21 Noyabr 2024 - 21
Suyun uzərində alışan şamım,
Susuz bu dünyadan köçüb gedənim.
Yaşasın din, deyib ölən Abbasım,
Ölümün üzünə gülən Abbasım,
Qədrin uca olsun qamətin kimi,
Hüseynin qədrini bilən Abbasım.
Ox batan gözündən öpər mələklər.
Sənə heyrətdədir çərxu-fələklər.
Mənim salamımı yetirsin sənə
Kərbəla səmtinə əsən küləklər.
Sən xırda qızların son gümanısan,
Dövrün imamının qəlbi-canısan,
Kəsik qollarınla, susuz qəlbinlə,
Yerlərin göylərin qəhramanısan.
Su sənə həmişə həsrətlə baxar,
Gözlərin İlahi rəhmətlə baxar,
Elə bir zirvəyə ucalmısan sən
Hərkəs məqamına heyrətlə baxar.
Sənsən könüllərə ötürən qeyrət,
Səni sevə bilməz itirən qeyrət,
Qələm qollarına canımız qurban
Qeyrəti qeyrətə gətirən qeyrət!
Zamiq Kövsəri