlar İslam dünyasının problemlərindən danışdılar. Gələcəkdə İslam naminə düzəldilməsi mümkün olan işlər haqqında fikir mübadiləsi apardıllar.

Sonralar Eduardo İmam Xomeyni ilə olan görüşünü həyatının bütünlüklə dəyişməsində xüsusi rol oynadığını deyirdi. Bəlkə də, bu səbəbə görə Eduardo İmam Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş idi.

Bu hadisədən xəbər tutan İtaliya mediası Eduardonun İmam Xomeyni tərəfindən tilsimləndiyini yazdı. Bu yazılarda onun İslamı qəbul etməsi əsla qeyd olunmurdu. Təbii ki, bu xəbər senator Aniellini heç də sevindirmədi.

Turin şəhəri az qala bütövlüklə Anielli klanına məxsus idi. Bu klana aid olan bir çox zavod, fabrik, şirkətlərdə şəhər əhalisinin 70-80%-i işlə təmin olunmuşdu. Lakin təəccüb doğuran hal bu ailənin yeganə oğlu və varisi Eduardonun İslamı qəbul edəndən sonra onun maddi çətinlikdə boğulması idi. O, təhqir olunur, böhtana məruz qalır, hətta həbs də olunurdu

İtaliyada klanın nüfuzunu qorumağa çalışanlar, başda Covanni Anielli olmaqla Eduardoya təzyiq göstərirdilər. İmkanları əlindən alınmaqla ona anbaan təzyiq artırdı. Getdikcə səfalət həddinə qədər enən Eduardo bunu əqidəsi yolunda bir imtahan adlandırırdı. Təzyiqlər isə davam edirdi.

Onun dostları bildirirdilər ki, Turin şəhərinin yuxarı ətrafında yerləşən Aniellilər qəsri heç bir ictimai nəqliyyat vasitəsinin keçə bilmədiyi ərazi olduğu üçün burada gediş-gəliş yalnız xüsusi nəqliyyatla mümkün idi. Bu baxımdan da Eduardo çox çətinlik çəkirdi. Şəxsi maşını olmadığı üçün evə taksi ilə gələrkən yol haqqını dostları ödəyirdi. Lakin o, təmkinli olmağa çalışır, təbəssüm edir və Allah yolunda iradəli olmağın önəmli bir şərt olduğunu söyləyirdi.

Senator Covanni Anielli Eduardonu bu yolla əqidəsindən döndərə bilməyəcəyini görüb yeni bir təzyiqə əl atacaqdı. Onun bu dəfəki təzyiq vasitəsi Eduardonu ruhi xəstəxanaya yatırması oldu.

Aldığı şərq fəlsəfəsinin elmi incəliyi, qəbul etdiyi İslam dininin mənəvi təfəkkür genişliyi və dostlarının əlaqələri onun tam sağlam olmasına əsas verərək ruhi xəstəxanadan çıxmasına kömək oldu. Xəstəxanadan çıxandan sonra dostları ona ölkəni tərk etməyi tövsiyə etdilər. Onun İrana getməsi daha məqsədəuyğun göründü. Lakin çox çalışsalar da, Anielli klanı buna imkan vermir. Hətta İran hava yolları da Eduardonun bu ölkəyə getməsini təmin edə bilmir. Səbəb isə Covanni Aniellinin bu işə qoyduğu açıq qadağa idi.

80-ci illərin sonu əqidə baxımından atası ilə yaranan konfliktlərin ardınca və İtaliyanın nüfuzlu orqanlarının Eduardonun İslamı qəbul etməsini duyduqdan sonra senator Covanni Anielli son addımını atdı. O, tək varisi, ailəsinin tək övladı Eduardonu varislikdən rəsmi surətdə məhrum edir. Bu addımına bir neçə şeyi səbəb gətirsə də, İslam bütün bunların fövqündə dururdu. Klan işlərinin idarə şurası Eduardonun bibisi oğlunu varis olaraq elan edir. Eduardo bu xəbəri eşidəndə bibisi oğluna məktub yazaraq varisliyə görə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

Eduardonun bundan sonrakı həyatı dini problemlərin həlli, ac və səfillərin acınacaqlı həyat tərzinin yaxşılaşdırılması istiqamətində davam edir. O, bir çox şəhərlər gəzir, İran-İtalyan cəmiyyətinin xətti ilə yardımlar göstərir. 1990-cı ildə o, Keniyaya, Xose Marina şəhərinə yollanır. Bu şəhərin ən kasıb məhəllələrində yaşayan müsəlman zəncilərlə görüşür, onların taleyi, yaşayış tərzləri haqqında maraqlanır. Burada qalmaq Eduardo üçün yerli camaatla daha yaxın ünsiyyət qurmağa əsas verirdi.

Bir gün o, məhəlləni dolaşarkən qonşuluqda onunla bərabər yaşayan iki avstraliyalının elə küçədəcə narkotik maddə qəbul etdiyini görür. Onlara yaxınlaşan Eduardo bu əməlin Allah tərəfindən mənfi olduğunu söyləyir, eyni halda başqalarına da mənfi təsir qoyacağını bildirir. Bu hadisədən bir gün sonra isə klan tərəfindən qurulan oyunla həmin iki avstraliyalını həbs edən polis işçiləri qonşu evdə yaşayan Eduardonu da həbs edirlər. İttiham olaraq bildirirlər ki, guya o, həbs zamanı əlində olan 300 qram narkotik maddəni pəncərədən həyətə atıb. Beləliklə, Eduardo avstraliyalılar ilə birlikdə həbs olunur.

Qısa bir müddətdə İtaliya mətbuatı Eduardonun narkotika ilə məşğul olan düşgün narkoman olduğunu yazırlar. Oğlunun nüfuzunu guya qorumağa çalışan Covanni Anielli Keniyaya gəlir və Eduardonun İtaliyaya qayıtmasını, bu işin isə vəkillər tərəfindən yoluna qoyulacağını təmin edəcəyini bildirir. Ancaq Eduardo bununla razılaşmır. Özü bu işlə məşğul olacağını, həqiqi adını bərpa edəcəyini bildirir.

Məhkəmədə şahid qismində olanlar Eduardonun narkotiki pəncərədən atdığını iddia edirlər. Belə olan halda Eduardo onu həbs etdikləri yerə aparmağı və şahidlərin bu hadisəni gördükləri kimi göstərmələrini xahiş edir. Bu xahişi qəbul edən müstəntiqlər şahidlərlə birlikdə müttəhimi hadisə yerinə gətirirlər. Həmin evin sahibi göstərilən pəncərənin artıq neçə ildən bəri bağlı olduğunu və açılmasının mümkün olmadığını deyir. Məhz danılmaz fakta əsaslanandan sonra Eduardo azadlığa buraxılır. O, Turinə qayıdır.

1997-ci ildə Eduardonun varisliyə təyin olunmuş bibisi oğlu qəflətən dünyasını dəyişir.

Bundan sonra Covanni Anielli, qızının milliyyətcə yəhudi olan ikinci ərindən dünyaya gəlmiş oğlunu Con Elkonanı varis təyin edir. Lakin birinci varislikdən fərqli olaraq Eduardo kökü yəhudi olan Conun varisliyini çox sərt qarşılayır, kəskin surətdə bildirir ki, varislik hüququnu geri qaytaracaq. Pulun heç zaman əsas məqsəd deyil, yalnız vasitə olduğunu deyən Eduardo öz hüquqlarını müdafiə etməyə qalxır. Bu isə onun həyatı hesabına başa gəlir.

Hüseyn Abdullahi: Noyabrın 8-i biz bir yerdə idik. Mən ertəsi gün İrana gedəcəyimi ona dedim. O da getmək istəyirdi. Nə isə düşünüb yaxın müddətdə İrana gələcəyini, bu ölkədən siyasi sığınacaq alıb yaşayacağını, dini-elmi mərkəz olan Qum şəhərində dini təhsilini davam etdirəcəyini bildirdi. Onun ifadələrində səmimiyyət var idi. Mən növbəti görüşümüzün İranda olacağına inanırdım.

Lakin onların son görüşündən bir həftə sonra 2000-ci il noyabr ayının 15-i General Franko adına körpünün üstündə Eduardoya məxsus avtomobilin qapılarının açıq halda olduğunu görən "Fiat" şirkətinin işçilərindən biri Frankini maşınından düşür. Eduardonun maşınına yaxınlaşır.

Maşında heç kəsin olmadığını görəndə maraq və həyəcanla yaxınlıqdakı maşın təmiri məntəqəsinə gəlir. Heç bir şey öyrənə bilməyib yenidən geri qayıdır. Ətrafı gəzir və 100 metr hündürlükdən aşağı, çınqıllıqların üstündə Eduardonun cəsədini görəndə dəhşətlə qışqırır.

Hadisə yerinə İstintaq Araşdırma Qrupu gəlir və hadisəni kortəbii təhlil edərək belə nəticə əldə edirlər ki, bu adi psixotropik vasitələrin təlqin etdiyi intihardır.

Beləcə, Aniellilər klanına məxsus böyük mafiya Eduardonun ölüm faktını özünəqəsd kimi qiymətləndirərək bu işi bitmiş hesab etdilər. Turindən 40 km aralıda Aniellilərin şəxsi qəbristanlığında yalnız yaxın ailə üzvlərinin iştirakı ilə Eduardo xristian təriqətilə dəfn olunur.

Nadir Məmmədov