24 Noyabr 2024 - 24
Aciz olsan bir gün, gücün çatmasa heç nəyə,
Quranı tez-tez oxu, Allahı səslə köməyə
Cürətin çatmasa gər zalimə zülmün deməyə,
İstəsən kimdə tapasan cürəti, dön Zeynəbə bax.
Ey namus ilə arın əlindən əlin üzənim,
Ey hicabdan qaçanım, ey ona dodaq büzənim,
Ey əndamı yanmışım, ey tamam çılpaq gəzənim,
Vermə əldən olan o isməti, dön, Zeynəbə bax
İman ilə verə bilsək biz əgər sonda nəfəs,
Bir ömür sürmək üçün bu, hər kəsə edərdi bəs,
Namusu anlamayan, qeyrəti bilməyən o kəs,
Görmək istərsən əgər qeyrəti, dön, Zeynəbə bax.
Fələkin çərxi səni məngənəyə gər ki, sala,
Sərbəsər dörd tərəfin düşmənin əlində qala,
Qəlbinə həmlə edən qəm-qüssəyə bisay ola,
Təskinlik tapmaq üçün, xəlvəti dön, Zeynəbə bax.
Dünyada əgər sənin dağ boyda günahın ola,
Bağışlayar O səni, rəhmli Allahın ola,
Təki vila biləsən, Əli kimi şahın ola,
Sındırma şaha olan beyəti, dön, Zeynəbə bax.
Kərbəla haqqında bitib-qurtarmır söhbət,
On dörd əsrdi bunu hər il qeyd edir millət,
Niyə yaddan çıxmır? Görən hardadır illət?
İstəsən açmağa bu hikməti, dön, Zeynəbə bax.
Ağa, bir et nəzəri, zəmanənin Mizanına,
Aşiqin dözə bilmir ayrılığa, hicranına,
Səni qəsəm verərik bibin Zeynəbin canına,
Gəl, götür sən aradan həsrəti, dön, Zeynəbə bax
Nazim Mizan