23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Gəl Əkbərim boyandı qana Minada Zeynəb
25.03.2019

İmam Hüseyn (ə) Zeynəbə zəban halı


Gəl Əkbərim boyandı qana Minada Zeynəb,
Bu parə-parə nəşin gətdim əbadə, Zeynəb!

Nəşin qum üstə tapdım, fikr et nə halə qaldım,
Düşdüm yerə süründüm, başın diz üstə aldım,
Hey səslədim oğul vay, nalə siphərə saldım,
Səs vermədi səsimə meydanda başa çaldım,
Qoydu məni oğulsuz bu şahzadə, Zeynəb!

Gördüm əmmaməsindən şəhla göz süzür qan,
Bildim vurublar yara başdan bu qövmi-üdvan,
Baxdım o başa vurdum başıma, etdim əfğan,
Gördüm qılınc yarasın çıxdı atam yadımdan,
Bu dərdə yandı qəlbim ondan ziyadə, Zeynəb!

Dəymişdi bəs ki, yarə bu qaməti-rəsayə,
Əzası parə-parə düşmüşdü bu Minayə,
İllət odur ki, nəşin bükdüm belə əbayə,
Uf ruzigarə, lənət bu ləşkəri cəfayə,
Düşdüm əcəb bəlayə bu Kərbəladə, Zeynəb!

Qana dönüb sirişkim qəlbim cərahətdən,
Bacı aman bu qövmün tənü şəmatətindən,
Çəkdikcə Əkbərimin ox sərü-qamətindən,
Mən ağladım bu ləşkər güldü şəqavətindən,
Heç olmadı mürüvvət qövmi-cəfadə, Zeynəb!

Mən höccətəm yer üzrə Xəllaqe Zülcəlalə,
Səbri-imamət ilə gör qalmışam nə halə,
Neylər bacısı baxsa bu məh-cəmalə,
Əkbər deyib ölüncə var həqqi etsə nalə,
Bacıya olma mane vəqti bukadə, Zeynəb!

Gəl gör çıxıbdı ruhu ya ki, gedib özündən,
Sil məcərinlə əvvəl qan laxtasın gözündən,
Dindir əgər danışsa sən agah ol sözündən,
Bacını səslə gəlsin öpsün qardaş üzündən,
Bundan sonra öpənməz nuki-cidadə, Zeynəb!

Qürbətdə guşə-girəm, çun Munzəvidir adım,
Daim sənə Hüseyn can, nohə yazar midadım,
Ətfalüvə əgərçe var şükrü-etiqadım,
Dünya keçər və lakin çox səxt olar məadım,
Tapşır mənə şəfaət etsin cəzadə, Zeynəb.

Münzəvi Ərdəbili