21 Noyabr 2024 - 21
Beş gün artıq yaşamaqçün...
Gəl-gəl eşidəndə, dostum,
parçalanır ürəyim,
Yada sal kufəlilərin
tələs, dur gəl deməyin.
Bəli, məktublar selləndi
Mədinənin yolunda.
Çox keçmədi bir nəfər də
dayanmadı dalında.
Bir əl uzandı beyətə,
bir əl hazır cilovda.
Çap, beş gün də artıq yaşa,
İmam qalsın alovda!!
Gəl-gəllərə, bəh-bəhlərə
nə maraq var, nə dözüm.
Mən də varam deyənlərin
doğru görmədik sözün.
Başlarında bir gün Yezid,
bir gün İmam havası.
Kərbəlada İmamını
tək qoyanlar dünyası!
Dünyanın zühur duası
çatır Xilaskara da.
Xilaskar görür milyondan
biri safdı arada.
Allah, o milyondan biri
olmağın sirri nədi?
Nədən oruc-namazımız
beş qəpiyə dəymədi?
Yoxsa elgözünə işdən
mələklər də dəng olub?
Bəh-bəh üçün yaşamışıq,
hər işimiz rəng olub!
Bir əl uzanıb beyətə,
bir əlimiz cilovda.
Beş gün artıq yaşamaqçün
vicdanımız alovda!
Arzu Eyvazov (Aran)
qelemchi@gmail.com