22 Noyabr 2024 - 22
Xətmi Peyğəmbərə Quranda gəlib böylə nida
Mən sudan xəlq elədim aləmi söylibdi Xuda
Ol səbəbdəndi ki, su tinədidir dünyanın
Ta əzəldən bu yana zinətidir dünyanın
Rəngi yox, hiyləsi yox, yəni ki, mütləq, şəffaf
Ona bir rəngi qatarsansa əgər oldu müzaf
Sudu Fironu edən qərq, qılan qətli həyat
Su verib həzrət Musaya çətin anda nicat
Son qoyur gahi görürsən elə bir müşkülə su
Gahi yandırmaq ilə döndərib qəlbi külə su
Elə varlıqdı ki su kim onu idrak eliyər
Mənəviyyatını cisminnən əzəl pak eliyər
Necə dünyada su tək pak eliyən zat vardır
Əhli-Beytdə bəşərə paklıq üçün meyardır
Cismi su pak eliyir, Əhli-Beytsə canı
Yalnız onlardır edən cismi cani nurani
Suyun haqqında bunu söyləsəm ancaq bəs edir
Həzrəti Fatimənin dəhridə mehriyyəsidir
Dağda, çaylarda, dənizlərdə gəlibdir dilə su
Bu fəxarətdən elə coşmadadır fəxrilə su
Su cəmadatdı dili yoxdu ki, desin səninəm
Kimə dostam diyə yaxud da deyə düşməninəm
Bir axar su qabağın kəssən o əlbət duracaq
Qəlbin olsa duyacaqsan ki, nə cür qışqıracaq
"Haqqımı zay eləmə, gəl məni çatdır yiyəmə"
Nəhri əlqəm o zaman batmış idi böylə qəmə
Su kənarında susundan yananın halına bax
Su qabağın kəsib həqqi dananın halına bax
Nə oleydi kimə aiddisə həqqin bilə su
Az qalıb zülmün əlindən belə qalxsın zilə su
Bu sudan xəlq olunan dəhr özü viran qalsın
Az qalıb çəxri-fələk bu işə heyran qalsın
Fikr elə bir su ki məhriyyəyi Zəhra olsun
Gül tək övladları amma ki ətəşdən solsun
Bir kiçik qız baxır həsrətlə səqqaya tərəf
Utanır baxmayır Abbas Rüqəyyaya tərəf
Çün başı nizədədir ox da vurublar gözünə
Utanır ondan ötrü ki, əməl etməyib sözünə
Yetirə bilməyib ətəşdən quruyan bir gülə su
Halbuki bəs edərdi o gülə bir gilə su
Xeymələrdən gələn əfqanə Əbəlfəz dözməz
Sudan ötrü batar al qanə Əbəlfəz dözməz
Razıdır qəsdinə şəmşir ilə hamı duralar
Kəsələr qollarını, həm gözünə ox vuralar
Məşqi ağzında tutar amma gələr əslində
Ona yox məşqinə ox dəysə ölər əslində
Necə bir qeyrətə malikdir o mövla görəsən
Yetişən vəxti suya neynədi səqqa görəsən
Doldurub ovcunu suyla gətiribdir ələ su
Baxdı bir xeyli suya vurmadı amma dilə su
Bu necə zülmdü ya Rəbb, nə müsibətdir bu?
Altı aylıq Əli-Əsğərdən ötrü yoxdur su?!
Axıri mənzilidir şahi şəhidan qucağı
Çat-çat olmuş ətəşindən quruyub dil-dodağı
İsti səhra və susuz körpə ola haləti yox
Ağlamır, ağlamağa canda belə taqəti yox
Körpə oxlandı və az ömrü yetişdi tamama
Diksinib açdı gözün sanki deyirdi imama:
"Daha su istəmirəm qanə dönəydi belə su
Məni qaytar anama verdi mənə Hərmələ su"
Zülm olunmuş o kəsə, kim ki həqin talibidir
Su verilmib o kəsə kim ki suyun sahibidir
Yari ənsarini həqq uğruna qurban verdi
Özü canani yolunda elə bir can verdi
Hələ tarix gözü görməyib belə bir qurbani
Hələ çərxin özü görmibdi belə qurbanı
Canını verdi fəda şahi şəhidan o zaman
Ta bu qəflətdə yatan ümmətə əmr etti, oyan!
Kərbəladan coşa dünyaya sala vəlvələ su
Kimsənin bəlkə yana qəlbi, gözündən gələ su
Bu nahaq qanlar İlahi qalacaqmı yerdə?
Nə zaman çəkilər haqqın üzündən bəs pərdə?
Gözləri yolda qalanlar nə qədər gözləycək?
Daha qeyrətli olanlar nə təhər gözləyəcək?
Yenə bu ümmət o zalimliyə biganə qalır
Yox ədalətdən əsər həqq yenə əfsanə qalır
Yan keçib daş yenə mənnən dəyəcək qardaşıma
Nə rəvadır sevinim mənsə səlamət başıma
Azəra ağlayaraq qəlbivə daim çilə su
Ora düşmüş ləkəni bəlkə bu yolla silə su
Axund Azər Sani