22 Noyabr 2024 - 22
I hissə
Danış mənə dostum, İmam Hüseyndən (ə),
Aydınlaşdır bir az ki, anlayım mən,
Eylə izah mənə subut-dəlillə,
Dinləyirəm sözlərini səbirlə.
Niyə Aşurada hamı ağlayır?
Qara qeyinir və qara bağlayır?
Matəm içində əzasın saxlayır,
Küçələrdə halva-çörək paylayır,
Şadlıq evi iki aylıq bağlanır...
Hüseynimiz (ə) bilirəm olub İmam,
Uşaqlıqda deyərdi mənə babam,
Göndərərdi həmişə ona salam!
Oxuyardı ziyarət yavaş-yavaş,
Gözlərindən axırda gələrdi yaş.
Bildiyim mənim bu qədərdir, qardaş.
Babam artıq çoxdan gedib rəhmətə,
Ehtiyaclıyam indi məsləhətə,
Uşaqlıqda olan şirin söhbətə,
Aşiq idi babam Hüseyn (ə) Həzrətə,
Gecələrdə çəkilərdi xəlvətə.
Oxuyardı hər gün səhərlər «Yasin»…
- Allah bu cür babaya rəhmət etsin,
Onu Öz cənnətində yerləşdirsin,
Bizə də belə güclü iman versin...
- İndi sualıma sən cavab versən,
Yəqin onda bir az anlayaram mən,
Namazımı düzdü, qılmıram tezdən,
Azan səsi gəlir səhər məsciddən,
Lakin yuxu çox şirin olur hərdən.
- Düzü bilmirəm ki, nədən başlayım,
Bu, uzun söhbətdir, gərək çalışım.
Bildiyim şeyləri birgə toplayım.
Gəl onda birlikdə biz araşdıraq,
Yaxşı olar mövzuya geniş baxaq,
Əvvəl isə tarixə nəzər salaq,
Əsas odur ki, İmamı (ə) tanıyaq,
- Mən razıyam, indi nədən başlayaq?
- Bizim Peyğəmbər (ə) çox əziyyət çəkib,
Ərəblərdə insanlığı dirçəldib,
Allahdan İslam dinini gətirib,
Halal-haram hamıya izah edib,
Namaz qılmağı onlara öyrədib,
Bütpərəstliyin də kökünü kəsib,
Pis işlərdən hamını çəkindirib,
Çirkinlikdən qurtuldub, nicat verib,
İnsanların gəlblərin sevindirib.
Sanki tikanlıqda gül-çiçək əkib,
Özü baxıb, sulayıb, əzizləyib,
Xoş əxlaqlı cəmiyyət yetişdirib.
Bizə qoyub iki mühüm əmanət,
Biri - Qurandır, biri isə İtrət,
- Quran - aydındır, bəs itrət - yəni nə?
Aiddirmi itrət İmam Hüseynə (ə)?
- İtrət - yəni Peyğəmbər (s) Əhli-beyti,
Hiss etməliyik qəlbdən məhəbbəti,
İmam Əliyə (ə) - sahibi hikmətə,
Yeganə qızı Fatimə (s.ə) Həzrətə.
Bir də iki nəvəsi - Hüseyn (ə), Həsən (ə),
Bunlara məhəbbət əgər bəsləsən,
Peyğəmbərin (s) göstərişin edərsən.
Əhli-beyti sevmək ibadət olar,
Ürəklərdə sevgi hər zaman qalar.
Əhli-beyt və Quran heç vaxt ayrılmaz,
Nə olursa, bu işi etmək olmaz,
Çox heyf ki, bir çoxu sözə baxmaz,
Dünyada hər zaman olub hoqqabaz.
- Peyğəmbərdən (ə) sonra onlar nə etdi?
- Unutdular bu gözəl məsləhəti,
Saymadılar İlahi vəsiyyəti,
İşlətdilər çox çirkin siyasəti,
Ələ keçirmək üçün xilafəti.
Bəzisi çox sevirdi mal-dövləti
Düşündü ki, məqamdır, yığ sərvəti
Artıq pozdular yaranmış vəhdəti,
Üstələdi yalanlar ədaləti.
Şükür olsun ki, dünya müvəqqəti,
İnşaallah ki, gözləyək Qiyaməti...
- Necə doladılar bunlar milləti?
Bəs Əhli-beyt (ə) demədi həqiqəti?
Müsəlmanlar görmədi vəziyyəti?
- Elə müsəlmanların bəziləri,
Unutdular Peyğəmbərin (ə) sözlərin,
Elə ki, Həzrət köçdü bu dünyadan,
İslam ümmətində baş verdi tufan.
Fatimənin (s.ə) qapısın yandırdılar,
Zikr əhlinin ehtiramın qırdılar,
Xanım Zəhranın (s.ə) qatili oldular!
Əhli-beytin (ə) haqqına göz qoydular.
Beytül-malı növbə-növbə soydular.
Yavaş-yavaş ötüb keçirdi illər,
Çoxaldı cəmiyyətdə münafiqlər,
Altdan quyu qazıb, üzə gülənlər.
İmam Əli (ə) - Peyğəmbərin (s) vəsisi,
Səcdə vaxtı aldı qılınc zərbəsi,
Axı necə vurmaq olar o kəsi,
Əgər tapşırıb Allahın Elçisi!?
Həqiqətən bu qafillik zirvəsi,
Hanı bunların Əhli-beyt (ə) sevqisi?
Məhəbbət bəsləyirdi bir neçəsi.
Qızıldandır Əlinin (ə) hər kəlməsi,
Nitqindən ucalır ədalət səsi,
Allah onu seçdi Rəsul varisi,
Nazil oldu Kitabın son ayəsi,
Sonra qoyuldu Quranın nöqtəsi,
Üçüncü ayə, “Maidə” sürəsi,
Heyif ki, tutmadı xalqın kütləsi,
Qədir-Xumda Peyğəmbərin xutbəsin
Düzgün yoldan əyrisinə getdilər,
İmam Həsəni (ə) də zəhərlədilər,
- Axı bunlar niyə belə etdilər?
- Bir cəmiyyət ki, İmamın tanımaz,
Mənfi nəticəsiz bu işlər qalmaz,
Bir çox problem onda olar qaçılmaz,
Xilafətə gəlib çıxdı binamaz,
İşi-gücü günah, özü meymunbaz,
Düşüncəsi zəif, ağıldan qanmaz,
Beytul-maldan havayı yeyib doymaz,
Allahdan heç zərrə qədər də qorxmaz,
Haramı halal etməkdən utanmaz,
Bu dövlətə belə rəhbər yaramaz.
Əhli-beyt (ə) belə durumla barışmaz,
Zalımlarla İtrətin sözü tutmaz.
Əlinə keçdi onun hakimiyyət,
İstədilər dərhal Huseyndən (ə) beyət.
İmam Hüseyn (ə) buna etdi etiraz,
Vəziyyəti heç vaxt bu halda qoymaz,
Belə haqsızlığa gözlərin yummaz.
Etdi ziyarət Peyğəmbər (s) qəbrini,
Babasına söylədi öz fikrini,
Allaha dedi qəlbin sözlərini.
Çox istərdi İmam Hüseyn (ə) Rəbbini,
Öz ürəyində etmişdi seçimini.
Zillətdənsə yaxşı olar şəhadət,
Allahdan istəyirdi tək rizayət,
Kəbə evini də etdi ziyarət,
Və Küfəyə yola düşdü nəhayət...
Həsən Təvəssül
(ardı var)