21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey baği-cinanın güli reyhanı,Hüsencan
13.09.2020

Ey baği-cinanın güli reyhanı,Hüsencan.
Gəzdim bu biyabandakı hər yanı,Hüsencan.

Dözmür daha qəlbim bir əlamət mənə göstər,
Kimdən soruşum peykəri üryanı Hüsencan.

Qaldım bu biyabanidə tək,dərbədər oldum,
Sevdim sənin eşqinlə biyabanı,Hüsencan.

Ey vah bu rəzillər səni nə hallara salmış,
Cismindən əlamət de görüm hanı Hüsencan?

Quranı ki,zahirdə göz üstündə tutanlar,
Sədparə bölüblər diri Quranı,Hüsencan.

On gün belə mehman eliyə bilmədi bunlar,
Əkbər kimi bir başərəf insanı,Hüsencan.

Bir söz deyəcəm ki,onu təsvir elədikcən,
Haldan hala saldı məni nalanı,Hüsencan.

Əbbasımı atdan yıxan üç şaxəli peykan,
Gör,neyləyib ol südəmər ətşanı,Hüsencan.

Bir təkcə Rüqəyyadı bu çöllərdə təsəllim,
Bahəm tutarıq şami-qəribanı,Hüsencan.

Çox görməsin Allah mənə Səccadımı ey kaş,
Qəm qafiləmin çün odu sərvanı,Hüsencan.

Gör,Zeynəbinə neynədi bu firqeyi-züllam,
Yoxmuş buların zərrəcə vicdanı,Hüsencan.

yorğun bədənim qəmçilər altında göyərmiş,
Göz aç mənə sən bir nənəmin canı,Hüsencan.

Bir dəfə göz açsan mənə Vallahi nə dərdim,
Min dərdim ola səndədi dərmanı,Hüsencan.

Dərdim nə qədər çoxsa da,səbrim daha çoxdur,
İtmam edəcəm mən də bu dastanı,Hüsencan.

Ölməklə bu ölməzliyi ehya elədin sən,
Hər kəs duyacaq dərsi-Kərbəlanı,Hüsencan.

Amil Tovuzlu