03 Dekabr 2024 - 3
Kərbəlayi bir sözdü deyirəm, şeirdi, ancaq,
Təbin nurlu bəsirəti nə görürsə, olacaq,
Kufənin də axırı Babiltək pis qurtaracaq,
Qaib-Qaimul car çəkdirirsə mənə, mən kiməm?!
Bu ay gərək cahan fərd-fərd xitab etsin şəxsinə,
Tarix şəffaf aynadısa, Məhərrəmin əksinə,
Aşurada Allah Özü yas tutursa Hüseynə,
Gərdişi-dövranı-fani bu dünyada mən kiməm?!
Necə əzədar olsan, azdı, o pak qana əvəz,
Görüb ruhunu yadda saxlaya ağam Əbəlfəz,
Dili “Lə iləhə illəllah”da pəllilər deməz:
- Ağam mənə sonda kəfil dayanmasa, mən kiməm?!
- Kərbəlayi, əminəm, şəriksən təbim deyənə,
Amma, hərdən elə dartıb məni salır dərinə,
Üz bozardan suallar az qalır qeybə dirənə
- On üç əsri qaytara bilmirsə şair, mən kiməm?!
“Ol!”-dan “Öl!”-ə xəyalın yolları açıq olsa da,
Təbin zaman kimi heç bir maneəsi yoxsa da,
Kərbəlada qanadımı qıran fitnə-fəsada,
Yana-yana yozum verə bilmirəmsə, mən kiməm?!
Çün, o gündən Kərbəlanın göyü qara bağlayır,
Yavru quşu da Xanım Zeynəbin ahı saxlayır,
- Ay Hüseyn, gəl, Rüqəyya ovunmur sənsiz, ağlayır,
Dönüb şimrin ürəyini gəmirməsəm, mən kiməm?!
- Kərbəlayi, hönkürmə içində, görürəm bəsdi,
Ağlama demirəm Hüseyn aşiqinə, əbəsdi,
Yalnız yazammıram, nəfəsimi qəhəri kəsdi,
Əli Əkbər, Əli Əsğər yad olmasa, mən kiməm?
Bu gün burda nə qədər şair var – rozə qələmli,
Gördük - mizraqsız əlində bayraq, qoşa ələmli
Əzrail dayanıb bir qıraqda, gözləri nəmli,
Yəqin çaş-çaş soruşurdu: - Ya Rəbb, indi mən kiməm?!
Vaveyla! Gör kimlər düşüb bu gün Yezidə əsir,
Cüt-cüt məsum İmamçün dayanıb Mehdi Muntəzir,
- Kərbəlayi, bunu görməyənlər hara tələsir?
Qəfiləni Kərbəlaya döndərməsəm, mən kiməm?!
Axı ildə azı qırx gün Kərbəlaya təhkiməm...
Əli Çərkəzoğlu