22 Noyabr 2024 - 22
Ya Hüseyn! Dilimin müqəddəs söhbəti-sözü
Könül şüarımsan Ya İmam Hüseyn!
Qəlbimin, ruhumun, eşqimin közü
Əsmari yarımsan Ya İmam Hüseyn!
Qurbanam rəhminə, şücaətinə
Yetmişikilərin məhəbbətinə
Asiman mat qalıb cəsarətinə
Sonsuz ənsarımsan Ya İmam Hüseyn!
Geyinib əyninə qan rəngli kəfən
Ölümün gözünə düz baxanım sən
Kərbəla çölündə solsa da çöhrən
Solmaz baharımsan Ya İmam Hüseyn!
Baban peyğəmbərin yolu haqq yolu
Bu yolda kəsildi Abbasın qolu
Düşmənin önündə əyilməz ulu
Sınmaz vüqarımsan Ya İmam Hüseyn!
İslam dünyasının sinəsi dağlı
Hər malın məhərrəm ayına bağlı
Həqiqət ünvanlı, ziya soraqlı
Daim gülzarımsan Ya İmam Hüseyn!
Ölümün dirilik gətirdi sənə
Lənətlər oxundu şümrü-ləinə
Qaraya büründü Məkkə, Mədinə
Çün tüccarımsan Ya İmam Hüseyn!
Fikrin qabiliyyət astanasında
Öldü Əli Əkbər toy libasında
Mələklər ağladı Qasım yasında
Əziz qəmxarımsan Ya İmam Hüseyn!
Ziyarətgah oldu müqəddəs türbən
Zəvvarlar güc aldı səxavətindən
Beş ali əbanın sonuncusu sən
Öz havadarımsan Ya İmam Hüseyn!
Bəşər övladına taleyin bəlli
Zülmətləri yaran əli məşəlli
İndi göz yaşıdır bizə təsəlli
Dərdə düçarımsan Ya İmam Hüseyn!
Möminlər qan ağlar müsibətinə
Bəlkə nəsib ola bir rəhmətinə
Sənə məhəbbətim bəs edər mənə
Dövlətim, varımsan Ya İmam Hüseyn!