22 Noyabr 2024 - 22
Həzrət Əbəlfəzin (ə) əhvalatı
Qələm Abbas adına başladı bu ünvanı
Lütfü olsa yazaram öz qədərim imkanı
Ağam Abbasın uca qamətinə can qurban
Canını verdi vəli qoymadı tək cananı
Heydərin Babül-həvaic balası, şir oğlu
Kaşiful-kərbidi bu mülkü vəfa sultanı
Çox çətin müşkülüm olsa ətəyindən tutaram
Səndə tut nazlı Rüqəyyə yapışan damanı
Nəfəsi el dayağıdı, özü ləşgər qabağı
Odu eylərdi dua Zeynəb o məh simanı
Hey deyərdi səni çox görməsin Allah bacına
Kimi var Zeynəbin ey gözlərinin qurbanı
Hər zaman bacısı istərdi öpə surətini
Müxtəsər qəddin əyərdi o şücaət kanı
Çoxları Həmzəni vurmışla şücaətdə məsəl
Rəhmətullah ki, yari eylədi Tahani
O Rəsulullaha Həmzəydi əgər dəvadə
Bu Hüseyn Həmzəsidi canı-cəhanın canı
Kərbəlada ağamın hər əli bir Həmzəydi
Odu illər boyu dillərdə qalıb dastanı
İndi bir möhnəti var ərz edirəm Yəbnəl-Həsən
Məni əfv eylə çətindir bilirəm ünvanı
Üç pər ox bir nigəran göz, nə sipər var, nə əli
Göz evindən necə xaric eləsin peykanı
Dizlərin qozadı tutdu oxu bir verdi təkan
Çıxmağı müşkül idi parçalanıbdı alnı
Nəql edillər Nəcəfə sarı dolandırdı üzün
Bir təvəssül elədi Heydərə, Səqqa ani
Babası etdi nəzər çəkdi oxu atdı yerə
Taqətin kəsdi vəli bu əməli şayani
Uca qamət atın üstdə görə bilmir gələni
Yetişən vurdu at üstə o yəli-heycanı
Bu qədər ərz edə billəm ki, fəqət səs eşidir
Hər yana döndü vurublar o mələk simanı
Bilmirəm neyləmişdi çox acıqlıydı qoşun
Saldılar ortaya səqqayi-şəhi-xubani
Ox atanlar irəli gəldi yığışdı qabağa
Zeynəbin yıxdı evin, tar elədi dünyani
O qədər yarə dəyib çıxdı bədən mizandan
Dağılıbdır o keşidə bədənin ərkani
Yenə hər cür yaralansaydı gedərdi hərəmə
Görə bir də gözü yollarda qalan tiflanı
Yenə üzr istəyirəm Yəbnəl-Həsən bu sözümə
Bilirəm qəlbi-şərifindən alır yaranı
Bir açıq başın əmud ilə məgər nisbəti var
Necə mən şərh eleyim bu mühəni-üzmanı
Atın üstən onu toprağa əmud oldu yıxan
Bürüdü qırmızı qan mahi cəhan aranı
Gərçi atdan yerə düşdü vəli qurtulmadı iş
Ayrı bir dərdə düşüb Fatimənin mehmanı
Həlqeyi-bəndi-rikabə ayağı bənd oldu
Sürünüb topraqın üstündə rüxi-rəxşanı
O qədər Ali-Əlidən birini səsləmədi
Dil tuta-tutmaya səsləndi xanım Zəhranı
Atın üstən yıxılanda çağırıb ya Zəhra
Başı üstündə görüb Fatimeyi-üzranı
Xanımı gördü ürəkləndi bir az ağladılar
Soradan ərzə verib möhnəti bipayanı
Dedi gəl yaxşı gəlibsən ana qurbanın olum
Əcəba yad elədin sən bu bəla gərdanı
Kimdi Səd oğlu dönüb xeymələrə çəp baxsın
And ola haqqına nəslin kəsərəm mən ani
Öz gözüm çıxdı yadımdan gözünü gördüm ana
Güya ki, vurdular birdən başıma dünyanı
Ölməsəm də məni bu qanlı gözün öldürəcək
Yanıram ruhuma əzbəski salıb tufanı
Elə bir vəxtə gəlibsən nə gözüm var, nə əlim
Acizəm neyləyə billəm daxi bu ədani
Müxtəsər bəzi sözü Ümmü-Bənin nəql eləyib
Açmamışdı vəli bu həddə kimi cəryani
Mən eşitdim küçədə bir Həsən imiş, bir özün
Bəs hayandaydı babam ol Əli İmrani
Suyu almışdım ana məşkimə bir ox dəydi
Mənə məşk ağladı, mən məkkə o dəm pünhani
Bu gecə nazlı Rüqəyyə məni çox ağlatdı
Küsmüş idi dilə tutdum o gülü-zibanı
Məni gözdən bu gecə qoymadı ta sübhə kimi
Hey gedib gəldi danışdırdı bəhri-ünvanı
Göz yaşın xeymədə sildim üzümə baxdı dedim
Getmərəm qorxma bala heç yerə Əkbər canı
Nigəran olma qızım get bu gecə rahat yat
Xeyr edə Allah özü kari-şəbi-fərdanı
Get Rübabın yanına, Əsğərə bir lay-lay de
Mən varam gəşt edirəm sübhə kimi səhranı
Bu gecə müştəriyəm Əsğərə lay-lay çalasan
Qonağındır bu gecə teşnə quzu qurbanı
Anacan lütf elə təşrifin apar xeymələrə
Ram elə bir-bir orada mələşən tiflanı
Əvəzimdə balalardan sən özün üzr istə
Teşnə ləb qızlarına ver sonra bu elanı
Denən Abbas əmizi gözləmiyin gəlmiyəcək
Su kənarında yıxıblar yaralı aslanı
İstəsən xeymələrə qollarımı şahid apar
Hamı görsün ki, salıblar nə hala Səqqanı
Olmasa zəhmət apar pərçəmi ver sahibinə
Verəcək Zeynəbə şayəd ələmi Quranı
Sadiqin ömrünə sərmayədi Beytül-əhzan
Yayılıb gün kimi aləmlərə ad-sanı