21 Noyabr 2024 - 21
Olmayıb aləmdə bir adəm hələ qəm çəkməsin,
Çəkməyən qəm aləm içrə adın adəm çəkməsin.
Adəmi eşqin qəmi çəksin bu aləm çəkməsin,
Doğrusu adəm odur aləm üçün qəm çəkməsin.
Hər kimin ki, ruzisi qəmdir gərək şükr eyləyə,
Olmasa razi dəmin asudə bir dəm çəkməsin.
Lütfdür cövr etsə yarim bu zəvallı könlümə,
Dağ çəksin zülm ilə rəhm ilə məlhəm çəkməsin.
Ey müsəvvir rəng ilə aludə etmə surətim,
Ki, qələm lövhümdə qəmdən qeyri görkəm çəkməsin.
Bir kişi olsa Muhəmməd aşiqi mümkün degil,
Gözləri mahi-Muhərrəmdə bir an nəm çəkməsin.
Çəkmə şahid intizarım al şəhadət camını,
Dövrdən şad ol ki, qəlbin bunca matəm çəkməsin.
Aşiqi-sadiq odur ki, saqidən çəksin əyaq,
Bərk dayansın ki, ayaq meyxanədən həm çəkməsin.
Kim Hüseynə (ə) aşiq olsa çəkməz o dünya qəmin,
Qəm çəkər ol kəs ki, qəm mahi-Muhərrəm çəkməsin.
Hər nə dərd olsa onun adıyla dərman eylərəm,
Yoxdu bir dərd ki, əlacın İsmi-Əzəm çəkməsin.
Çün Hüseyniməzhəbəm vardır ümidim həşrdə,
Ki, məni ağuşunə Nari-cəhənnəm çəkməsin.
Seyid Cəsur Nari (Şair)