22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Bu yerdi bacı eşqidə ecaz eləyən yer
22.01.2018

Bu yerdi bacı eşqidə ecaz eləyən yer
Kəbə yerinə həşrə kimi naz eləyən yer

Bir mədfən olar burda ki, üşşaqə məhəldi
Çün Tur, təcəlligahi-ənvari-əzəldi
Hər guşəsi minlərcə behiştdən də gözəldi
Zülfün bacı xoşdur ki, mənim xələtim olsun
Bir köhnə həsir ilə gərək ülfətim olsun

Başdan-başa bu yer qəmü-ənduh və nəvadı
Baxma o Fəratın səsinə ruhifəzadı
Burda su verilməz qonağa Kərbübəladı
Tiri-qəmü-möhnət dili-pakın böləcəkdir
Baxma o suya qardaşın ətşan öləcəkdir

Bu yerdi bacı göz yaşını qanə qatan yer
Cənnatə təfaxür eləyib, naz satan yer
Dilsiz balama ovçu yaxından ox atan yer
Ox Əsğəri güldürsə sireşgim tökərəm mən
Dilsiz balamın qanını ərşə səpərəm mən

Bir yerdi bacı halıma beytül-həzən ağlar
Mədfəndi mənə qəbrimə həsrət çəkən ağlar
Zəvvarım olar qəbrimin üstə gələn ağlar
Xuni-dili göz yaşıma hər dəm qataram mən
Bir qəbridə Əkbər balam ilə yataram mən

Gərdişdədi ta çərxi-fələk günbəzi-dəvvar
Olmaz elə bir qəbri görən ta ki, cahan var
Bir yerdə ata cüt balasıylan yatışıblar
Əkbər ayaq altında yatıb qəlbi şikəstə
Əsğər də yatıbdır atanın sinəsi üstə

Şah barmağı ilə bir tərəfə etdi işarə
Bir söz dedi Zeynəb dilinə saldı şərarə
Ordan bacı qızlar qaçacaq dəştü-kənarə
Alam və mühən zahir olub bəllidi Zeynəb
Gözlür yolunu, bax ora da təllidi Zeynəb

Qəm tirini öz qəlbinə daim saçacaqsan
Səy üstə Səfa eyləməyə yol açacaqsan
Qodalə tərəf sən bacı ordan qaçacaqsan
Gözdən tökəcəksən üzünə göz yaşını Zeynəb
Orda yıxacaqlar yerə qaradaşını Zeynəb

Gün batdı uşaqlar sözü dillərdə yatışdı
Yorğun balalar yol tozu tellərdə yatışdı
Yəsribdə qalıb evləri çöllərdə yatışdı
Əvvəl gecə yatmaqları çox qüssəli oldu
Qızlar yata çöldə bu gecə əvvəli oldu